SAHA 2026-da Haluk Bayraktar iştirakçılara müraciət edib - ƏTRAFLI

2026/05/1777978920.jpg
Oxunub: 342     14:59     05 May 2026    
Türkiyənin və Avropanın ən böyük müdafiə, aviasiya və kosmos sənayesi klasteri olan “SAHA İstanbul” tərəfindən İstanbul Sərgi Mərkəzində təşkil olunan SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmos Sənayesi Sərgisi başlayıb.

Ordu.az xəbər verir ki, açılış mərasimində “SAHA İstanbul” İdarə Heyətinin sədri Haluk Bayraktar iştirakçılara müraciət edib.

Bayraktar bildirib: “Cənab milli müdafiə nazirimiz, cənab sənaye və texnologiya nazirimiz, cənab Müdafiə Sənayesi Komitəsi rəhbərimiz, hörmətli qonaqlar və sektorumuzun dəyərli iştirakçıları,

Qlobal qeyri-müəyyənliklərin artdığı bu dövrdə ortaq ağlın texnologiya ilə birləşdiyi məkan olan SAHA 2026 çərçivəsində sizi qarşılamaqdan qürur duyuruq.

Xoş gəlmisiniz.

Hörmətli qonaqlar, bu gün biz yalnız bir sərginin açılışını etmirik. Biz düşüncə inqilabından və qlobal ekosistemin yeni tənzimlənməsindən danışırıq. Dünya ticarət müharibələrindən texnoloji suverenlik mübarizəsinə keçdiyi kritik bir mərhələdədir.

Ölkəmiz və dostlarımız bu mərhələdə varoluş mübarizəsi aparır. Biz də SAHA 2026-da gələcəyin texnologiya ilə necə formalaşacağını birlikdə nümayiş etdiririk. Dünya uzun müddətdir alışdığı sərbəst ticarət illüziyası ilə kəskin şəkildə vidalaşır. “Gömrük müharibələri” və “proteksionizm” artıq sadəcə iqtisadi anlayışlar deyil, qlobal güc mübarizəsinin yeni cəbhələridir.

Geosiyasi gərginliklər, Hörmüz boğazı kimi strateji keçidlərdə yaranan problemlər və enerji qiymətlərindəki dalğalanmalar sənaye təchizatının nə qədər həssas olduğunu göstərdi. Belə bir dövrdə milli istehsal gücü artıq yalnız iqtisadi seçim deyil, dövlətlərin mövcudluğu üçün həyati “dayanıqlılıq sınağıdır”.

Gələcəyin texnologiyaları nadir torpaq elementlərinin təchizat təhlükəsizliyi ilə birbaşa bağlıdır. Təchizatın geosiyasi silah kimi istifadə edildiyi bu dövrdə resursların şaxələndirilməsi və texnoloji müstəqillik milli təhlükəsizliyin əsas dayaqlarından birinə çevrilib”.

O qeyd edib ki, müharibənin xarakteri radikal şəkildə dəyişir.

“Ukraynada gördüyümüz vəziyyət göstərir ki, müasir müharibə texnologiya və sənaye istehsal gücünün cəmi kimi formalaşır. Son dövrlərdə xüsusilə pilotsuz platformalar və pilotsuz uçuş aparatlarının istifadəsi ənənəvi müharibənin mərkəzinə çevrilib. Döyüş meydanında pilotsuz uçuş aparatlarının istifadəsinin 127 dəfə artması hərbi doktrinaların artıq avtonom sistemlər üzərində yenidən qurulduğunu göstərir.

Türkiyə bu dəyişimin yalnız şahidi deyil, həm də öncüllərindən biridir. Dünya Soyuq müharibədən sonra arxa plana keçən nüvə çəkindirmə müzakirələrini yenidən gündəmə gətirib. Qlobal müdafiə xərcləri 2,9 trilyon dollarla rekord səviyyəyə çatıb. İllik 8,1% artım tempi müdafiənin artıq “xərc” deyil, həyati “təhlükəsizlik təminatı” kimi qəbul edildiyini göstərir. Bu xərclərin 73%-i cəmi 10 ölkə tərəfindən həyata keçirilir.

Lakin ölkəmiz 14%-lik artım tempi və strateji potensialı ilə getdikcə daha çox təsir gücünə malik istehsalçıya çevrilir. Avropada müdafiə xərclərinin 116% artması “strateji muxtariyyət” axtarışının göstəricisidir. Müdafiə tələbi artıq coğrafi sərhədləri aşır. Bu nöqtədə biz yalnız məhsul ixrac etmir, eyni zamanda etimad və strateji tərəfdaşlıq qururuq. Süni zəka artıq gələcəyin vədi deyil, döyüş meydanında ən təsirli qüvvələrdən biridir”, - deyə Bayraktar bildirib.

O vurğulayıb ki, bəzi şirkətlərin qısa müddətdə 140%-dən çox böyüməsi təsadüfi deyil.

“Bu texnologiya yanlış istifadə edildikdə dövlətlərin və orduların qərarvermə mexanizmlərinə təsir edən güclü alətə çevrilə bilər. Diqqətli olmalıyıq. Bu prosesin bizi qlobal texnoloji asılılığa sürükləməsinə imkan verə bilmərik. Çünki alqoritmi və məlumatı başqasına məxsus olan sistemdə tam müstəqillikdən danışmaq mümkün deyil.

Bütün bu proseslər insan kapitalından tutmuş elmi-tədqiqatlara və maliyyəyə qədər uzanan geniş bir dəyər zənciridir. Bu zəncirin ən güclü halqası isə ixtisaslı insan resursudur. Milli Texnologiya Hərəkatının ən böyük uğuru gənclərə öz ölkəsində gələcək qurmaq imkanı verməsidir. Müasir müdafiə doktrinası artıq daha çevik, aşağı xərcli və sürətli istehsal modellərinə keçidi tələb edir.

Təhlükələrin artdığı bu dövrdə müdafiə xərclərinin ÜDM-də payı artırılır. 36 milyard dollardan artıq büdcədə idxal payı azalır. 2000-ci illərin əvvəlində 20% olan yerlilik səviyyəsi bu gün 83%-ə çatıb. İxrac göstəriciləri də hər il artır. 2026-cı il üçün 13 milyard dollar ixrac hədəfi qoyulub. Biz yerliliyi yalnız faizlərlə ölçmürük, bu, tam müstəqilliyin göstəricisidir.

Dizaynı və alqoritmi bizə məxsus olmayan texnologiyalar bizi asılı vəziyyətə sala bilər. 2025-ci ildə 10 milyard dollarlıq ixrac həddini keçdik. Müdafiə sənayesində idxalın azalması real müstəqillik strategiyasının göstəricisidir. Artıq sadə komponentlər deyil, yüksək texnologiyalı sistemlər ixrac edən ölkəyə çevrilmişik.

Pilotsuz uçuş aparatlarından döyüş gəmilərinə qədər geniş məhsul spektri texnoloji gücümüzü göstərir. Müdafiə sənayesi artıq yalnız təhlükəsizlik deyil, sənaye inkişafının əsas lokomotividir. 185 ölkəyə ixrac edilən məhsullar bunun sübutudur. Bu gün 1300-dən çox şirkət, 30 universitet və 49 şəhərdə fəaliyyət göstərən şəbəkə ilə böyük bir ekosistem formalaşdırmışıq.

400 min kvadratmetrdən çox ərazini əhatə edən SAHA 2026 yalnız sərgi deyil, texnoloji ideyaların mərkəzidir. 120-dən çox ölkədən 263 beynəlxalq şirkət burada iştirak edir. Bu ekosistem ortaq düşüncənin məhsuludur. 1700-dən çox iştirakçı və 150 mindən çox ziyarətçi ilə rekord gözləyirik. SAHA artıq qlobal brendə çevrilib. 14,3 milyard dollarlıq layihə həcmi və 8 milyard dollardan artıq ixrac gücü bu sistemin effektivliyini göstərir.

200-ə yaxın müqavilə və 30 mindən çox iş görüşməsi planlaşdırılır. FPV pilotsuz uçuş aparatları və insansız yer platformaları üzrə sahələr xüsusi diqqət çəkəcək. 76 ölkədən 192 rəsmi nümayəndə heyəti burada iştirak edir. SAHA 2026 çərçivəsində 8 milyard dollarlıq strateji iş həcmi formalaşıb. Bu gəlirlər milli gələcəyə yatırılacaq. 81 vilayətdə pilotsuz uçuş aparatlarının istehsal və təlim mərkəzləri yaradılacaq. Məqsəd yalnız texnologiya yaratmaq deyil, onu inkişaf etdirəcək nəsil yetişdirməkdir.

Artıq hədəfimiz yalnız yer deyil, kosmosdur. Türkiyənin Milli Kosmos Proqramına dəstəyimizi davam etdirəcəyik. Dünya böyük texnoloji dəyişiklik mərhələsindədir. Bu proseslərə Türkiyə illər əvvəl hazırlaşıb. Bu uğurların arxasında böyük zəhmət və fədakarlıq dayanır. Bu gün yaxşı nöqtədəyik, lakin qarşıda görüləcək çox iş var. Artıq texnologiyanın bütün sahələrində tam müstəqillik üçün səfərbərlik zamanıdır”, - deyə Bayraktar vurğulayıb.

“SAHA İstanbul” İdarə Heyətinin sədri deyib ki, Milli Texnologiya Hərəkatı yalnız sənaye layihəsi deyil, insan mərkəzli yanaşmadır: “Bu yol ölkənin gücünü, ümidini və gələcəyini ifadə edir. Birlikdə uğur qazandıq və daha böyük uğurlara davam edəcəyik. Bu böyük tədbirdə əməyi olan hər kəsə təşəkkür edirəm. Hamınızı hörmətlə salamlayıram”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SAHA-2026   Bayraktar  


Bizi "telegram"da izləyin