Ordu.az xəbər verir ki, bu barədə “France 24” nəşri yazıb.
Nəşr qeyd edib ki, Rusiya ilə Avropa İttifaqı arasında gözlənilən bu qarşıdurma ölkədə demokratiya tərəfdarlarını narahat edir, çünki onlar seçkilərin xarici təsir altında keçəcəyindən ehtiyat edirlər.
“Macarıstanda keçirilən və avropayönümlü Peter Macarın qələbəsi ilə nəticələnən seçkilərdən sonra Avropa İttifaqı və Rusiyanın diqqəti indi Ermənistan üzərinə yönəlib. Ölkə Brüssel ilə Moskva arasında ideoloji və geosiyasi qarşıdurmanın yeni platforması kimi qiymətləndirilir.
Ermənistanda 2026-cı il iyunun 7-də keçiriləcək parlament seçkiləri xüsusi əhəmiyyət daşıyır. Uzun müddət Rusiyaya meylli olmuş ictimai rəy indi Brüssel istiqamətinə yönəlir. Rəsmi seçki kampaniyası səsvermədən 30 gün əvvəl başlasa da, namizədlər artıq təşviqat fəaliyyətlərinə başlayıblar.
Baş nazir Nikol Paşinyan, yəni “Vətəndaş Müqaviləsi” partiyasının lideri sorğulara görə hazırda öndədir. O, 2018-ci ildə baş vermiş “məxməri inqilab” nəticəsində hakimiyyətə gəlib və hazırda avropayönümlü kampaniya apararaq yenidən seçilməyə çalışır.
Onun əsas rəqiblərindən biri rusiyalı erməni milyarder Samvel Karapetyandır. O, “Güclü Ermənistan” partiyasına rəhbərlik edir və 2025-ci ildə hökuməti devirməyə cəhd ittihamı ilə daha 13 nəfərlə birlikdə həbs olunmuşdu”, - deyə müəllif bildirib.
Məqaləyə görə, bununla yanaşı, “CivilNet”in siyasi analitiki Erik Hakobyan bildirir ki, digər avropayönümlü namizədlər də uğur qazanmağa çalışır.
“O, xüsusilə İrəvanın keçmiş meri Hayk Marutyanı qeyd edir. “Bu, çox maraqlı seçkilərdir, çünki biz köhnə rejimlə əlaqəsi olmayan qərbyönümlü müxalifətin formalaşdığını görürük. Əgər onlar parlamentə daxil ola bilsələr, bu, 2018-ci ildən bəri siyasi sistemdə görünməmiş dəyişikliklərə səbəb olacaq”, - deyə ekspert qeyd edir.
Seçkilər İrəvan ilə Moskva arasında münasibətlərin pisləşməsi fonunda keçirilir. Bu münasibətlər 2023-cü ildən bəri ən aşağı səviyyədə qiymətləndirilir. İrəvan daha əvvəl bölgədə yerləşən rus sülhməramlıları Azərbaycanın hərbi əməliyyatlarını dayandırmaq üçün kifayət qədər addım atmamaqda ittiham etmişdi.
Bundan sonra Ermənistan Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını dondurub. Ekspertlərin fikrincə, Qarabağ müharibəsi səbəbindən Rusiya artıq Ermənistan üçün etibarlı təhlükəsizlik təminatçısı kimi qəbul edilmir”, - deyə nəşr bildirib.
Müəllifin sözlərinə görə, Beynəlxalq Respublikaçılar İnstitutunun Avropa və Avrasiya üzrə direktoru Stiv Niks bildirir ki, Ermənistan siyasətçilərinin Avropa İttifaqı ilə əməkdaşlığa can atmasının əsas səbəblərindən biri onun “təhlükəsizlik və rifah” ilə assosiasiya olunmasıdır.
“2026-cı ilin fevralında keçirilmiş sorğuya görə, ermənilərin 72%-i Avropa İttifaqına üzvlüyü dəstəkləyir. “Avropa İttifaqı çox cəlbedicidir. Buna görə də Ermənistanda qalib gələcək kampaniya cəmiyyəti sülh, rifah və Avropa İttifaqına inteqrasiya ilə təmin edə biləcəyinə inandıran kampaniya olacaq”, - deyə Stiv Niks qeyd edir.
