“Hraparak”: Erməni və azərbaycanlı iş adamlarının görüşü ilə bağlı yeni detallar məlum olub

2026/04/1777475819.jpg
Oxunub: 321     10:26     05 May 2026    
Ötən həftə Ağörəndə (Ağverən) erməni və azərbaycanlı iş adamlarının görüşündə əsas müzakirə mövzusu Azərbaycanın köməyi ilə Rusiyanın erməni məhsullarının idxalına yaratdığı maneələrin aradan qaldırılması olub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, əsas məqsəd boşluğu doldurmaq və erməni məhsullarını Azərbaycan bazarında reallaşdırmaq imkanlarını müzakirə etmək idi.

“Nikol Paşinyanın və hakimiyyətin anti-Rusiya siyasəti səbəbindən Moskva erməni sahibkarlar üçün müəyyən çətinliklər yaradıb. Bir sıra məhsulların idxalı ya dayandırılıb, ya da həcmi azaldılıb. Yaxın vaxtlarda bu məhdudiyyətlərin daha da genişlənəcəyi gözlənilir.

Sahibkarları hakimiyyətə qarşı çıxarmaq istəməyən Paşinyan onların rəğbətini qazanmaq üçün İlham Əliyevdən dəstək istəməyə qərar verib.

İlham Əliyev bunun müqabilində Paşinyandan siyasi güzəştlər alacaq, lakin Ermənistan Baş naziri Rusiya ilə təmaslardan yayınmaq üçün yeni güzəştlərə də hazırdır”, - deyə nəşr bildirib.

Müəllif xatırladıb ki, ötən həftə Azərbaycanın Baş nazir müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistana səfər edib.

“Heyətin tərkibində azərbaycanlı iş adamlarının da olduğu, onların Ağörəndə məxfi şəraitdə bəzi erməni sahibkarlarla görüş keçirdiyi bildirilir. Görüş iştirakçılarının tam siyahısı açıqlanmasa da, Samvel Aleksanyan və Sukiasyanlar ailəsinin nümayəndəsinin tədbirdə iştirak etdiyi qeyd olunub”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin