“ASB formatı Ermənistan və Azərbaycan arasında sülh üçün mühümdür” - Paşinyan

2026/04/1777551741.jpg
Oxunub: 403     12:02     04 May 2026    
“Avropa Siyasi Birliyi (ASB) formatı Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasında son dərəcə mühüm əhəmiyyət kəsb edir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ASB formatı fövqəladə dərəcədə vacibdir.

“O, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasında mühüm rol oynayıb. 2022-ci ildə Praqada keçirilən ilk ASB sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makronun və Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin təşəbbüsü ilə dördtərəfli görüş təşkil edildi. Orada Azərbaycan Prezidenti İlham Əliyev və mən taleyüklü qərar qəbul etdik. Ermənistan və Azərbaycan 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdı”, - deyə Paşinyan bildirib.

Paşinyan qeyd edib ki, həmin qərar Ermənistan və Azərbaycan arasında sülh sazişinə nail olmaq üçün real imkan yaradıb, gələcək sülhün arxitekturasını müəyyən edib və 2025-ci ilin avqustunda baş tutan tarixi Vaşinqton Sülh Sammitinin təşkilinə doğru addım olub.

“Orada, Ağ Evdə, ABŞ Prezidenti Donald Trampın dəstəyi və iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və mən sülh bəyannaməsini qəbul etdik. ABŞ Prezidenti də şahid qismində sənədi imzaladı. Üç liderin hüzurunda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişi parafladılar”, - deyə Ermənistanın Baş naziri xatırladıb.

Paşinyan, həmçinin Vaşinqton sammitinin yekunlarına əsasən razılığa gəlinən TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsinə də toxunub.

O vurğulayıb ki, bu marşrut regional yolların blokadadan çıxarılması və yeni beynəlxalq dəhlizlərin yaradılması vasitəsilə qlobal təchizat zəncirlərinin sabitliyinə böyük töhfə verəcək.

“Hazırda bizim Azərbaycanla sülhümüz var. Artıq iki ildir ki, Azərbaycanla atışmalar nəticəsində itkilər olmayıb. Bu, müstəqilliyimizi qazandığımız vaxtdan etibarən görünməmiş bir dövrdür. Bu gün biz sülhün möhkəmləndirilməsi və institusionallaşdırılması istiqamətində Azərbaycanla sıx əməkdaşlıq edirik”, - deyə Paşinyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin