Ordu.az xəbər verir ki, bu barədə “The War Zone” ABŞ Hərbi Dəniz Qüvvələrinin rəsmisinə istinadən yazır.
“Arleigh Burke” sinfinə məxsus USS “Spruance” idarəolunan raket silahı ilə təchiz olunmuş esminesi 2026-cı il aprelin 19-da İranın Touska yük gəmisinə qarşı Mk 45 5 düymlük qurğudan atəş açıb. Bundan əvvəl oxşar hadisə təxminən düz 38 il əvvəl eyni regionda və eyni rəqibə qarşı baş vermişdi.
ABŞ Hərbi Dəniz Qüvvələrinin nümayəndəsinin bildirdiyinə görə, göyərtə artilleriyasının başqa bir gəmiyə qarşı tətbiqinin son etibarlı qeydə alınmış halı 1988-ci il aprelin 18-nə aiddir. Həmin vaxt Fars körfəzində “Praying Mantis” əməliyyatı, yəni ABŞ və İran Hərbi Dəniz Qüvvələri arasında döyüş toqquşması gedirdi.
Həmin vaxt ABŞ gəmiləri USS “Wainwright” raket kreyseri, USS “Bagley” müşayiət esminesi və USS “Simpson” kəşfiyyat gəmisi İranın IRIS “Joshan” sürətli zərbə gəmisinə atəş açmışdı. Gəmi əleyhinə raketlərlə yanaşı, göyərtə toplarından, “Wainwright” və “Bagley” 5 düymlük qurğulardan da istifadə edilmişdi, “Simpson” isə 3 düymlük topdan atəş açmışdı.
“Praying Mantis” əməliyyatı 1987-ci ildə başlanan daha genişmiqyaslı “Ernest Will” missiyasının bir hissəsi idi. Bu missiya İran-İraq müharibəsinin sonunda Fars körfəzində ticarət gəmilərinə hücumların güclənməsi fonunda həyata keçirilmişdi. ABŞ həmin vaxt Amerika bayrağı altında hərəkət edən Küveyt neft tankerlərini müşayiət edirdi.
“Praying Mantis” əməliyyatı zamanı İranın iki müşahidə platforması məhv edilmiş, iki gəmi batırılmış, daha biri isə ciddi zədələnmişdi. Bu, İkinci Dünya müharibəsindən etibarən ABŞ Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə baş vermiş ən böyük dəniz döyüşünə və rəqiblə gəmi əleyhinə raket zərbələri mübadiləsinin yeganə halına çevrilmişdi.
Döyüş zamanı İranın “Joshan” gəmisi xəbərdarlıqlara məhəl qoymayaraq “Harpoon” raketi buraxmışdı, lakin raket hədəfin yanından keçmişdi. ABŞ qüvvələri buna SM-1 və “Harpoon” raketləri ilə cavab vermiş, bundan sonra zədələnmiş gəmi artilleriya atəşi ilə tam sıradan çıxarılmışdı.
“Touska” gəmisi ilə bağlı müasir insident 1988-ci il hadisələrindən fərqlənir. İran gəmisi mülki idi və silahsız idi. O, dəniz blokadasını yarmağa cəhd etmişdi, bundan sonra “Spruance” top atəşi ilə onun mühərrikini zədələmişdi. Gəmi batmayıb, ona bir gəmidən digərinə keçmə tətbiq edilib və saxlanılıb.
1988-ci il əməliyyatından fərqli olaraq, indiki insident görünür, oxşar çəkindirici təsir göstərməyib. Üstəlik, İranda bunu dəniz quldurluğu aktı adlandırıblar, gəminin və heyətin qaytarılmasını tələb ediblər və cavab tədbirləri ilə hədələyiblər, lakin hələlik heç bir addım atılmayıb.
Beləliklə, “Spruance” epizodu 38 il ərzində ABŞ Hərbi Dəniz Qüvvələrinin başqa bir gəmiyə qarşı döyüş şəraitində göyərtə artilleriya silahından istifadə etdiyi ilk hal olub.
Göyərtə topları döyüş gəmisinin və ya sualtı qayığın göyərtəsində açıq şəkildə yerləşdirilən və qüllələrin daxilində gizlədilməyən artilleriya sistemləridir.
Sevinc Əliyeva
Ordu.az