Sorğuya görə, respondentlərin üçdə birinə yaxını Rusiyanı əsas siyasi təhdid hesab edir, cəmi 3% isə Avropa İttifaqını belə qiymətləndirir. Bununla yanaşı, respondentlərin 43%-i Moskvanı Ermənistanın əsas siyasi tərəfdaşı hesab edir. Rusiyayönümlü “Güclü Ermənistan” partiyası seçiciləri cəlb etmək üçün xəbərdarlıq edir ki, Paşinyanın hakimiyyətdə qalacağı halda Rusiya ilə “iqtisadi müharibə” riski yarana bilər.
Aprelin əvvəlində Vladimir Putin bildirmişdi ki, keçmiş sovet respublikası eyni zamanda həm Rusiyanın rəhbərlik etdiyi iqtisadi birlikdə, həm də Avropa İttifaqında üzv ola bilməz. Digər tərəfdən, Brüssel də bu seçkilərdə iştirak edir. Ötən ilin dekabrında Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirmişdi ki, Ermənistan seçkilərin təhlükəsizliyinin təmin olunması üçün Avropa İttifaqından yardım istəyib.
“Ermənistanda seçkilər yaxınlaşır, biz necə kömək edə bilərik? Onlar Moldovaya göstərdiyimiz kimi zərərli təsirlərə qarşı mübarizə üçün oxşar dəstək istəyiblər”, - deyə Kaya Kallas qeyd etmişdi.
2026-cı il mayın 4-dən 5-dək İrəvanda Ermənistan-Avropa İttifaqı ilk sammiti keçiriləcək. Sammitdə Nikol Paşinyan, Ursula fon der Lyayen və Antoniu Koşta iştirak edəcəklər. Bununla belə, Moskva ilə Qərb, xüsusilə Brüssel və Vaşinqton arasında gözlənilən ideoloji qarşıdurma bəzi ekspertləri narahat edir. Xüsusilə seçkilər ərəfəsində yaradılmış və demokratik şəraitin monitorinqini aparan IODA təşkilatı bu məsələyə diqqət çəkir.
IODA-nın idarə heyətinin üzvü Filip Kalfayan bildirir: “Həm Qərbin, həm də Rusiyanın bəyanatları göstərir ki, onlar öz seçimlərini diktə etməyə çalışırlar və bu qəbuledilməzdir. Onlar faktiki olaraq Ermənistan vətəndaşlarının seçimini əlindən alır və buna ciddi resurslar sərf edirlər”.
Onun fikrincə, Ermənistan-Avropa İttifaqı sammiti bunun bariz nümunəsidir, çünki seçkilərə bir neçə həftə qalmış belə tədbirin keçirilməsi ictimai rəydə Avropa İttifaqının Nikol Paşinyanı dəstəklədiyi siqnalı kimi qəbul oluna bilər.
İnsan hüquqları üzrə hüquqşünas və IODA üzvü Sara Liya Uitson isə bildirir ki, siyasətçilər ayrı-ayrı partiyalar və fiqurların Rusiya ilə əlaqələri ilə bağlı ittihamları “alətə çevirirlər”. “Hazırkı hökumət Rusiya təsiri ilə bağlı narahatlıqları şişirdir, çünki bilir ki, bu, Avropa İttifaqı və ABŞ-dən daha çox dəstək (maliyyə və digər) əldə etməyə imkan verəcək”.
Filip Kalfayanın sözlərinə görə, “hazırkı hökumət Rusiya ilə kifayət qədər yaxşı münasibətlər saxlayır: “Əlbəttə, Moskva özünə daha loyal birini görmək istərdi. Amma nəticə etibarilə, siyasi mənsubiyyətindən asılı olmayaraq, istənilən Ermənistan hökuməti Rusiya ilə yaxşı münasibətlər saxlamağa məcburdur”, - deyə məqalədə bildirilib.
Alpər Mövludoğlu
Ordu.az