Starmer Avropa Siyasi Birliyinin 8-ci sammitində müzakirə olunacaq əsas mövzuları açıqlayıb

2026/04/1777402005.jpg
Oxunub: 279     12:27     04 May 2026    
İrəvanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci sammiti çərçivəsində Böyük Britaniyanın Baş naziri Kir Starmer müzakirələrin əsas istiqamətlərini təqdim edib.

Ordu.az xəbər verir ki, əsas mövzulardan biri Ukraynadakı vəziyyət olacaq.

Starmer vurğulayıb ki, münaqişənin nəticələri artıq hiss olunur, o cümlədən enerji sahəsində, bu isə sammit iştirakçıları arasında fəaliyyətlərin koordinasiyasını çox vacib edir.

“Bu gün biz Ukrayna məsələsini və ona dəstək vermək, həmçinin ehtiyac duyduğumuz davamlı sülhü təmin etmək üçün daha nələr edə biləcəyimizi müzakirə edəcəyik”, - deyə o bildirib.

Müzakirələrin ayrıca hissəsi Yaxın Şərqdəki vəziyyətə, o cümlədən İrana və Hörmüz boğazı bölgəsində təhlükəsizlik məsələlərinə həsr olunacaq. Böyük Britaniya baş nazirinin sözlərinə görə, bu proseslər qlobal təsirə malikdir və bütün ölkələrin iqtisadiyyatı və təhlükəsizliyi ilə bağlıdır.

“Biz bu istiqamətdə Avropa və digər liderlərlə işləyirik. Bu, hər birimizə birbaşa təsir edəcək, çünki hamımıza aiddir”, - deyə Starmer bildirib.

Sammit çərçivəsində Ukraynaya dəstək üçün Avropa maliyyə mexanizmi məsələsi də nəzərdən keçiriləcək. Starmer qeyd edib ki, Böyük Britaniyanın bu təşəbbüslərdə iştirakı strateji əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, belə kredit mexanizmi bir neçə tərəf üçün faydalı olacaq: Ukrayna üçün davam edən münaqişə şəraitində zəruri resursların əldə edilməsi baxımından, Böyük Britaniya üçün yeni iş yerlərinin yaradılması baxımından, həmçinin London ilə Avropa İttifaqı arasında münasibətlər üçün faydalı olacaq.

Bu məsələlərin müzakirəsi İrəvanda onlarla Avropa ölkəsinin liderlərini və tərəfdaşlarını bir araya gətirən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində aparılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Starmer   ASB  


Bizi "telegram"da izləyin