Avropa siyasi birliyinin sammiti başlayır: Paşinyan kompleksə gedib

2026/04/1775489688.jpg
Oxunub: 290     10:10     04 May 2026    
2026-cı il mayın 4-də İrəvanda, Karen Dəmirçyan adına İdman-Konsert Kompleksində “Gələcəyin qurulması: Avropada birlik və dayanıqlılıq” şüarı ilə Avropa siyasi birliyinin 8-ci sammiti başlayır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, Ermənistanın baş naziri Nikol Paşinyan tədbirin keçiriləcəyi Karen Dəmirçyan adına İdman-Konsert Kompleksinə gedib.

Qeyd edilir ki, sammitdə Avropa ölkələrinin dövlət və hökumət başçıları, eləcə də beynəlxalq təşkilatların rəhbərləri iştirak edəcəklər. Ümumilikdə Avropa siyasi birliyi təxminən 50 ölkənin liderlərini birləşdirir.

Bildirilib ki, tədbirdə Avropa Şurasının prezidenti Antoniu Koşta və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen də iştirak edəcək. Avropa siyasi birliyinin ilk sammiti 2022-ci il oktyabrın 6-da Praqada keçirilib.

Bundan əlavə, 2026-cı il mayın 4-5-də İrəvanda Ermənistan-Avropa İttifaqı sammiti də keçiriləcək. Daha əvvəl bildirildiyi kimi, bu görüşdə tərəflər ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi, regional təhlükəsizlik və əsas beynəlxalq çağırışları müzakirə edəcəklər.

Qeyd olunub ki, bu görüş Ermənistan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafında mühüm mərhələ olacaq və Cənubi Qafqazda sülhün, əlaqəliliyin və iqtisadi inkişafın gücləndirilməsinə yönələcək.

Danışıqlar zamanı liderlər enerji, nəqliyyat, rəqəmsal texnologiyalar və infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edəcəklər. Həmçinin Ukrayna ətrafında vəziyyət və Yaxın Şərqdə davam edən böhranın nəticələri kimi qlobal məsələlərə xüsusi diqqət yetiriləcək.

Sammitin yekununda birgə bəyanatın qəbul olunması və Ermənistan-Avropa İttifaqı tərəfdaşlığının inkişafına yönəlmiş bir sıra sənədlərin imzalanması planlaşdırılır.

Bundan başqa, Fransa prezidenti Emmanuel Makron da üçgünlük dövlət səfəri ilə Ermənistana gəlib və sammitdə iştirak edəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Sammit  


Bizi "telegram"da izləyin