SAHA 2026 ziyarətçilər üçün qapılarını açıb

2026/05/1777978502.jpg
Oxunub: 443     14:48     05 May 2026    
“SAHA İstanbul” təşkilatının rəhbərliyi ilə İstanbul Sərgi Mərkəzində keçirilən SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmos Sənayesi Sərgisi fəaliyyətə başlayıb.

Ordu.az xəbər verir ki, ümumilikdə 400 min kvadratmetr ərazidə təşkil olunan sərgi indiyədək keçirilən ən böyük tədbirlərdən biridir.

120-dən çox ölkədən 1700-dən artıq şirkətin və 30 mindən çox sənaye nümayəndəsinin iştirak etdiyi tədbirdə 263 şirkət beynəlxalq iştirakçıdır. Sərgidə 203 yeni məhsul təqdim olunacaq və 164 imza mərasimi keçiriləcək.

2024-cü ildə əldə edilən 6,2 milyard dollarlıq ixrac müqavilələrinin bu il ən azı 8 milyard dollara çatdırılması hədəflənir. Avropa, ABŞ və Kanada başda olmaqla dünyanın 4 qitəsindən çoxsaylı şirkətlər, nümayəndə heyətləri və ziyarətçilər sərgidə iştirak edir.

Sərgidə yüksək texnologiyalı yeni məhsullar ilk dəfə nümayiş olunur. Bu çərçivədə “Baykar” tərəfindən hazırlanmış, 1000 kilometrdən artıq məsafəyə malik və süni zəka dəstəyi ilə işləyən MIZRAK “gəzən sursat” ilk dəfə təqdim olunur.

Həmçinin K2 kamikadze pilotsuz uçuş aparatı və “Sivrisinek” sursat sistemi də ilk dəfə nümayiş etdirilir. ASELSAN 5 yeni məhsul və 6 yenilənmiş sistemlə iştirak edir. ROKETSAN və FNSS əməkdaşlığı ilə hazırlanmış ALKA-KAPLAN yönləndirilmiş enerji silah sistemi də sərgidə təqdim olunur.

STM isə hava və dəniz platformaları üzrə yeni həllərini nümayiş etdirir. Sərgidə 140-dan çox rəsmi nümayəndə heyəti, 800-dən artıq nümayəndə və 200-dən çox kommersiya heyəti iştirak edir.

Sərgi 2026-cı il mayın 9-da ictimaiyyət üçün açıq olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SAHA-2026   Sərgi   Türkiyə  


Bizi "telegram"da izləyin