Ordu.az xəbər verir ki, ümumi olaraq qapalı və açıq olmaqla 400 min kvadratmetr sahədə keçiriləcək SAHA 2026 sahənin 20 min kvadratmetrlik hissəsini açıq sərgi zonası kimi ayıraraq indiyədək ən böyük təşkilatlardan birinə imza atacaq.
120-dən çox ölkədən iştirakın gözlənildiyi sərgidə, 263-ü beynəlxalq olmaqla 1700-dən çox şirkətin, 200 mindən artıq ziyarətçinin və 30 mindən çox sektor peşəkarının iştirakı gözlənilir.
Sərgi çərçivəsində planlaşdırılan 30 mindən çox B2B görüş, tədbiri sadəcə vitrindən çıxararaq birbaşa iş inkişafı, təchizat zənciri uyğunlaşdırılması və strateji tərəfdaşlıqların qurulması platformasına çevirəcək.
İqtisadi təsir və ixrac hədəfləri
SAHA 2026-da həmçinin 203 yeni məhsul təqdimatı və ümumilikdə 164 imzalanma mərasimi keçiriləcək. Bu göstərici əvvəlki sərgidə imzalanmış ixrac yönümlü razılaşmaların təxminən 3 qatına bərabər olmaqla, tədbirin artan iqtisadi təsirini ortaya qoyur. SAHA 2024-də əldə olunan 6,2 milyard dollarlıq ixrac müqavilələrinin həcminin SAHA 2026-da ən azı 8 milyard dollara çatdırılması hədəflənir.
Avropa, ABŞ-nin və Kanada iştirakçıları ön plana çıxarkən, dünyanın 4 qitəsindən çoxsaylı şirkətlər, şirkət nümayəndələri, rəsmi heyətlər, ticarət nümayəndə heyətləri və ziyarətçilər SAHA 2026-da bir araya gəlib.
Yeni texnologiyalar və canlı nümayişlər
Çoxsaylı yüksək texnologiyalı və oyun dəyişdirən yeni məhsullar ilk dəfə qlobal ekosistemlə SAHA 2026-da görüşəcək. Bundan əlavə, insansız quru platformaları və planet kəşfiyyat aparatı (rover) sahələrində Türkiyədə hazırlanmış ən son texnologiyalı avtonom vasitələr xüsusi hazırlanmış marşrutlarda öz imkanlarını nümayiş etdirəcək.
Sərgi çərçivəsində həmçinin dəniz qüvvələrinə məxsus platformalar da ziyarətçilərə açılacaq. Dünyanın ilk zərbə tipli pilotsuz uçuş aparatı gəmisi kimi önə çıxan TCG “Anadolu” başda olmaqla Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər Ataköy Marina və Sarayburnu limanında yerləşdiriləcək. Yerli və milli insansız dəniz platformaları da Ataköy Marinada sərgilənəcək. SAHA 2026-da 9 may ictimaiyyət günü kimi planlaşdırılıb.
Önə çıxan müdafiə sistemləri
SAHA 2026-da çoxsaylı texnologiyalar ilk dəfə nümayiş olunacaq. Bu çərçivədə “Baykar” tərəfindən milli və orijinal olaraq hazırlanmış, 1000 kilometrdən artıq mənzili və süni zəka dəstəkli avtonom imkanları ilə diqqət çəkən MIZRAK ağıllı “gəzən sursat” sərgidə təqdim olunacaq. “Baykar”ın hazırladığı K2 kamikadze pilotsuz uçuş aparatı və “Sivrisinek” “gəzən sursat” da ilk dəfə SAHA 2026-da nümayiş etdiriləcək.
ASELSAN da 5 yeni məhsul və 6 məhsulun yeni versiyaları ilə gələcəyin milli texnologiyalarını SAHA 2026-da qlobal müdafiə ekosistemi ilə bir araya gətirəcək. Şirkət sərgi boyunca “mavi vətən”in yeni zərbə güclərini, “Polad Günbəz”ə yeni imkanlar qazandıracaq müxtəlif texnologiyaları, hava hücumunda oyun dəyişdirəcək yeni sistemləri təqdim edəcək.
