SAHA 2026 İstanbulda qapılarını açır: 8 milyard dollarlıq ixrac hədəfi

2026/05/1777956880.jpg
Oxunub: 436     09:01     05 May 2026    
Türkiyənin ən böyük müdafiə, aviasiya və kosmos tədbirlərindən biri olan SAHA 2026 Beynəlxalq Sərgisi sabah İstanbul Sərgi Mərkəzində qapılarını açır.

Ordu.az xəbər verir ki, “SAHA İstanbul” tərəfindən təşkil olunan tədbir 400 min kvadratmetrlik ərazidə 120-dən çox ölkədən 1700-dən artıq şirkəti bir araya gətirərək qlobal əməkdaşlıq və ixrac potensialını artırmağı hədəfləyir.

Sərginin 200 mindən çox ziyarətçi və 30 mindən artıq sahə mütəxəssisini qəbul edəcəyi gözlənilir.

Tədbir çərçivəsində planlaşdırılan 30 mindən çox B2B görüş sərgini yalnız nümayiş məkanı olmaqdan çıxararaq birbaşa iş inkişafı, təchizat zəncirinin inteqrasiyası və strateji tərəfdaşlıq platformasına çevirəcək.

SAHA 2026-da 203 yeni məhsulun təqdimatı və 164 imza mərasiminin keçirilməsi planlaşdırılır.

Bu göstərici əvvəlki sərgidə əldə olunan razılaşma həcminin təxminən üç dəfə artmasına işarə edir və 2024-cü ildə əldə olunan 6,2 milyard dollarlıq ixrac müqavilələrinin bu il ən azı 8 milyard dollara çatdırılması hədəflənir.

Avropa, ABŞ və Kanada başda olmaqla dörd qitədən geniş iştirakın gözlənildiyi tədbirdə çoxsaylı rəsmi nümayəndə heyətləri və yüksək vəzifəli hərbi şəxslər iştirak edəcək.

140-dan çox rəsmi nümayəndə heyəti, 800-dən artıq nümayəndə və 200-dən çox ticarət satınalma heyətinin sərgidə iştirak edəcəyi proqnozlaşdırılır.

Sərgi çərçivəsində dəniz platformaları da ön plana çıxacaq.

TCG “Anadolu” başda olmaqla Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər Ataköy Marina və Sarayburnu limanında ziyarətçilərə açıq olacaq.

Yerli insansız dəniz platformaları da Ataköy Marinada nümayiş etdiriləcək.

Türkiyə müdafiə sənayesi şirkətləri sərgidə yeni nəsil sistemlərini ilk dəfə təqdim edəcək.

“Baykar” tərəfindən hazırlanmış, 1000 kilometrdən artıq məsafəyə malik və süni zəka dəstəkli avtonomiyaya sahib MIZRAK ağıllı “gəzən sursat” ilə yanaşı K2 kamikadze pilotsuz uçuş aparatı və “Sivrisinek” sursat sistemi ilk dəfə nümayiş olunacaq.

ASELSAN sərgidə 5 yeni məhsul və 6 yenilənmiş sistemlə iştirak edəcək.

Şirkət “mavi vətən” konsepsiyası çərçivəsində dəniz gücü layihələri və hava hücumundan müdafiə sistemləri sahəsində yeni texnologiyalarını təqdim etməyi planlaşdırır.

ROKETSAN və FNSS əməkdaşlığı ilə hazırlanmış ALKA-KAPLAN yönləndirilmiş enerji silah sistemi də təkmilləşdirilmiş imkanları ilə nümayiş etdiriləcək.

STM isə uzun mənzilli kamikadze pilotsuz uçuş aparatı, önləyici pilotsuz uçuş aparatı sistemi və mini kəşfiyyat-müşahidə platformaları kimi müasir döyüş meydanı üçün həllərini ilk dəfə ictimaiyyətə təqdim edəcək.

Tədbir çərçivəsində keçiriləcək 17 beynəlxalq panel, 4 “Space Talks” sessiyası və yüksək səviyyəli çıxışlarla müdafiə texnologiyalarının gələcəyi, təhlükəsizlik arxitekturası və sənaye transformasiyası müzakirə olunacaq.

NATO İnnovasiya Fondu və DIANA proqramına bağlı təşəbbüslərin iştirakı sərginin investisiya ekosistemi fokusunu gücləndirəcək.

SAHA 2026-nın ikinci əsas mövzusu kosmos texnologiyaları olacaq.

Qurulacaq Kosmos Stendi və “Space Dome” sahəsi ilə kosmos sənayesi layihələri daha görünən hala gətiriləcək.

Tədbirin 2026-cı il mayın 9-da keçiriləcək xalq günü ilə geniş auditoriyaya açılması planlaşdırılır.

SAHA 2026 Türkiyənin müdafiə sənayesi ixracını artırmaq, beynəlxalq tərəfdaşlıqları dərinləşdirmək və yüksək texnologiya inkişaf etdirmə potensialını qlobal səviyyədə mövqeləndirmək məqsədləri baxımından mühüm platforma kimi ön plana çıxır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SAHA-2026   Türkiyə  


Bizi "telegram"da izləyin