“Joğovurd”: Mayın 7-dən etibarən Ermənistanda nələr gözlənilir?

2026/04/1775489688.jpg
Oxunub: 293     10:30     05 May 2026    
Ermənistan Mərkəzi Seçki Komissiyası 2026-cı il iyunun 7-də keçiriləcək parlamentə növbəti seçkilərin hazırlanması və təşkili ilə bağlı əsas tədbirlərin təqvimini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrə görə, sənəddə seçki prosesinin bütün mərhələləri və vacib son tarixlər dəqiqləşdirilib.

Qəzetin məlumatına görə, partiyaların və partiya bloklarının seçki siyahıları qeydiyyat müddəti başa çatdıqdan sonra üç gün ərzində, mayın 6-dək Mərkəzi Seçki Komissiyasının rəsmi saytında dərc olunacaq.

“Maliyyə şəffaflığının təmin olunması üçün seçkilərdə iştirak edən partiyaların və bloklara daxil olan partiyaların bank hesablarındakı vəsait hərəkəti barədə məlumatlar müvafiq banklar tərəfindən hər üç iş günündən bir Korrupsiyanın Qarşısının Alınması Komissiyasına təqdim ediləcək.

Qurum həmin məlumatları ümumiləşdirərək mayın 7-dən səsvermədən sonrakı üçüncü günədək öz saytında yerləşdirəcək. Təqvimə əsasən, elektron səsvermə mərhələsi də nəzərdə tutulur. Elektron qaydada səs verəcək seçicilər üçün fərdi kodları əks etdirən zərflər Xarici İşlər və Müdafiə nazirliklərinə müvafiq siyahılar alındıqdan sonra ən gec mayın 7-dək təqdim olunmalıdır”, - deyə müəllif bildirib.

Nəşr vurğulayıb ki, mayın 8-dək məntəqə seçki komissiyalarının sədrləri və katibləri üzrə vəzifə bölgüsü aparılacaq.

“Həmin gün həm də partiyalar və bloklar üçün seçki fondlarının açılması baxımından son tarixdir. Bu fondlar İrəvanda və bütün vilayətlərdə filialları olan istənilən kommersiya bankında fəaliyyət göstərməlidir.

Seçkiqabağı təşviqatın rəsmi mərhələsi mayın 8-də başlayacaq və iyunun 5-i saat 24:00-dək davam edəcək. Bu müddətdə seçicilər və siyasi qüvvələr fəal təşviqat aparmaq imkanı qazanacaqlar. Mayın 8-dən mayın 13-ü saat 18:00-dək məntəqə seçki komissiyalarının üzvlərinin təyin olunması ilə bağlı müraciətlər Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək”, - deyə nəşr bildirib.

Müəllif qeyd edib ki, eyni zamanda, mayın 13-dək partiyalar, bloklar və onların siyahılarında yer alan deputatlığa namizədlər əmlak və gəlir bəyannamələrini təqdim etməlidirlər.

“Məntəqə seçki komissiyalarının ilk iclasları mayın 16-sı saat 12:00-da keçiriləcək. Təqvimdə bir sıra nəzarət və uçot tədbirləri də yer alıb. Belə ki, mayın 23-dək aidiyyəti qurumlar hərbi hissələrdə, milli təhlükəsizlik və polis qoşunlarında, eləcə də cəzaçəkmə müəssisələrində qeydiyyatda olan seçicilərin sayını Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.

Qeyd olunur ki, seçki prosesinə cəlb olunan şəxslər, yəni məntəqə komissiyalarının üzvləri və texniki mütəxəssislər mayın 24-dək qeydiyyatda olduqları ünvan üzrə siyahıdan müvəqqəti çıxarılmaq və olduqları yer üzrə seçki məntəqəsinin siyahısına daxil edilmək üçün müraciət edə bilərlər.

Ümumilikdə, Mərkəzi Seçki Komissiyasının açıqladığı təqvim seçki prosesinin təşkilatlanmış, şəffaf və nəzarət olunan qaydada keçirilməsini təmin etməyə hesablanıb.

Xatırladaq ki, Ermənistan parlamentinə növbəti seçkilər 2026-cı il iyunun 7-də keçiriləcək”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki  


Bizi "telegram"da izləyin