ROKETSAN və FNSS əməkdaşlığı ilə ortaya çıxan və ictimaiyyətdə “lazer silahı” kimi tanınan ALKA-KAPLAN HİBRİT Yönləndirilmiş Enerji Silah Sistemi Platforması əlavə imkanlarla SAHA 2026-da təqdim olunacaq. Sərgidə ROKETSAN-ın ən yeni və qabaqcıl texnologiyalı məhsullarının da təqdimatı keçiriləcək.
STM isə müasir döyüş meydanının ehtiyaclarına uyğun hazırladığı hava və dəniz sistemlərini ilk dəfə SAHA 2026-da nümayiş etdirəcək. Şirkətin sərgidə ön plana çıxaracağı milli texnologiyaların başında Uzun Mənzilli Kamikadze pilotsuz uçuş aparatı gəlir. Sabit qanadlı kamikadze pilotsuz uçuş aparatı ALPAGU-nun təkmilləşdirilmiş imkanlarla təchiz edilmiş, artırılmış mənzil və faydalı yük tutumuna malik yeni versiyası, hava hücumundan müdafiə konsepsiyasına innovativ yanaşma gətirən önləyici pilotsuz uçuş aparatı sistemi, ani kəşfiyyat və məlumat axını təmin edəcək Mini Kəşfiyyat-Müşahidə Sistemi də ilk dəfə ictimaiyyətə təqdim olunacaq.
Beynəlxalq iştirak və panellər
Sərgidə 140-dan çox rəsmi nümayəndə heyəti, 800-dən artıq rəsmi nümayəndə heyəti üzvü, 200-dən çox ticarət satınalma nümayəndəsi iştirak edəcək. Həmçinin 25-dən çox xarici nazirin və çoxsaylı yüksək səviyyəli hərbi rəsmilərin iştirakı tədbirin beynəlxalq görünürlüğünü və strateji təsirini daha da artıracaq.
Proqram çərçivəsində keçiriləcək 17 beynəlxalq panel, 4 “Space Talks” sessiyası və əsas çıxışlar vasitəsilə müdafiə texnologiyalarının gələcəyi, təhlükəsizlik arxitekturası, sənaye transformasiyası və yeni əməkdaşlıq modelləri geniş şəkildə müzakirə olunacaq. Bu çərçivədə çoxsaylı dövlət başçıları, nazirlər, baş qərargah rəisləri və qoşun komandanlarının rəhbərlik etdiyi nümayəndə heyətləri tərəfindən sərgiyə yüksək səviyyəli səfərlər həyata keçiriləcək. İştirakçı şirkətlərlə birbaşa görüşlər keçirilərək beynəlxalq əməkdaşlıqların inkişafı hədəflənir.
İnvestisiya və kosmik ekosistemə fokus
SAHA 2026-nın bu il önə çıxan ən mühüm mövzularından biri investisiya ekosistemi olacaq. Sərgi çərçivəsində beynəlxalq investisiya fondları, maliyyə qurumları və strateji investorlarla yanaşı, NATO İnnovasiya Fondu (NIF) və NATO DIANA Proqramı çərçivəsində fəaliyyət göstərən şirkətlər də iştirak edəcək.
Tədbirdə KOBİ-lərin qlobal bazarlara çıxışı, maliyyəyə əlçatanlığı və beynəlxalq əməkdaşlıqlara inteqrasiyası dəstəklənəcək. Sərginin ikinci mühüm tematik istiqamətini isə kosmik ekosistem təşkil edir. SAHA 2026 çərçivəsində qurulacaq Kosmos Stendi və xüsusi dizayn edilmiş “Space Dome” sahəsi ilə kosmik texnologiyalar daha görünən olacaq.
Sevinc Əliyeva
Ordu.az