Ordu.az xəbər verir ki, bu barədə brifinq zamanı Hindistanın Limanlar, Gəmiçilik və Su Yolları Nazirliyinin nümayəndəsi Mukeş Manqal məlumat yayıb.
Bəyanat 2026-cı il aprelin 18-də baş vermiş insidentdən sonra səslənib. Həmin vaxt İran qüvvələrinin atəş açmasından sonra Hindistana məxsus iki gəmi boğazdan keçməkdən imtina etmişdi. Daha əvvəl KİV-də hadisənin saxta sxemlərlə bağlı ola biləcəyi barədə ehtimallar yayılmışdı. Həmin sxemlər çərçivəsində gəmi sahiblərinə guya ödəniş müqabilində (o cümlədən kriptovalyuta ilə) təhlükəsiz keçidin “zəmanət verilməsi” təklif olunurdu.
Dəniz risklərinin qiymətləndirilməsi ilə məşğul olan “Marisk” şirkətinin məlumatına görə, ən azı bir gəmi boğazı keçməyə cəhd zamanı bu cür saxtakarlığın qurbanı ola və atəşə tutulmuş ola bilərdi.
Manqal bu cür paylaşımları “saxta xəbərlər” adlandırıb. Xüsusilə o, “Sanmar Herald” gəmisinin kapitanının guya özünü İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin əməkdaşları kimi təqdim edən şəxslərə vəsait köçürdüyü barədə iddiaları təkzib edib. Onun sözlərinə görə, gəmi sahibi ilə əlaqə saxlanılıb və belə ödənişlərin olmadığı təsdiqlənib.
Qurum nümayəndəsi vurğulayıb ki, Hindistan tərəfinin ölkəyə məxsus hər hansı gəminin boğazdan keçidi təmin etmək üçün rəsmi qurumların xeyrinə pul köçürmələri həyata keçirdiyinə dair heç bir təsdiqi yoxdur.
Sevinc Əliyeva
Ordu.az