Belçika AMRAAM istehsalında Avropa mərkəzi olmağa hazırlaşır

2026/05/1777921464.jpg
Oxunub: 451     23:02     04 May 2026    
Belçika ABŞ-nin ən kritik “hava-hava” sursatlarından biri olan AIM-120 AMRAAM raketinin Avropada birgə istehsalı üçün əsas namizədlərdən biri kimi ön plana çıxır.

Ordu.az xəbər verir ki, ABŞ-nin Brüsseldəki səfiri Bill Uaytın açıqlamaları Brüsselin bu mühüm proqramda önə çıxdığını göstərib.

Bu təşəbbüs NATO-nun sursat təchizat zəncirində yeni istehsal mərkəzi yaratmağı hədəfləyir və yüksək intensivlikli əməliyyat mühitində kritik ehtiyatların daha sürətli yenilənməsini təmin edəcək strukturun qurulmasını nəzərdə tutur.

Proqram çərçivəsində istehsal fəaliyyətlərinin Belçikada yerləşən FN Herstal şirkətinin rəhbərliyi ilə həyata keçirilməsi planlaşdırılır. Şirkətin raket komponentlərinin istehsalında və gələcək mərhələdə yekun montaj proseslərində iştirak edəcəyi gözlənilir. Bu çərçivədə Belçikanın AMRAAM təchizat zəncirində əsas podratçıdan aşağı səviyyədə ikinci dərəcəli istehsalçı kimi yer alacağı ehtimal edilir.

Bu model kritik texnologiyaların ABŞ nəzarətində saxlanıldığı, lakin istehsalın müəyyən mərhələlərinin Avropaya ötürüldüyü idarə olunan sənaye əməkdaşlığını ifadə edir. Beləliklə, həm istehsal gücünün artırılması, həm də NATO üzrə təchizat müddətlərinin qısaldılması hədəflənir.

Tələbat istehsalı artırır

Belçikanın layihədə güclü mövqeyi birbaşa öz tələbatından irəli gəlir. Ölkənin arsenalına daxil etməyi planlaşdırdığı F-35 “Lightning II” qırıcıları və NASAMS hava hücumundan müdafiə sistemi böyük həcmdə AMRAAM sursatı tələb edir.

Xüsusilə NASAMS çərçivəsində planlaşdırılan 10 batareyalı struktur və hər buraxılış qurğusunun çoxsaylı raket tutumu yüzlərlə ədəd ilkin tələbat yaradır. Buna F-35 donanması üçün tələb olunan təlim, əməliyyat və ehtiyat ehtiyacları da əlavə olunduqda, davamlı sursat tələbi formalaşır.

İstehsal gücü artırılır

ABŞ tərəfində isə AMRAAM istehsalının artırılması istiqamətində konkret addımlar diqqət çəkir. 2023-cü ildə illik təxminən 1.200 ədəd olan istehsalın 2026-cı ilə qədər ən azı 1.900 ədədə çatdırılması planlaşdırılır. Avropada yaradılacaq istehsal xətti bu artımın mühüm hissəsi kimi qiymətləndirilir.

Belçikada istehsalın əsasən Flandriya bölgəsində, Zutendaal ətrafında cəmlənməsi planlaşdırılır və yekun qərarın yaxın aylarda verilməsi gözlənilir. Niderland başda olmaqla digər Avropa ölkələri də prosesdə namizəd kimi iştirak edir.

Belçikanın coğrafi mövqeyi də mühüm üstünlük yaradır. Almaniya, Fransa, Niderland və Böyük Britaniya arasında yerləşən Belçika Antverpen limanı və inkişaf etmiş quru və dəmir yolu şəbəkəsi sayəsində NATO daxilində sürətli və təhlükəsiz daşımalar üçün mühüm logistika mərkəzi rolunu oynayır.

İdarə olunan istehsal modeli

Proqramın əsas podratçısı olaraq “Raytheon” qalmağa davam edəcək. Raketin radar axtarış başlığı, idarəetmə sistemləri və proqram təminatı kimi kritik komponentlər ABŞ nəzarətində saxlanılacaq, Avropadakı istehsal isə daha çox konstruksiya hissələri və inteqrasiya üzərində cəmlənəcək. İtki sistemi isə Norveç və Finlandiyada yerləşən Nammo tərəfindən təmin edilir.

Bu struktur həssas texnologiyaların qorunmasını təmin etməklə yanaşı istehsal həcminin genişləndirilməsinə imkan verən balanslı model kimi qiymətləndirilir.

Belçika hökuməti ABŞ müdafiə şirkətlərini ölkəyə cəlb etməyə yönəlmiş siyasətlə bu prosesi dəstəkləyir. Belçikanın müdafiə naziri Teo Frankken aşağı sursat ehtiyatları və sürətli istehsal ehtiyacının bu yanaşmanın əsas səbəbi olduğunu vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belçika   AMRAAM   Avropa  


Bizi "telegram"da izləyin