Ordu.az xəbər verir ki, bu barədə “İzvestiya” nəşrinə danışan ekspertlər bildiriblər.
Qeyd olunur ki, ixrac istiqamətinin Avrasiya İqtisadi Birliyindən Avropa bazarlarına dəyişdirilməsi xüsusilə şərabçılıq və kənd təsərrüfatı məhsulları istehsalçıları üçün risklidir.
“2026-cı il mayın 4-də İrəvanda Ermənistan-Avropa İttifaqı sammiti başlayıb. Ölkəyə dövlət səfəri ilə Fransa Prezidenti Emmanuel Makron da gəlib və o, Qərbdə Ermənistanın əsas tərəfdaşlarından biri kimi çıxış edir. 2026-cı il iyunun 7-də keçiriləcək parlament seçkiləri ərəfəsində Avropa İttifaqı liderləri Nikol Paşinyanın rəhbərlik etdiyi partiyaya dəstəyi gücləndirməyə çalışırlar”, - deyə müəllif bildirib.
Nəşr qeyd edib ki, ölkədə baş verənlərə münasibət birmənalı deyil.
“Tarixdə ilk dəfə olaraq Avropa İttifaqı və Ermənistan birgə iki günlük sammit keçirir. İrəvana Avropa ölkələrindən və tərəfdaş dövlətlərdən onlarla nümayəndə gəlib. 2026-cı il mayın 4-də paralel olaraq Avropa Siyasi Birliyinin 8-ci sammiti də keçirilib. Formal olaraq Ermənistan-Avropa İttifaqı görüşü İrəvan ilə Brüssel arasında yaxınlaşmaya həsr olunub, lakin vaxt baxımından bu tədbir ölkədə keçiriləcək parlament seçkiləri ilə üst-üstə düşür.
Qanunverici orqana seçkilər 2026-cı il iyunun 7-də keçiriləcək və mövcud şəraitdə Ermənistan hakimiyyəti üçün Qərbin nüfuzlu dövlətlərinin dəstəyini nümayiş etdirmək vacibdir. “Biz bilirik ki, Avropa İttifaqında güvənə biləcəyimiz dostlarımız var”, - deyə Paşinyan İrəvanda Belçika səfirliyinin açılış mərasimində bildirib.
Ermənistanın əsas “dostlarından” biri Fransa və şəxsən Emmanuel Makrondur. Makron 2026-cı il mayın 3-də İrəvana gəlib və liderlər qeyri-rəsmi şəraitdə görüş keçiriblər. Paşinyan qonağı otelinə qədər müşayiət edib. Makron isə daha sonra Paşinyanı tərifləyərək bildirib ki, Ermənistan artıq 2018-ci ildə olduğu kimi “Rusiyanın peyki” kimi qiymətləndirilmir.
“Prezident Emmanuel Makronun İrəvana səfəri Fransa ilə Ermənistan arasında mövcud tarixi dostluq əlaqələrinin möhkəmləndirilməsinə imkan yaradır”, - deyə Fransanın Moskvadakı səfirliyindən bildirilib. Qeyd olunub ki, bu səfər Avropa Siyasi Birliyinin sammitindən sonra baş tutur və Avropa ilə Ermənistan arasında münasibətlərin yeni mərhələsini simvolizə edir”, - deyə müəllif vurğulayıb.
Nəşr yazıb ki, Fransa Prezidenti ilə yanaşı Böyük Britaniyanın Baş naziri Kir Starmer və Polşanın Baş naziri Donald Tusk da İrəvana səfər edib.
“Həmçinin Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının sədri Antonio Koşta da tədbirdə iştirak edib. Koşta Paşinyanı “cəsarətli yol” seçən siyasətçi adlandıraraq Avropa İttifaqının Ermənistanla “xarici müdaxilə və dezinformasiyaya qarşı” əməkdaşlığa hazır olduğunu bildirib. 2026-cı il aprelin sonunda Avropa İttifaqı Ermənistan üzrə EUPM missiyasının yaradıldığını elan edib.
Missiyanın məqsədi xaricdən gələn “zərərli təsirlərə” qarşı mübarizə aparmaqdır. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bildirib ki, “bu missiya əslində suveren dövlətin işlərinə müdaxilə alətidir”. Sammitdən bir neçə gün əvvəl altı müxalif partiya Avropa İttifaqı rəhbərliyinə açıq məktub ünvanlayaraq seçkilərdən əvvəl belə tədbirin keçirilməsinin hakimiyyətə dəstək olduğunu bildirib.
Müxalifət Paşinyanı “saxta demokratik imic” yaratmaqda ittiham edib. Eyni zamanda ölkədə daxili siyasi vəziyyət gərgin olaraq qalır. 2026-cı ilin aprelində Rusiyada yaşayan iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” partiyasının 14 üzvü saxlanılıb. O, 2025-ci il iyunun 1-də hakimiyyəti Erməni Apostol Kilsəsinə qarşı kampaniyada ittiham etdikdən sonra həbs olunub”, - deyə nəşr bildirib.
Məqalədə qeyd edilib ki, “MPG/Gallup” sorğusuna görə, “Güclü Ermənistan” partiyasına seçicilərin 14,1 faizi səs verməyə hazırdır.
“Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası isə 26,7 faizlə birinci yerdədir. Eyni zamanda ölkədə qərarsız seçicilərin payı 25 faizə çata bilər. Paşinyan bildirib ki, son illərdə Ermənistan Avropa İttifaqı ilə əlaqələrin gücləndirilməsi istiqamətində bir sıra addımlar atıb. 2023-cü ildən şərq sərhədlərində Avropa İttifaqının missiyası fəaliyyət göstərir, 2024-cü ildə “Dayanıqlılıq və artım” proqramı başlayıb, 2025-ci ildə isə üzvlük prosesinin başlanması haqqında qanun qəbul edilib.
Bundan əlavə, vizasız rejim üzrə dialoq başlayıb və strateji tərəfdaşlıq proqramı imzalanıb. 2018-ci ildən isə Ermənistan ilə Avropa İttifaqı arasında hərtərəfli razılaşma qüvvədədir. 2026-cı il aprelin 1-də Paşinyan ilə görüşdə Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ermənistanın Avropa İttifaqına üzvlük istəyi onun Avrasiya İqtisadi Birliyində üzvlüyü ilə uyğun deyil. “Biz anlayırıq ki, hər bir ölkə digər dövlətlərlə əməkdaşlıqdan maksimum fayda əldə etmək istəyir, lakin bu açıq və əvvəlcədən razılaşdırılmış olmalıdır. Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyi ilə eyni zamanda gömrük ittifaqında olmaq mümkün deyil”, - deyə Putin qeyd edib.
Eyni zamanda Ermənistan hakimiyyəti də etiraf edir ki, ölkə eyni vaxtda həm Avropa İttifaqının, həm də Avrasiya İqtisadi Birliyinin üzvü ola bilməz. Paşinyanın sözlərinə görə, bu münasibətlər bir-biri ilə uyğunluq təşkil etdiyi müddətcə, əməkdaşlıq hər iki istiqamətdə davam edəcək.
Ekspertlər bildirirlər ki, Ermənistanın Qərbə yönəlməsindən Avropa da fayda əldə edir. Avropa İttifaqı enerji tranzit imkanları yüksək olan və Avropa, Rusiya, Türkiyə və İran arasında strateji mövqedə yerləşən regionda təsirini gücləndirmək istəyir. Bu barədə Rusiya hökuməti yanında Maliyyə Universitetinin professoru Nadejda Kapustina məlumat verib”, - deyə müəllif yazıb.
Nəşrə görə, İrəvanda fəaliyyət göstərən Strateji Araşdırmalar və Təşəbbüslər Mərkəzinin rəhbəri Hayk Xalatyan isə bildirib ki, Avropa İttifaqının məqsədi təkcə regionda möhkəmlənmək deyil, həm də Türkiyənin rolunu gücləndirməkdir.
Onun sözlərinə görə, Türkiyə regionda aparıcı gücə çevrilir və bu proses Qərbin dəstəyi ilə baş verir. Erməni ekspert qeyd edib ki, bu, Rusiyanın və İranın mövqelərinin zəifləməsinə səbəb olur.
Müəllifin yazdığına görə, Sankt-Peterburq Dövlət Universitetinin professoru Leonid Tkaçenko bildirib ki, Rusiyanın Ermənistanda hərbi bazası var və Ermənistanın Avropa orbitinə daxil edilməsi Moskva üzərində təzyiq vasitəsinə çevrilə bilər.
O qeyd edib ki, əgər Rusiya bazanı çıxarsa, Ermənistan Liviya və ya İraq kimi sabitliyi olmayan ölkəyə çevrilə bilər. Ekspert həmçinin vurğulayıb ki, Avropaya yönəlmə Ermənistan üçün iqtisadi baxımdan faydalı olmayacaq.
Onun sözlərinə görə, ölkə qısa müddətdə kənd təsərrüfatı məhsullarının ixrac istiqamətini dəyişə bilməz.
“2020-2021-ci illərdə Avropa İttifaqı Ermənistana böyük investisiyalar və iqtisadi dəstək vəd edib. Lakin ekspertlərin fikrincə, Avropa İttifaqı iqtisadi sahədə Rusiyanı tam əvəz edə bilməz. Eyni zamanda qeyd olunub ki, 2025-ci ildə Ermənistanın Avrasiya İqtisadi Birliyi ilə ticarət dövriyyəsi 8 milyard dollardan çox olub və bu, ümumi xarici ticarətin 38,5 faizini təşkil edib.
Avropa İttifaqı ilə ticarət dövriyyəsi isə 2,81 milyard dollar olub. Xarici KİV-lər Ermənistanı Moldova və Gürcüstanla müqayisə etsə də, Avropa İttifaqı Ermənistanla üzvlük üzrə danışıqlar aparmır. Ölkənin Avropa İttifaqına namizəd statusu da yoxdur. Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib ki, ölkə hazırda Avropa İttifaqına üzv olmağı planlaşdırmır. Parlamentdə də qeyd olunub ki, Ermənistan nə 2026-cı ildə, nə də 2027-ci ildə Avropa İttifaqına qoşulacaq”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az