Ordu.az xəbər verir ki, bunu ABŞ-nin “Lehigh” Universitetinin professoru, erməni siyasi elmlər doktoru Arman Qriqoryan “Facebook” səhifəsində yazıb.
Qriqoryan bildirib ki, seçkilərin nəticələrinin etibarlılığını yoxlamaq üçün istifadə olunan model dörd əsas göstəriciyə əsaslanır.
“Birinci sual budur ki, seçici fəallığı harada daha yüksəkdir, şəhərlərdə, yoxsa kənd yerlərində? Adətən şəhərlərdə siyasi iştirak və ictimai fəallıq səviyyəsi daha yüksək olduğundan, kənd yerlərində iştirak faizinin əhəmiyyətli dərəcədə üstün olması şübhə doğuran amil hesab edilir.
İkinci mühüm göstərici hakim qüvvənin topladığı səslərin faizi ilə seçici iştirakının faizi arasında müsbət korrelyasiyanın olub-olmamasıdır. Bu məsələdə sıfır hipotezi ondan ibarətdir ki, belə bir əlaqə mövcud olmamalıdır. Əgər seçici fəallığı artdıqca hakim partiyanın da nəticələri sistemli şəkildə yüksəlirsə, bu vəziyyət mümkün saxtakarlıq əlaməti kimi qiymətləndirilə bilər”, - deyə o qeyd edib.
Qriqoryan bildribi ki, üçüncü meyar əsas müxalif qüvvələrin topladığı səslərlə seçici iştirakının səviyyəsi arasında mənfi korrelyasiyanın olub-olmamasıdır.
“Əgər iştirak artdıqca müxalifətin nəticələri azalırsa, bu da əlavə araşdırma tələb edən və nəticələrin obyektivliyinə dair suallar yaradan göstəricidir.
Dördüncü göstərici etibarsız seçki bülletenlərinin sayı ilə hakimiyyət və müxalifətin aldığı səslər arasındakı əlaqədir. Əgər etibarsız bülletenlərin payı hakim qüvvənin yüksək nəticə göstərdiyi məntəqələrdə daha aşağı, müxalifətin zəif nəticə göstərdiyi məntəqələrdə isə daha yüksəkdirsə, bu da statistik baxımdan şübhəli mənzərə yaradır və nəticələrin etibarlılığı ilə bağlı suallar doğurur”, - deyə Qriqoryan qeyd edib.
Erməni politoloq vurğulayıb ki, seçki məlumatları gecikdirilmədən bu model əsasında təhlil olunmalı və əldə edilən nəticələr ictimaiyyətə təqdim edilməlidir.
Alpər Mövludoğlu
Ordu.az