İstanbulda "SAHA 2026" adlı beynəlxalq sərgi keçirilir, Azərbaycan 12 şirkət və qurumla iştirak edir

2026/05/Ekran-1777966477.jpg
Oxunub: 597     10:56     05 May 2026    
Türkiyədə Avropanın ən böyük müdafiə sənayesi sərgisi olan "SAHA 2026" Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi keçirilir.

Ordu.az xəbər verir ki, sərgidə 120-dən çox ölkədən 263-ü beynəlxalq olmaqla 1700-dən çox şirkət öz məhsullarını nümayiş etdirir.

Sərgidə 140-dan çox rəsmi şəxs, 800-dən artıq rəsmi heyət üzvü, 200-dən çox ticarət nümayəndə heyəti iştirak edir. Bundan əlavə, 25-dən çox xarici nazirin və yüksək səviyyəli çoxsaylı hərbi rəsmilərin iştirakı gözlənilir.

Qapalı və açıq olmaqla ümumilikdə 400 min kvadratmetr sahədə keçiriləcək "SAHA 2026" Türkiyədə bu günə qədər olan ən böyük tədbirlərdən birinə imza atır.

Beynəlxalq müdafiə, aviasiya və kosmik sənaye sərgisində Azərbaycan geniştərkibli nümayəndə heyəti ilə iştirak edir. Belə ki, Azərbaycan bu il tədbirdə milli pavilyonla təmsil olunur və tədbirə ümumilikdə 12 şirkət və qurum qatılıb.

Azərbaycan pavilyonunda müdafiə sənayesi, aerokosmik texnologiyalar, hərbi avadanlıq istehsalı və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən qurumlar öz məhsul və həllərini nümayiş etdirir.

Qeyd edək ki, "SAHA 2026" çərçivəsində minlərlə B2B görüş, yeni məhsul təqdimatları və beynəlxalq əməkdaşlıq sazişlərinin imzalanması planlaşdırılır. Tədbirin ümumi ixrac müqavilələri həcminin isə milyardlarla dollar səviyyəsinə çatacağı proqnozlaşdırılır.

Sərgi 5–9 may tarixlərində İstanbulda keçirilir və müdafiə sənayesində qlobal əməkdaşlıq üçün mühüm platforma rolunu oynayır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İstanbul   Sərgi  


Bizi "telegram"da izləyin