İran-ABŞ danışıqlarının ikinci mərhələsinin uğursuzluğundan və ABŞ prezidentinin atəşkəsi uzatmaq qərarından sonra mümkün inkişafları müzakirə edən İsrailin “Yediot Ahronot” qəzetinin hərbi məsələlər üzrə eksperti İşay dörd mümkün ssenari proqnozlaşdırıb.
Birinci yerdə o, dəniz blokadasına məruz qalmış İranın “enerji böhranını dərinləşdirmək” məqsədilə hərbi əməliyyatları bərpa edə biləcəyi variantını göstərib, buna cavab olaraq ABŞ və İsrail “daha genişmiqyaslı hərbi əməliyyat həyata keçirəcəklər”. İşay qeyd edir ki, bölgədə ABŞ-ın “George Bush”, “Gerald Ford” və “Abraham Lincoln” aviadaşıyıcı döyüş gəmiləri yerləşir.
İkinci mümkün inkişaf kimi israilli hərbi ekspert İranın proksi qüvvələr vasitəsilə İsrailə və regiondakı ABŞ hərbi bazalarına qarşı hücumlar həyata keçirməsini, o cümlədən Yəməndəki husilərin Bab əl-Məndəb boğazını bağlamasını nəzərdən keçirir. Diqqətçəkəndir ki, o, İraqdakı “şiə milis qüvvələrinin hücum ehtimalından” danışır, lakin Livandakı “Hizbullah”ın mümkün rolundan heç nə demir.
“Yediot Ahronot” şərhçisi üçüncü yerdə “danışıqlara qayıdış” variantını qeyd edir, lakin dərhal vurğulayır ki, bu, “İran rejimi üçün olduqca ağrılı olacaq, çünki faktiki olaraq ABŞ təzyiqlərinə tabe olmaq deməkdir”. Son mümkün ssenari kimi İşay İranın “vaxt qazanmaq ehtimalını” qiymətləndirir. O hesab edir ki, İran “bu yolla Amerika ictimai rəyinə təsir göstərməyə ümid edir ki, bu da Trampı mövqeyini yumşaltmağa məcbur edəcək”.
Gördüyümüz kimi, israilli ekspert İran-ABŞ razılaşması ehtimalını ümumiyyətlə xatırlatmır. Bu isə çox vacibdir, xüsusilə nəzərə alaq ki, regionda ABŞ-nin ən yaxın müttəfiqi İsraildir və təbii ki, orada Ağ Evin mövcud əhval-ruhiyyəsi barədə daha məlumatlıdırlar. Üstəlik, Donald Tramp prinsipial qərarlar qəbul edərkən daim baş nazir Netanyahu ilə məsləhətləşir.
Bundan, əlbəttə, belə nəticə çıxmır ki, “Yediot Ahronot” şərhçisinin qeyd etdiyi dörd ssenaridən başqa variant yoxdur və ya müzakirə edilmir. Nəzərdən qaçırmamaq lazımdır ki, İsrail müharibənin davam etdirilməsinin tərəfdarıdır, buna görə də İsrail mətbuatı İran-ABŞ danışıqlarının perspektivini “kölgəli” təqdim edə bilər. Lakin Trampın atəşkəsin uzadılması ilə bağlı bəyanatından sonra İran tərəfinin reaksiyaları əsasən hərbi ruhlu və rəddedici xarakter daşıyır. Əgər bu, doğrudan da rəsmi mövqedirsə, onda atəşkəs istənilən an pozula bilər. Daha böyük ehtimal ondan ibarətdir ki, ABŞ formal olaraq müharibədən çıxmaq barədə bəyanat verəcək və “qara iş”in məsuliyyətini Netanyahunun üzərinə qoyacaq.
Asif Cəfərov
Ordu.az