Ordu.az xəbər verir ki, bu barədə ABŞ Gizli Xidmət rəhbərinin müavini Metyu Kuin məlumat verib.
Onun sözlərinə görə, hadisə yerli vaxtla saat 15:30 radələrində “National Mall” ərazisində qeydə alınıb.
Mülki geyimli təhlükəsizlik əməkdaşları üzərində silah olan bir şəxsi gördükdən sonra onunla əlaqə yaratmağa çalışıblar, lakin həmin şəxs qaçmağa cəhd edib və hüquq-mühafizə orqanlarına atəş açıb.
Bundan sonra təhlükəsizlik qüvvələri cavab atəşi açıb.
“Bu şəxs yaralanıb və xəstəxanaya yerləşdirilib”, - deyə Kuin bildirib.
O, həmçinin qeyd edib ki, hadisə nəticəsində yaxınlıqda olan azyaşlı da xəsarət alıb, lakin onun həyatı üçün təhlükə yoxdur.
Hadisədən az əvvəl həmin ərazidən ABŞ-nin vitse-prezidenti Cey Di Vensin avtomobil karvanı keçib.
Məlumata görə, insident “15th Street and Independence Avenue” kəsişməsində baş verib.
Təhlükəsizlik məqsədilə Ağ Ev kompleksinə giriş-çıxış müvəqqəti olaraq bağlanıb, jurnalistlər isə təhlükəsiz əraziyə yönləndirilib.
Qısa müddət sonra tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb.
***
Kolumbiya dairəsi, Vaşinqtonda Ağ Evin yaxınlığında atışma zamanı yeniyetmə xəsarət alıb.
Ordu.az "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə dairənin Yanğından Mühafizə və Təcili Tibbi Yardım Departamentinin mətbuat katibi Vito Macciolo bildirib.
O yeniyetmənin yüngül xəsarətlər aldığını qeyd edib.
Daha sonra mətbuat konfransında ABŞ Məxfi Xidməti rəhbərinin müavini Metyu Kuinn bildirib ki, qurumun mülki geyimli əməkdaşları Ağ Evdən təxminən beş dəqiqəlik piyada məsafəsində - Vaşinqtonun mərkəzi bulvarı olan "National Mall"da yoldan ötənlərdən birində odlu silah görüblər. Təmas qurularkən naməlum şəxs qaçmağa cəhd edib və hüquq-mühafizə orqanlarının əməkdaşları istiqamətində atəş açmağa başlayıb, onlar da adekvat cavab veriblər. Kuinn atəş açan şəxsin vəziyyəti barədə məlumat verməkdən imtina edib. "Bu şəxs yaralanıb, hazırda xəstəxanadadır", - o bildirib.
Daha əvvəl məlum olub ki, hüquq-mühafizə orqanlarının əməkdaşı Ağ Evin cənubunda, 15-ci küçə ilə İndependens-avenyunun kəsişməsində atəş açıb.
***
Ağ Evin yaxınlığında odlu silahdan istifadə ilə insident baş verib, nəticədə azı bir nəfər xəsarət alıb.
Ordu.az xəbər verir ki, bu barədə ABŞ Məxfi Xidmətinin rəsmi nümayəndəsi Entoni Qulyelmi "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, Ağ Evin yaxınlığında atəşi hüquq-mühafizə strukturlarının nümayəndəsi açıb.
"Hüquq-mühafizə orqanları əməkdaşlarının odlu silah tətbiq etməsi nəticəsində bir nəfər yaralanıb, hazırda onun vəziyyəti barədə məlumat yoxdur", - Qulyelmi bildirib.
Sevinc Əliyeva
Ordu.az