ABŞ-nin İranla müharibədə istifadə edə biləcəyi “Dark Eagle” hipersəs raketi nədir?

2026/05/1777910870.jpg
Oxunub: 492     20:06     04 May 2026    
ABŞ ordusu hipersəs silahı olan “Dark Eagle”ın Yaxın Şərqə yerləşdirilməsini tələb edib. Bu barədə yayılan məlumatlar göstərir ki, bu addım ABŞ-yə İran daxilində daha uzaqmənzilli zərbə imkanları verə bilər.

“Bloomberg” və digər media qurumlarının məlumatına görə, ABŞ-nin Mərkəzi Komandanlığı (CENTCOM) Uzun Mənzilli Hipersəs Silahının (LRHW) yerləşdirilməsi üçün müraciət edib. Bu məlumatlar ABŞ-nin hipersəs raketinin ilk əməliyyat yerləşdirilməsinə işarə edir.

Pentaqon və Ağ Ev hələlik bu xəbərləri təsdiqləməyib. Bu məlumatlar İranın ballistik raket buraxılış qurğularının ABŞ sistemlərinin əhatə dairəsindən kənara çıxarıldığı ilə bağlı narahatlıqlar fonunda yayılıb.

Əgər yerləşdirilərsə, “Dark Eagle” ABŞ ordusunun uzaq hədəfləri minimal xəbərdarlıqla vurmaq imkanlarını genişləndirəcək. Bildirilir ki, bu silah prezident Donald Trampa Hörmüz boğazının açılması ilə bağlı dalana dirənmiş danışıqlar fonunda “İrana qarşı son zərbə” endirmək üçün yeni seçimlər təqdim edib.

“Düşünürəm ki, “Dark Eagle”ın yerləşdirilməsi bir qədər döyüş teatrıdır,” - deyə Vaşinqtonda yerləşən Hudson İnstitutunun baş elmi əməkdaşı Brayan Klark “Newsweek”ə bildirib. O, həmçinin qeyd edib: “Ordu onu real döyüş şəraitində nümayiş etdirmək istəyir, halbuki qarşı tərəf zəif təchiz olunub”.

İsraillə birlikdə İrana qarşı birgə əməliyyat başladıldıqdan iki ay sonra Tramp atəşkəsi uzadıb. Tehran isə Hörmüz boğazında gəmiçiliyə nəzarəti saxlamaq və nüvə ilə raket imkanlarını qorumaqda israr edir.

“Dark Eagle”ın texniki xüsusiyyətləri

Təsdiqlənərsə, “Dark Eagle” ABŞ-nin ilk hipersəs silahının yerləşdirilməsi olacaq. Hələ inkişaf mərhələsində olan və tam əməliyyat qabiliyyətli sayılmayan bu uzaqmənzilli silah ABŞ sistemlərinin çatmadığı ərazilərə köçürüldüyü güman edilən İran raket buraxılış qurğularını vurmaq qabiliyyətinə malikdir.

Bura ABŞ ordusunun 300 mildən (təxminən 480 km) artıq məsafədə hədəfləri vura bilən “Precision Strike Missile” (PrSM) sistemi də daxildir. Rəsmi olaraq Uzun Mənzilli Hipersəs Silahı (LRHW) adlandırılan “Dark Eagle” raketlərinin hər birinin qiyməti ən azı 15 milyon dollar təşkil edir və bəzi hesablamalara görə, bu məbləğ daha da yüksəkdir.

Buraxılış qurğuları və dəstək avadanlıqları daxil olmaqla bir batareyanın ümumi dəyərinin təxminən 2,7 milyard dollar olduğu bildirilir. Raket 2025-ci ilin aprelində Floridada sınaqdan keçirilib. Hər bir “Dark Eagle” bölməsi səkkiz raketlə silahlanmış dörd buraxılış qurğusundan ibarət olacaq.

LRHW sistemi mobil buraxılış qurğusu, bərk yanacaqlı sürətləndirici və hipersəs süzülən blokdan ibarətdir. Sistemin inteqrasiyası üzrə əsas podratçı “Lockheed Martin” şirkətidir. “Sandia” Milli Laboratoriyaları ABŞ Hərbi Dəniz Qüvvələri ilə birlikdə süzülən blok üzərində işləyib, “Aerojet Rocketdyne” isə hərəkətverici sistem təmin edir.

Buraxılış qurğusu M870 qoşqusuna yerləşdirilib və “Heavy Expanded Mobility Tactical Truck” (HEMTT) yük maşını tərəfindən çəkilir. Hər buraxılış qurğusu iki raket daşıyır. Raket hipersəs sürətinə çatmaq üçün iki mərhələli sürətləndiricidən istifadə edir, daha sonra C-HGB (Common-Hypersonic Glide Body) ayrılır.

Sistem səs sürətindən beş dəfə artıq, yəni “Mach 5”dən yüksək sürətlə hərəkət edən hipersəs süzülən aparatdan istifadə edir və uçuş zamanı manevr edə bilir ki, bu da onu ələ keçirməyi çətinləşdirir.

Sürət və manevr qabiliyyətindən əlavə, bu silahın təxminən 1700 mil (təxminən 2700 km) məsafəyə çatdığı bildirilir. Bu isə ABŞ-yə düşmən ərazisinin dərinliklərində yerləşən hava hücumundan müdafiə sistemlərini, komanda mərkəzlərini və raket buraxılış məntəqələrini vurmaqda üstünlük verir.

“Dark Eagle” Çin və Rusiyanın artıq istifadəyə verdiyi DF-17 və “Avangard” kimi sistemlərə cavab olaraq Pentaqonun həyata keçirdiyi proqramın bir hissəsidir.

Klark bildirib: “Pentaqon rəhbərliyi özlərini və başqalarını inandırmağa çalışa bilər ki, PRISM, JASSM-ER və digər yüksək texnologiyalı zərbə silahlarında olduğu kimi “Dark Eagle”dan istifadə də Çinə silahlarımızın işlədiyini göstərmək üsuludur. Bunun müəyyən dəyəri var, lakin bu, mövcud ehtiyatların böyük hissəsinin xərclənməsi hesabına olmamalıdır”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dark-Eagle   ABŞ   Raket  


Bizi "telegram"da izləyin