Yunanıstan Hörmüz boğazında yunan gəmisinə hücum faktını rəsmi təsdiqləyib

2026/04/1776163184.jpg
Oxunub: 492     23:03     22 Aprel 2026    
Yunanıstan Xarici İşlər Nazirliyi Hörmüz boğazı bölgəsində yunan yük gəmisinə hücum faktını rəsmi şəkildə təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Qurumun rəhbəri Georgios Gerapetritis CNN-ə müsahibəsində insidentin həqiqətən baş verdiyini bildirib, lakin gəminin İran qüvvələri tərəfindən ələ keçirildiyi barədə məlumatı təsdiqləyə bilməyib.

Nazir dəqiqləşdirib ki, zərər çəkmiş konteyner gəmisi Yunanıstana məxsusdur, lakin Liberiya bayrağı altında üzürdü. Hadisə ilə əlaqədar Yunanıstan hakimiyyəti ölkəyə məxsus bütün gəmilərə təcili xəbərdarlıq göndərib, onlara maksimum ehtiyatlılıq və təmkin göstərməyi, imkan daxilində boğazdan keçməkdən çəkinməyi tövsiyə edib.

Bundan əvvəl Reuters agentliyi İran tərəfindən Fars körfəzini tərk etməyə çalışan iki konteyner gəmisinin saxlanılması barədə məlumat yaymışdı. Öz növbəsində, İslam İnqilabı Keşikçiləri Korpusu Panama bayrağı altında üzən MSC “Francesca” və Liberiya bayrağı altında üzən “Epaminondas” gəmilərinin saxlanıldığını təsdiqləyib. “Reuters”in məlumatına görə, Epaminondas gəmisi hücum barədə Oman sahillərindən təxminən 28 kilometr məsafədə xəbər verib, Böyük Britaniyanın dəniz ticarət əməliyyatları idarəsi isə İİKK-nin motorlu qayığından konteyner gəmisinin atəşə tutulduğunu qeydə alıb.

Hücuma məruz qalmış gəminin kapitanının sözlərinə görə, İranın mühərrikli qayığı konteyner gəmisinə yaxınlaşıb və radioəlaqəyə çıxmadan atəş açıb, nəticədə gəminin kapitan körpüsü ciddi zərər görüb. Yunan operator şirkəti olan “Technomar Shipping Inc.” vəziyyəti şərh etməkdən imtina edib. Yunanıstan sahil mühafizəsinin məlumatına görə, Epaminondas gəmisinin göyərtəsində 21 nəfərlik heyət var və onların arasında Ukrayna və Filippin vətəndaşları da var. Afina tərəfindən ələ keçirilmənin rəsmi təsdiqi olmasa da, “MarineTraffic” xidmətinin məlumatları göstərir ki, qeyd olunan konteyner gəmisi hazırda İran sahilləri yaxınlığındadır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörmüz   Yunanıstan  


Bizi "telegram"da izləyin