Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Danışıqların ən çətin məqamı Hörmüz boğazında gəmiçiliyin bərpasıdır. Adi şəraitdə dünya neft və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən beşdə biri məhz bu marşrutla həyata keçirilir. Müharibənin əvvəlindən İran boğazdan keçən hərəkəti kəskin məhdudlaşdırıb ki, bu da enerji daşıyıcılarının qiymətlərinin sıçrayışla artmasına səbəb olub. Buna cavab olaraq ABŞ İran limanlarına daxil olan gəmiləri blokadaya alıb. Tehran israr edir ki, blokada aradan qaldırılmayana qədər boğaz açılmayacaq və danışıqlar bərpa olunmayacaq. Tramp isə öz növbəsində bəyan edib ki, məhdudiyyətlər yekun saziş imzalanana qədər qüvvədə qalacaq. Vəziyyəti daha da mürəkkəbləşdirən amil budur ki, İran indi tranzit rüsumları toplamaq üçün qanunvericilik əsasları yaradır və dünya iqtisadiyyatına təsir göstərən bu rıçaqdan asanlıqla imtina etməsi inandırıcı görünmür.
Nüvə məsələsi də gündəliyin ən ağrılı məqamlarından biri olaraq qalır. ABŞ İranı “Buşehr” atom elektrik stansiyası istisna olmaqla bütün nüvə imkanlarından tamamilə məhrum etməyə çalışır. İran isə dinc məqsədlərlə uranı zənginləşdirmək hüququna malik olduğunu bildirir. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin son məlumatlarına görə (2025-ci ilin iyununda endirilmiş zərbələrdən əvvəl) Tehran 60 faiz zənginləşdirilmiş 441 kq uran toplayıb ki, bu da təxminən bir onlarla nüvə bombasının hazırlanmasına kifayət edir. Həmin ehtiyatların hazırkı yeri məlum deyil. Tramp zənginləşdirmənin müvəqqəti dayandırılması ideyasını rədd edir və müddətsiz dondurma tələb edir, İran isə buna qarşı çıxır.
İranla qarşıdurmanı nizamlamaq üçün ABŞ-nin səylərini Livanda İsrailin “Hizbullah”a qarşı apardığı paralel müharibə daha da çətinləşdirir. Aprelin 16-da 10 günlük müvəqqəti atəşkəs elan olunsa da, “Hizbullah” danışıqlarda iştirak etməyib və silahsızlanma tələblərini qəti şəkildə rədd edir. İsrail isə öz növbəsində Livanın cənubunda “bufer zona” yaradılmasının vacibliyində israr edir.
Danışıqlardakı digər mühüm maneələr ABŞ-nin İranın ballistik raket proqramının məhdudlaşdırılması və regional qruplaşmaların, yəni “Hizbullah” və husilərin maliyyələşdirilməsinin dayandırılması ilə bağlı tələbləridir. İran isə öz növbəsində sanksiyaların ləğvini, müharibənin vurduğu zərərin kompensasiyasını və ABŞ qoşunlarının regiondan çıxarılmasını tələb edir. Bunlar Vaşinqtonun qəbul etməsinin çətin olduğu şərtlərdir.
Tramp getdikcə artan siyasi və iqtisadi təzyiq altındadır: ABŞ-də benzinin qiyməti 2022-ci ildən bəri ilk dəfə olaraq bir qallon üçün 4 dolları keçib, qarşıda isə aralıq seçkilər var.
“Bloomberg”in ekspertləri hesab edirlər ki, prezident “şərin kiçiyini” seçə, kompromisə gedə və ən mürəkkəb, həll olunmamış məsələləri bir kənara qoyaraq müharibəni dayandıra bilər.
Sevinc Əliyeva
Ordu.az