ASELSAN böyümədə qlobal rəqiblərini geridə qoydu: istehsal, sifariş və süni zəka sahəsində diqqət çəkən dinamika

2026/05/1777913188.jpg
Oxunub: 441     20:44     04 May 2026    
ASELSAN-ın baş direktoru Ahmet Akyol “A Para”da qatıldığı proqramda şirkətin 2026-cı ilə güclü maliyyə göstəriciləri ilə başladığını və son illərdə əldə olunan böyümə tempinin davamlı və struktur xarakter aldığını açıqlayıb.

Ordu.az xəbər verir ki, Ahmet Akyol ASELSAN-ın həm sifariş həcmi, həm də istehsal və təhvil qabiliyyətində eyni vaxtda artım əldə etdiyini vurğulayıb.

“Son iki ilin orta göstəricisinə baxdıqda dünyada şirkətlər 11 faiz böyüdüyü halda, biz 29 faiz böyümə əldə etmişik. Bu da gördüyümüz işləri istehsal edib təhvil verə bildiyimizi göstərir”, - deyə o qeyd edib.

Gəlir və sifarişlərdə sabit artım

Şirkətin 2026-cı ilin ilk rüb göstəricilərinə görə gəlir artımı 15 faiz təşkil edib, mövcud sifariş portfeli isə 20 milyard dollar səviyyəsini keçib. Akyol son üç ildə davamlı böyümə modelinin institusional xarakter aldığını bildirib: “Gəlirlərimizdə artım tempi yüksəlir, sifariş portfelimiz daha sürətlə böyüyür. İki rəqəmli artımı sabit şəkildə davam etdiririk”.

Təhvil göstəricilərində artım da diqqət çəkib. 2025-ci ilin ilk rübündə 418 milyon dollar olan təhvil həcmi 2026-cı ilin eyni dövründə 709 milyon dollara yüksələrək təxminən 70 faiz artım qeydə alıb.

Süni zəka proseslərə və məhsullara inteqrasiya edilib

ASELSAN-ın transformasiya prosesində süni zəkanın əsas rol oynadığını qeyd edən Akyol bu texnologiyanın həm daxili proseslərdə, həm də sahədə istifadə olunan məhsullarda aktiv tətbiq olunduğunu bildirib.

Şirkət daxilində 20-dən çox prosesdə süni zəka istifadə olunur və bu tətbiqlər sayəsində təkcə ötən il təxminən 40 milyon dollar qənaət əldə edilib. Akyol qeyd edib: “Artıq süni zəkanı sadəcə müzakirə etdiyimiz deyil, məhsullarımıza inteqrasiya edib sahəyə təhvil verdiyimiz bir mərhələdəyik”.

Süni zəka əsaslı Şəhər Təhlükəsizliyi İdarəetmə Sistemlərinin 2026-cı ilin ilk rübündə gəlirə ən çox töhfə verən üçüncü sahə olması bu transformasiyanın konkret nəticələrindən biri kimi diqqət çəkib.

Elmi-tədqiqat və inkişaf yatırımları yüksək əlavə dəyər yaradır

ASELSAN-ın elmi-tədqiqat və inkişaf xərclərinin 1 milyard dolları keçdiyini bildirən Akyol şirkətin 11 elmi-tədqiqat və inkişaf mərkəzi ilə fəaliyyət göstərdiyini və dövriyyəsinin 7 faizdən çoxunu öz vəsaiti hesabına bu sahəyə ayırdığını qeyd edib.

Bu investisiyaların nəticəsi olaraq kiloqram başına ixrac dəyəri 2200 dollara çatıb, illik ümumi ixrac isə təxminən 1 milyard dollar səviyyəsinə yüksəlib. Akyol deyib: “Bu göstəricilər Türkiyə üzrə orta səviyyədən və müdafiə sənayesi orta göstəricisindən xeyli yüksəkdir”.

Şirkətin yaxın dövrdə kvant texnologiyaları, aşağı orbit peykləri, lazer sistemləri və qabaqcıl sursat texnologiyaları kimi sahələrə fokuslanacağı bildirilib.

Universitet-sənaye əməkdaşlığında yeni model

ASELSAN-ın hazırladığı “Asel Labs” modeli ilə universitet-sənaye əməkdaşlığında yeni mərhələyə keçilib. ODTÜ, İTÜ və Hacettepe kimi universitetlərdə yaradılan laboratoriyalarda ASELSAN mühəndisləri ilə akademiklər birlikdə çalışırlar.

Akyol bu modeli “Artıq problemi təqdim edib həll gözləyən deyil, birlikdə inkişaf etdirən bir quruluşa sahibik” sözləri ilə izah edib.

“Oğulbey” Texnologiya Bazası istifadəyə verilir

Şirkətin ən böyük investisiyalarından biri olan “Oğulbey” Texnologiya Bazasında işlərin sürətlə davam etdiyini bildirən Akyol 2026-cı ilin ikinci yarısında ilk mərhələnin istifadəyə veriləcəyini açıqlayıb.

680 hektar ərazidə qurulan və 710 min kvadratmetr qapalı sahəyə malik olacaq bu obyektin Avropanın ən böyük hava hücumundan müdafiə istehsal infrastrukturundan biri olması hədəflənir.

İnsan resurslarında əks beyin axını

ASELSAN-ın təxminən 15 min nəfərlik ixtisaslı insan resursuna malik olduğunu bildirən Akyol son dövrdə xaricdən Türkiyəyə qayıdan mühəndislərin sayında artım müşahidə olunduğunu deyib.

Son 1,5 ildə 194 mühəndisin ölkəyə qayıdaraq ASELSAN-da fəaliyyətə başladığını qeyd edən Akyol bu sayın işdən ayrılan əməkdaşların sayından üç dəfə çox olduğunu bildirib.

Milliləşdirmə və təchizat ekosistemi genişlənir

Müdafiə sənayesində yerlilik səviyyəsinin 80 faizdən yuxarı olduğunu vurğulayan Akyol ASELSAN-ın milliləşdirmə fəaliyyətlərində aparıcı rol oynadığını qeyd edib.

Şirkətin ötən il yerli təchizatçılara 3,8 milyard dollar dəyərində sifariş verdiyini bildirən Akyol milliləşdirmə sayəsində 1 milyard dollardan çox vəsaitin ölkə daxilində qaldığını deyib.

SAHA 2026 qlobal əməkdaşlıqlara səhnə olacaq

Akyol SAHA 2026 sərgisinin müdafiə sənayesi baxımından strateji platforma olduğunu bildirərək sərgidə çoxsaylı yeni məhsul təqdimatlarının və beynəlxalq əməkdaşlıq razılaşmalarının həyata keçiriləcəyini deyib.

“SAHA İstanbul artıq daha yüksək səviyyəyə yüksəlmiş bir təşkilatdır. Yeni layihələr, yeni razılaşmalar və güclü əməkdaşlıqlarla ölkəmizə mühüm töhfələr verəcək”, - deyə o qeyd edib.

Güclü müdafiə sənayesi strateji təhlükəsizliyin əsasını təşkil edir

Akyol müdafiə sənayesinin yalnız hərbi deyil, həm də iqtisadi və strateji təhlükəsizliyin əsas elementlərindən birinə çevrildiyini bildirərək qeyd edib: “Güclü ordu güclü müdafiə sənayesi ilə mümkündür. Bu, eyni zamanda ölkənin rifahını və sabitliyini də təmin edir”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Türkiyə  


Bizi "telegram"da izləyin