“Indra Group USA” Kanzasda yeni istehsal mərkəzi açdı

2026/04/1776859075.jpg
Oxunub: 400     15:55     22 Aprel 2026    
“Indra Group USA” hava hərəkəti sistemləri istehsalını genişləndirmək məqsədilə 50 milyon dollarlıq sərmayə ilə Kanzasda yeni istehsal mərkəzi açdığını açıqlayıb.

Ordu.az xəbər verir ki, “Great Plains Commerce Center”də yerləşən təxminən 11 min kvadratmetrlik (118.000 kvadratfut) obyektin qabaqcıl istehsal və elektron sınaqlar üçün mükəmməllik mərkəzi kimi xidmət göstərəcəyi bildirilib.

Səlahiyyətli şəxslər obyektin qarşıdakı üç il ərzində 200-dən çox iş yeri yaradacağının gözlənildiyini bildiriblər.

Obyektdə milli hava məkanı sisteminin modernizasiya proqramı çərçivəsində Federal Aviasiya Administrasiyası (FAA) üçün yeni nəsil radar avadanlıqları da daxil olmaqla rabitə, naviqasiya və müşahidə sistemləri istehsal ediləcək.

Açılış mərasiminə ABŞ-nin senatoru Jerry Moran və “Indra”nın baş icraçı direktoru Xose Visente de los Mozos qatılıb.

Şirkət rəsmiləri yeni obyektin “Indra”nın “Overland Park”dakı mövcud fəaliyyətlərini tamamlayacağını və ABŞ Hərbi Hava Qüvvələri üçün radiostansiyalar və taktiki hava naviqasiyası avadanlıqları da daxil olmaqla əlavə sistemlərin istehsalını dəstəkləyəcəyini bildiriblər.

“Indra”, sözügedən sərmayənin ABŞ-dəki mövcudluğunu genişləndirmək və həm mülki, həm də hərbi hava hərəkətinin idarə olunması proqramlarını dəstəkləmək strategiyasının bir hissəsi olduğunu qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Indra   Kanzas  


Bizi "telegram"da izləyin