Ordu.az xəbər verir ki, Mirzoyan bu fikirləri 2026-cı il mayın 5-də “İrəvan dialoqu - 2026” beynəlxalq konfransında çıxışı zamanı səsləndirib.
“Beynəlxalq hüquq və qlobal nizam sadəcə təzyiq altında deyil, onlar aktiv şəkildə dağıdılır. Biz təhlükəli bir dəyişiklik müşahidə edirik ki, gücün üstünlüyü hüququn üstünlüyünü sıxışdırır. Bir vaxtlar yalnız Soyuq müharibə dövrünə xas olan nüvə ritorikası yenidən əsas siyasi diskursa qayıdıb.
Bu gün texnologiyalar onların yaratdığı imkan və riskləri idarə etmək qabiliyyətimizdən daha sürətlə inkişaf edir. Süni zəka artıq futuristik ideya deyil, reallığa çevrilib. O, həm də manipulyasiya üçün güclü alətə çevrilərək geniş miqyasda dezinformasiya yaradır, saxta reallıqlar formalaşdırır və demokratik cəmiyyətləri hədəfə alır.
Bu gün qlobal bazar artıq sabit deyil və son hadisələr açıq ticarətin hamı üçün faydalı olduğu barədə təsəvvürü sarsıdıb. Enerji qiymətlərindəki dalğalanmalar bir gecədə milli iqtisadiyyatı zəiflədə bilər. İqtisadi sanksiyalar isə geosiyasi təzyiq alətinə çevrilərək ticarəti mübarizə meydanına çevirir”, - deyə o qeyd edib.
Mirzoyan bildirib ki, “fırtınalar” ayrı-ayrılıqda yaranmayıb, onlar bir-birini gücləndirir.
“Geosiyasi sarsıntılar iqtisadi zərbələr yaradır, bu isə texnoloji silahlanma yarışını sürətləndirir və nəticədə ziddiyyətlər daha da artır, ətraf mühit dəyişiklikləri isə problemlərin həllini çətinləşdirir.
Ermənistan fırtınanın episentrində olmağın nə demək olduğunu yaxşı bilir. Son illərdə üzləşdiyimiz çətinliklər bir çox xalqları iflic vəziyyətinə sala bilərdi. Belə şəraitdə tarix üç əsas yol təklif edir. Birincisi təcrid yoludur: kənarda qalmaq və hadisələrdən yayınmaq. Qısa müddətdə bu təhlükəsiz görünə bilər, lakin tarix göstərir ki, bu yanaşma qoruyucu deyil.
İkinci yol fırtına qarşısında kapitulyasiyadır. Bu halda ölkə yanlış və qeyri-effektiv qərarlar verir və nəticədə nəzarəti itirir. Üçüncü yol isə fırtınanın içindən praqmatik və uzaqgörən strategiya ilə keçməkdir. Ermənistan bu mərhələlərin hamısından keçib. Bir vaxtlar təhlükəsizlik illüziyası ilə yaşayırdıq, lakin böhran başlayanda vəziyyət dəyişdi.
2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən sülh sammiti dönüş nöqtəsi oldu. Ermənistanın baş naziri və Azərbaycan Prezidenti birgə bəyanat imzaladı və ABŞ Prezidenti də bu prosesdə iştirak etdi. Eyni zamanda mən və azərbaycanlı həmkarım Ermənistan ilə Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərə dair sazişi parafladıq. Ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması ilə Ermənistan və Azərbaycan uzunmüddətli münaqişəyə son qoyaraq regionda sülh və sabitliyə doğru mühüm addım atdı”, - deyə Mirzoyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az