Ordu.az xəbər verir ki, açılış mərasimində Türkiyə Müdafiə Sənayesi Komitəsinin rəhbəri professor doktor Haluk Görgün iştirakçılara müraciət edib.
Görgün bildirib: “Hörmətli nazirlərim,
“SAHA İstanbul”un dəyərli sədri və rəhbərliyi,
Dost və müttəfiq ölkələrdən gəlmiş hörmətli nümayəndə heyətləri,
Sektorumuzun dəyərli nümayəndələri,
Hörmətli iştirakçılar,
Dəyərli media nümayəndələri,
Sizi hörmət və səmimiyyətlə salamlayıram.
Bu möhtəşəm mənzərənin bir hissəsi olaraq sizinlə birlikdə olmaqdan böyük məmnunluq duyuram.
Qlobal brendə çevrilmiş “SAHA İstanbul”un “Texnologiyaya hökm et, gələcəyi formalaşdır” şüarı ilə təşkil etdiyi SAHA 2026 sərgisinin ölkəmizə, dost və müttəfiq ölkələrə, sektorumuza və bütün iştirakçılara xeyir gətirməsini arzulayıram.
Sərginin təşkilində əməyi keçən Müdafiə Sənayesi Komitəsindəki həmkarlarıma, “SAHA İstanbul”a və bütün tərəfdaş qurumlara təşəkkür edirəm. Məhsulları, texnologiyaları və imkanları ilə sərgidə iştirak edən bütün şirkətləri təbrik edirəm. Dünyanın müxtəlif guşələrindən gözəl İstanbulumuza gələn bütün qonaqlara “xoş gəlmisiniz” deyirəm.
Hörmətli qonaqlar,
SAHA 2026 yalnız sərgi deyil, müdafiə, aviasiya və kosmos ekosistemimizin çatdığı səviyyəni göstərən strateji görüş nöqtəsidir. 2018-ci ildə kiçik bir sahədə başlayan bu yol bu gün qlobal miqyasda böyük maraqla izlənilən tədbirə çevrilib. Stend sahəsi hər təşkilatda 50% artaraq bu gün 120 min kvadratmetrə çatıb.
Bu uğur Türkiyənin təxminən dörddə bir əsr əvvəl başladığı inkişaf yolunun nəticəsidir. Bu uğurun arxasında prezident cənab Rəcəb Tayyib Ərdoğanın ortaya qoyduğu iradə, strategiya, baxış və zəhmət dayanır. Lakin biz bu nəticəni kifayət hesab etmirik. Qarşımızda inkişaf etdirməli olduğumuz yeni nəsil imkanlar var”.
Görgün qeyd edib ki, kvant texnologiyaları, sensorlar, məlumat şəbəkələri, peyk sistemləri, kiber imkanlar, avtonom qabiliyyətlər, süni zəka tətbiqləri, radioelektron mübarizə dayanıqlılığı və sistem inteqrasiyası gələcəyi müəyyən edən sahələrdir.
“Bu çərçivədə Milli Səriştə Hərəkatını çox önəmli hesab edirik. Davamlı uğur insan resursları, mühəndislik gücü, istehsal intizamı və keyfiyyət mədəniyyəti ilə mümkündür. Bir sistemi layihələndirmək qədər onu sınaqdan keçirmək də vacibdir. İstehsal etmək qədər sahədə dəstəkləmək, sertifikatlaşdırmaq qədər davamlı inkişaf etdirmək də önəmlidir.
Müdafiə Sənayesi Komitəsi olaraq bu zəncirin hər bir halqasını gücləndirmək üçün çalışırıq. Bu yanaşma bizi bütün tərəfdaşları bir məqsəd ətrafında birləşdirən ekosistem qurmağa gətirib çıxarıb.
Hörmətli qonaqlar,
Müdafiə sənayemizin gücü yalnız böyük əsas podratçılarla ölçülmür. Alt podratçıların, KOBİ-lərin, texnopark şirkətlərinin və tədqiqat mərkəzlərinin rolu çox vacibdir. Universitetlərin bilik bazası və gənc təşəbbüslərin dinamizmi bu ekosistemin gələcəyini müəyyən edir. Biz texnoloji startapların böyük layihələrə inteqrasiyasını dəstəkləyirik. Universitet-sənaye əməkdaşlığının daha konkret nəticələr verməsinə şərait yaradırıq. SAHA EXPO bu baxımdan çox önəmli platformadır.
Burada əsas podratçılar yeni təchizatçılarla tanış olacaq, KOBİ-lər qlobal şirkətlərlə əlaqə quracaq. Gənc təşəbbüslər investorlarla görüşəcək. Dost və müttəfiq ölkələrlə ortaq istehsal və texnologiya inkişafı modelləri müzakirə ediləcək. SAHA 2026 geniş proqramı ilə də seçilir. Sərgi ərzində məhsul təqdimatları, imza mərasimləri, B2B, G2B və G2G görüşlər keçiriləcək”, - deyə o bildirib.
Türkiyə Müdafiə Sənayesi Komitəsinin rəhbəri deyib ki, panel və tədbirlərdə gələcəyin texnologiyaları müzakirə olunacaq.
“Beləliklə, SAHA 2026 çoxşaxəli texnologiya və əməkdaşlıq platformasıdır.
