Ordu.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“Bu günə qədər 49 ticarət gəmisi blokada tələblərinə uyğun olaraq yönləndirilib. ABŞ qüvvələri bu rejimin tam təmin olunması üçün fəaliyyətini davam etdirir”, - deyə açıqlamada bildirilir.
Məlumata görə, CENTCOM-un komandanı admiral Bred Kuper əvvəlki gün İranın dəniz blokadası əməliyyatında iştirak edən USS “Tripoli” universal desant gəmisində olub.
Səfər zamanı o, gəminin döyüş idarəetmə mərkəzində olub, həmçinin gəmidə xidmət edən dəniz piyadaları və heyətlə görüşüb.
Hazırda ABŞ dəniz piyadaları İranla əlaqəli və İran limanlarına gedən və ya oradan çıxan ticarət gəmilərinə qarşı blokada əməliyyatında fəal iştirak edir. Onlar bu gəmiləri Oman körfəzində helikopterlərdən enərək ələ keçirirlər.
Blokadanı təmin etmək üçün ABŞ İranın cənub-şərqində, Ərəb dənizində güclü hərbi-dəniz qüvvəsi cəmləşdirib. Bu qüvvəyə iki aviadaşıyıcı, üç böyük desant gəmisi, 13 raket esminesi və bir neçə mina axtaran gəmi daxildir.
ABŞ prezidenti Donald Tramp bildirib ki, blokada İranla sülh razılaşması əldə olunana qədər qüvvədə qalacaq. İran isə bu blokadanı atəşkəsin pozulması kimi qiymətləndirir.
Sevinc Əliyeva
Ordu.az