Ordu.az xəbər verir ki, bu barədə İrəvanda Fransa prezidenti Emmanuel Makron bəyan edib.
Makron bildirib ki, bugünkü nailiyyətlər son illərdə göstərilən cəsarətin nəticəsidir və bu, Ermənistan üçün yeni imkanlar yaradır.
“Bugünkü nailiyyətlər son illərdə göstərilən cəsarət sayəsində mümkün oldu. Bu, Ermənistan qarşısında yeni imkanlar açır”, - deyə o qeyd edib.
Fransa lideri vurğulayıb ki, “Ermənistanın anı” daha geniş regional prosesə çevrilməlidir.
“Mən istərdim ki, “Ermənistanın anı” bütün Qafqazın anına çevrilsin. Mənim iki əminliyim var: birincisi, Cənubi Qafqaz imperiyaların rəqabət meydanı olmamalıdır, ikincisi isə region Avropa, Asiya və Yaxın Şərq arasında körpüyə çevrilə bilər”, - deyə Makron bildirib.
Onun sözlərinə görə, bunun üçün əsas şərt sərhədlərin açılmasıdır.
“Bunun üçün sərhədlər açılmalıdır. Ümid edirəm ki, qonşular da sizin kimi cəsarət göstərəcək və sülh, demokratiya və rifah yolunu seçəcəklər. Sərhədlər tam açılmalıdır, o cümlədən Azərbaycan və Türkiyə ilə, eləcə də Gürcüstanla məhdudiyyətsiz fəaliyyət göstərməlidir”, - deyə Fransa prezidenti vurğulayıb.
Makron həmçinin Hrant Dinkin sözlərinə istinad edərək xalqlar arasında baryerlərin aradan qaldırılmasının vacibliyini qeyd edib.
“Hrant Dinkin dediyi kimi, yaxın xalqları uzaq qonşulara çevirən baryerləri dağıtmaq lazımdır”, - deyə o bildirib.
Fransa lideri normallaşma istiqamətində atılan ilk addımları da alqışlayıb.
“Biz Ermənistan və Azərbaycan arasında ticarət məhdudiyyətlərinin aradan qaldırılmasına yönəlmiş addımları, eləcə də humanitar məqsədlərlə Ermənistan və Türkiyə arasında sərhədin qismən açılmasını alqışlayırıq. Lakin bu yalnız başlanğıcdır: sərhədlər tam açılmalıdır”, - deyə o qeyd edib.
Makron vurğulayıb ki, Fransa Ermənistanı dəstəkləməyə davam edəcək.
“Fransa Ermənistanın səylərini dəstəkləyir və onun yanında olacaq. Ermənistan bütün regionda sülhün bərqərar olması üçün zəmin yaradır”, - deyə o bildirib.
Eyni zamanda o, təhlükəsizlik məsələlərinə yanaşmanın dəyişdiyini qeyd edib.
“Uzun müddət hesab olunurdu ki, Ermənistanın təhlükəsizliyi yalnız Rusiyanın himayəsi altında mümkündür. 2020-ci il müharibəsi, sizin yaşadıqlarınız və ailələrin keçdiyi faciələr göstərdi ki, bu, bir çoxlarının düşündüyü kimi himayə deyildi. Biz gördük ki, Rusiya Ermənistanı tərk etdi və anladıq ki, bu gözləntilər reallığa uyğun deyil. Ermənistan sübut etdi ki, başqa yol da mümkündür: demokratik, müstəqil və xarici hökmranlıqdan kənar inkişaf yolu”, - deyə Fransa prezidenti bildirib.
“Mən əminəm ki, bütün region bu nümunəni izləməlidir”, - deyə Makron sözlərini yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az