Ordu.az xəbər verir ki, bu gün başlayan tədbir öncəsi “C4Defence” jurnalının baş redaktoru Sami Atalan sərginin yerli və xarici iştirakçılar üçün necə texnoloji nümayişə çevriləcəyini dəyərləndirib.
Atalan bildirib ki, SAHA 2026 İstanbul Sərgi Mərkəzində Türkiyə müdafiə sənayesini xarici müdafiə sənayesi ilə bir araya gətirir və çoxsaylı yeni silah sistemləri və imkanlarının təqdimatına səhnə olacaq.
Onun sözlərinə görə, bu il xarici şirkətlərin böyük maraq göstərdiyi tədbirdə geniş Çin pavilyonunun xüsusilə pilotsuz uçuş aparatları, raket və sursat sistemləri ilə ön plana çıxması gözlənilir.
Digər iştirakçılar arasında “BAE Systems”, “Eurofighter Typhoon” və “Meteor” raketlərinin istehsalçısı MBDA-nın da diqqət mərkəzində olacağı qeyd olunur.
Atalan vurğulayıb ki, SAHA 2026 Türkiyə müdafiə sənayesinin güc nümayişinə çevrilərək həm texnoloji inkişafı, həm də sürpriz yenilikləri iştirakçılara təqdim edəcək.
Qeyd olunub ki, sərgidə quru sistemlərində yüngül tank konsepsiyası və kimyəvi, bioloji, radioloji və nüvə təhdidləri ilə bağlı yeniliklər izlənilə biləcək.
Dəniz sistemləri sahəsində isə Türkiyə gəmiqayrma zavodları yeni layihələr təqdim edəcək.
Aviasiya sahəsində reaktiv mühərrik texnologiyaları və yeni dizaynların nümayişi gözlənilir.
İnsansız sistemlər sahəsində isə xüsusilə birgə əməliyyatlara uyğun qabaqcıl hava platformalarının “Baykar” stendində təqdim ediləcəyi qeyd olunub.
Həmçinin antidron texnologiyalarının da sərgidə mühüm yer tutacağı bildirilib.
Sevinc Əliyeva
Ordu.az