ABŞ müttəfiqlərə silah təhvilində gecikmə barədə xəbərdarlıq edib

2026/05/1777914782.jpg
Oxunub: 395     21:07     04 May 2026    
ABŞ azalan ehtiyatlar səbəbindən Avropalı müttəfiqlərinə silah təhvilində ciddi gecikmələr yaşana biləcəyi barədə xəbərdarlıq edib.

Ordu.az “Financial Times”a istinadən xəbər verir ki, gecikmələr ilk növbədə Böyük Britaniya, Polşa, Litva və Estoniyaya göndəriləcək silah təchizatına təsir edəcək.

Eyni zamanda ABŞ başda Tayvan olmaqla Asiya ölkələrinə yönəlmiş silah təhvilini də təxirə salmağı müzakirə edir.

Gecikmələr HIMARS və NASAMS sistemləri üçün sursatla yanaşı digər kritik raket sistemlərini də əhatə edəcək. Sözügedən sistemlər Ukrayna daxil olmaqla ABŞ-nin müttəfiqləri tərəfindən aktiv şəkildə istifadə olunur.

Pentaqon yeni tələbləri və mövcud müqavilələri əməliyyat ehtiyacları ilə uyğunlaşdırmaq məqsədilə yenidən nəzərdən keçirdiyini açıqlayıb. Məlumatların həssaslığı səbəbindən detallar paylaşılmır.

İran qarşıdurmasının xərci və ehtiyatlara təsiri

Bu vəziyyətin əsas səbəbi İran ilə yaşanan son qarşıdurma zamanı sursatın intensiv istifadə olunması kimi göstərilir. İki ay ərzində ABŞ İranın pilotsuz uçuş aparatları və raketlərini qarşısını almaq üçün böyük miqdarda raket və sursat istifadə edib.

Bayden administrasiyasında vəzifə tutmuş keçmiş rəsmi Tom Rayt bildirib: “Pentaqon indi Orta Şərqdə uzunmüddətli müharibə aparmaq məcburiyyətində qala bilər. Eyni zamanda Hind-Sakit okean regionunda çəkindirməni gücləndirməyə ciddi ehtiyac duyur”.

Boşluğu doldurmaq üçün ABŞ ordusu Hind-Sakit okean daxil olmaqla digər bölgələrdən bəzi silahları yenidən yerləşdirib. Bu vəziyyət ABŞ-nin qlobal hazırlıq səviyyəsi ilə bağlı əlavə narahatlıqlara səbəb olub.

Daha əvvəl “Militarnyi” ABŞ Silahlı Qüvvələrinin İrana yönəlmiş hücumların ilk iki günündə təxminən 5,6 milyard dollar dəyərində sursat istifadə etdiyini bildirmişdi.

Ümumilikdə əməliyyatın ilk günlərində ABŞ ordusu yüzlərlə dəqiq idarə olunan sursat istifadə edib. Bunlar arasında xüsusilə modifikasiya edilmiş Tomahawk qanadlı raketləri və hava hücumundan müdafiə sistemləri üçün müasir tutucu raketlər yer alıb.

ABŞ Mərkəzi Komandanlığı fevralın 28-dən etibarən başlayan əməliyyatın əvvəlindən bəri İranda 2.000-dən çox sursat istifadə edilərək 5.000-dən çox hədəfin vurulduğunu açıqlayıb.

İrana yönəlmiş hərbi əməliyyatın ilk altı günü ABŞ-yə ən azı 11,3 milyard dollara başa gəlib. Bu hesablamaya ilk hücumlardan əvvəl həyata keçirilən şəxsi heyət və texnika yığımı daxil edilməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Müttəfiq   Silah  


Bizi "telegram"da izləyin