Hörmətli iştirakçılar,
Bu geniş struktur bizə beynəlxalq səviyyədə yeni məsuliyyətlər yükləyir. Türkiyənin yanaşması aydındır. Biz gücümüzü xaosa deyil, sabitliyə xidmət etdiririk. Texnologiyanı gərginlik vasitəsi deyil, sülh və təhlükəsizlik vasitəsi kimi görürük. Bu yanaşma ilə son 12 ayda 185 ölkəyə 10,5 milyard dollar həcmində müdafiə və aviasiya ixracı həyata keçirmişik. Yaxın zamanda 11 milyard dolları keçərək Türkiyəni bu sahədə ilk 10 ölkə sırasına daxil etməyi hədəfləyirik.
Bu məqsədə çatacağımıza inanırıq. Çünki artıq yalnız hədəf qoyan deyil, həmin hədəflərə çatan bir Türkiyə var. Öz mühəndisinə güvənən bir Türkiyə var. Öz sənayeçisini dəstəkləyən bir Türkiyə var. Gənclərinin xəyallarına sərmayə qoyan bir Türkiyə var. Öz texnologiyasını yaradan və dünyaya təqdim edən bir Türkiyə var. SAHA 2026 bu Türkiyənin ən güclü təqdimat platformalarından biridir.
Müdafiə sənayesinin bu səviyyəyə çatmasında ən böyük pay prezident Rəcəb Tayyib Ərdoğana məxsusdur. Bu münasibətlə ona təşəkkür edirəm. Qarşıdakı dövrdə məqsədlərimiz aydındır. Kritik texnologiyalarda xarici asılılığı sıfırlayacağıq. İxracı davamlı artıracağıq. Şirkətlərimizin qlobal rəqabət gücünü yüksəldəcəyik. Dövlət, sənaye və akademiya arasında əməkdaşlığı gücləndirəcəyik. Əsas podratçı ilə KOBİ-lər arasındakı əlaqələri daha səmərəli edəcəyik.
İnsan resurslarımızı texnoloji hədəflərə uyğun inkişaf etdirəcəyik. Bu hədəflərə çatmaq üçün dost və müttəfiq ölkələrlə əməkdaşlıq çox vacibdir.
Hörmətli qonaqlar,
Dost və müttəfiq ölkələrdən gələn nazirlərə, nümayəndə heyətlərinə və sektor nümayəndələrinə xüsusi müraciət etmək istəyirəm. Türkiyə müdafiə sənayesində etibarlı və uzunmüddətli tərəfdaşdır. Bizim əməkdaşlıq anlayışımız yalnız məhsul satışı ilə məhdudlaşmır. Biz ortaq düşüncə və ortaq istehsala əsaslanan yanaşmanı dəstəkləyirik”, - deyə o qeyd edib.
Görgün vurğulayıb ki, bu model birlikdə inkişaf, birlikdə istehsal və qarşılıqlı fayda prinsipinə əsaslanır:
“Türkiyə müdafiə sənayesi şirkətləri dünyanın müxtəlif bölgələrində yalnız məhsulları ilə deyil, mühəndislik, inteqrasiya, texniki xidmət və təlim imkanları ilə də dəyər yaradır. Biz bu potensialı daha güclü tərəfdaşlıqlara çevirməyə hazırıq. Hər ölkənin ehtiyaclarına uyğun çevik modellər hazırlaya bilərik.
Tək tərəfli asılılıqlar deyil, ədalətli və davamlı tərəfdaşlıqlar qurmaq istəyirik. Çağırışımız aydındır: Gəlin müdafiə sənayesində yalnız alqı-satqı münasibətlərindən kənara çıxaq. Gəlin etimada əsaslanan uzunmüddətli əməkdaşlıqlar quraq. Gəlin gələcəyin təhlükəsizlik problemlərinə birlikdə həll tapaq. Bu yanaşma NATO müttəfiqləri ilə münasibətlərimiz üçün də vacibdir. Gələn iyul ayında ölkəmizdə keçiriləcək NATO Zirvəsi və Müdafiə Sənayesi Forumu bu baxımdan mühüm platforma olacaq.
Bu forum NATO tarixində ən böyük tədbir olacaq. Biz bunu strateji imkan kimi qiymətləndiririk. SAHA 2026-da qurulan əlaqələrin bu prosesə böyük töhfə verəcəyinə inanırıq. Burada atılan hər addım kollektiv təhlükəsizliyə xidmət edəcək.
Hörmətli qonaqlar,
Bu düşüncələrlə SAHA 2026-nın yeni layihələrin başladığı, yeni əməkdaşlıqların qurulduğu və yeni ixrac imkanlarının yarandığı tədbir olmasını arzulayıram. Bu tədbirin müdafiə sənayesinin gələcəyinə töhfə verəcəyinə inanıram. Təşkilatda əməyi olan” SAHA İstanbul” və Müdafiə Sənayesi Komitəsi başda olmaqla bütün tərəfdaşlara təşəkkür edirəm.
Sərgidə iştirak edən bütün şirkətləri, mühəndisləri və əməkdaşları təbrik edirəm. SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmos Sənayesi Sərgisinin ölkəmiz, sektor və bütün tərəfdaşlar üçün uğurlu olmasını arzulayıram, hamınızı hörmətlə salamlayıram”.
Sevinc Əliyeva
Ordu.az