Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Şirkətin açıqlamasına görə, Malayziyanın paytaxtı Kuala-Lumpurda keçirilən DSA 2026 Müdafiə Xidmətləri Asiya Sərgisində “CTech” Malayziyada yerləşən yerli iş ortağı “AR Eastern” ilə geniş məhsul təchizatı və əməkdaşlıq sazişi imzalayıb.
İmzalanan saziş çərçivəsində “CTech” tərəfindən hazırlanmış və radioelektron mübarizə təhdidlərinə qarşı yüksək qoruma təmin edən “maneəyə davamlı peyk rabitəsi modem ailəsi” məhsullarının Malayziyaya tədarük olunması planlaşdırılır. Tərəfdaşlıq yalnız məhsul tədarükü ilə məhdudlaşmır, həmçinin təhlükəsiz peyk rabitəsi həlləri sahəsində birgə layihələrin həyata keçirilməsini və texniki səriştələrin birləşdirilməsini də əhatə edir.
İki şirkət arasındakı əməkdaşlığın əsas hədəflərindən biri də Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) bölgəsindəki iş imkanlarının birlikdə dəyərləndirilməsi kimi müəyyən olunub. Regional tələbatlara uyğun həllərin hazırlanmasının planlaşdırıldığı əməkdaşlıq prosesində “CTech”in müdafiə rabitəsi sahəsindəki ixtisaslaşması ilə “AR Eastern”in sistem inteqrasiyası qabiliyyətlərinin sinerji yaratması gözlənilir.
“CTech”in bu sahədəki texnoloji səriştəsi 2024-cü ildə NATO-nun təhlükəsiz peyk rabitəsi üçün “SecureARX” məhsullarını seçməsi ilə beynəlxalq səviyyədə təsdiqlənmişdi.
“Saziş yeni əməkdaşlıqların yolunu açacaq”
Açıqlamada fikirlərinə yer verilən “CTech”in baş direktoru Cüneyd Fırat Malayziyada “AR Eastern” ilə həyata keçirdikləri əməkdaşlığın şirkətin beynəlxalq böyümə strategiyasının mühüm addımlarından biri olduğunu vurğulayıb. Fırat bunları qeyd edib: “Təhlükəsiz və fasiləsiz rabitə texnologiyalarımıza artan regional tələbatı güclü yerli iş ortaqlıqları ilə qarşılamağı hədəfləyirik. Bu sazişin ASEAN bölgəsindəki mövcudluğumuzu gücləndirəcəyinə və yeni əməkdaşlıqların yolunu açacağına inanırıq”.
Sevinc Əliyeva
Ordu.az