Ordu.az xəbər verir ki, şirkət dost və müttəfiq ölkə ilə imzaladığı çərçivə sazişi ilə 100 min ədəd kamikadze pilotsuz uçuş aparatı ixracı həyata keçirir.
“Pasifik Teknologiya” məhsul ixracı ilə yanaşı texnologiya transferi və strateji əməkdaşlıqlar vasitəsilə fəaliyyət göstərdiyi bazarlarda davamlı dəyər yaratmağı hədəfləyir.
Müdafiə sənayesi texnologiyalarından informasiya texnologiyalarına qədər geniş spektrdə həllər hazırlayan şirkət qlobal inkişaf yolunda mühüm mərhələni geridə qoyub.
Çərçivə sazişi çərçivəsində “Pasifik Teknologiya”nın istehsalı olan 100 min ədəd FPV kamikadze pilotsuz uçuş aparatı sistemi MERKÜT, 10 ədəd insansız helikopter ALPIN, 25 ədəd mini insansız helikopter DUMRUL, 500 ədəd DELİ taktiki kamikadze sistemi və 500 ədəd avtonom yerüstü dəstək və müşahidə bölməsi KORGAN dost və müttəfiq ölkənin inventarına daxil ediləcək.
“Pasifik Teknologiya”nın icraçı direktoru Aykut Ferah bildirib ki, imzalanmış saziş yalnız məhsul ixracını deyil, çoxşaxəli əməkdaşlıq modelini əhatə edir.
Onun sözlərinə görə, bu model çərçivəsində birgə müəssisələrin yaradılması və yerli istehsal imkanlarının inkişafı da nəzərdə tutulur.
“Bu yanaşma “Pasifik Teknologiya”nın yalnız məhsul ixrac edən deyil, eyni zamanda texnologiya inkişaf etdirən və istehsal imkanlarını ixrac edən şirkət olmaq məqsədini açıq şəkildə göstərir”, - deyə Ferah qeyd edib.
O bildirib ki, müasir döyüş mühiti köklü dəyişikliklərdən keçir və pilotsuz sistemlər, avtonom platformalar və sürü texnologiyaları artıq həlledici rol oynayır.
“Bu proses Rusiya-Ukrayna müharibəsi ilə başladı və Türkiyənin Azərbaycan və Liviyadakı əməliyyatları ilə daha da gücləndi. İran-İsrail qarşıdurmasında uzun mənzilli sistemlərin, Şərqi Avropadakı münaqişələrdə isə kamikadze pilotsuz uçuş aparatlarının effektivliyi sübut olundu”, - deyə o bildirib.
Ferah əlavə edib ki, şirkət bu sahədə bütün əsas sistemləri istehsal etmək qabiliyyətinə malikdir və ilk ixrac müqaviləsi bu potensialın göstəricisidir.
O həmçinin qeyd edib ki, müxtəlif regionlardan güclü tələbat mövcuddur və əməkdaşlıqların gələcəkdə daha da genişlənməsi gözlənilir.
“Pasifik Teknologiya”nın məhsul portfelinə pilotsuz uçuş sistemləri, avtonom platformalar və inteqrasiya olunmuş həllər daxildir.
Şirkət həmçinin kibertəhlükəsizlik, biometrik identifikasiya, səyahət texnologiyaları və maliyyə texnologiyaları sahələrində fəaliyyət göstərir.
Aykut Ferah bildirib ki, şirkət SAHA EXPO 2026-da həm mövcud məhsullarını, həm də yeni nəsil sistemlərini təqdim edəcək.
Onun sözlərinə görə, DELI-S və KORGAN-M V2 adlı iki yeni məhsul da ilk dəfə nümayiş etdiriləcək.
Ferah bu sistemlərin avtonom tapşırıq icrası, radioelektron mübarizə mühitində fəaliyyət, sürü texnologiyası və yüksək dəqiqlikli zərbə imkanları ilə seçildiyini qeyd edib.
DELI-S sisteminin 35 kilometr mənzilə, 30 dəqiqə uçuş müddətinə malik olduğu, sürətinin saatda təxminən 80 kilometr, dalış sürətinin isə 200 kilometr olduğu bildirilib.
Sistemin döyüş başlığının 2 kiloqram, maksimal qalxma çəkisinin isə 10 kiloqram olduğu qeyd edilib.
KORGAN-M V2 sisteminin isə 7/24 fəaliyyət göstərə bildiyi, avtomatik eniş və şarj xüsusiyyətinə malik olduğu bildirilib.
Sistemin 30 dəqiqə şarj müddətinə və 10 santimetrdən az eniş dəqiqliyinə malik olduğu vurğulanıb.
Həmçinin 12 kilometr lokal və LTE rabitə imkanları təqdim etdiyi, 400 saat video qeyd edə bildiyi və -20°C ilə +55°C temperatur aralığında fəaliyyət göstərdiyi qeyd olunub.
Sevinc Əliyeva
Ordu.az