NATO Baş katibi Türkiyənin müdafiə sənayesində inqilab etdiyini söylədi

2026/04/1776858617.jpg
Oxunub: 530     15:47     22 Aprel 2026    
NATO Baş katibi Mark Rutte Ankara təmasları çərçivəsində ASELSAN-ı ziyarət edərək Türkiyənin müdafiə sənayesində qeydə aldığı irəliləyişi qiymətləndirib.

Ordu.az xəbər verir ki, NATO Baş katibi Mark Rutte Türkiyənin istehsal gücünə əsaslanan müdafiə modelini NATO baxımından “öyrənilməsi laızm olan uğur nümunəsi” kimi xarakterizə edib.

ASELSAN-da yüksək səviyyəli qarşılama

Rutte ASELSAN müəssisələrində Prezident Administrasiyası Müdafiə Sənayesi Komitəsinin sədri prof. dr. Haluk Görgün və ASELSAN Baş direktoru Ahmet Akyol tərəfindən qarşılanıb. Şirkətin mühəndislik infrastrukturunu yerində araşdıran NATO Baş katibi Türkiyənin müdafiə qabiliyyətlərindəki sürətli inkişafına diqqət çəkib.

Rutte bildirib: “Müdafiə xərclərimizi artırmağımız reallıqdır, lakin istehsal daha kritikdir. Türkiyənin bu mövzuda etdiklərindən öyrənəcəyimiz çox şey var. Türkiyə həqiqi müdafiə sənayesi inqilabı həyata keçirib və ASELSAN bu işin ön sıralarında yer alır”.

Qlobal təhdidlər artır

Dünyanın getdikcə daha mürəkkəb təhlükəsizlik mühitinə sürükləndiyini bildirən Rutte Rusiya, Çin və İran mənbəli təhdidlərə diqqət çəkib. Türkiyənin bu təhdidləri birbaşa hiss edən ölkələrdən biri olduğunu deyən Rutte NATO-nun kollektiv müdafiə qətiyyətini yenidən vurğulayıb.

“Rusiyanın Ukraynaya qarşı müharibəsi davam edir, Çin hərbi və nüvə qabiliyyətini genişləndirir. İran isə terror və xaos yayır. Son həftələrdə NATO, İrandan Türkiyəyə yönələn ballistik raketləri dörd ayrı dəfə uğurla qarşısını alıb”, - deyə Rutte bildirib. O, NATO-nun müttəfiqlərini qorumaq məsələsindəki qətiyyətini vurğulayıb.

Təkcə büdcə artımı yetərli deyil

Rutte müdafiə büdcələrindəki artımın təkbaşına yetərli olmadığını bildirərək istehsal gücünün önəminə diqqət çəkib. Müdafiə sənayesinin təhlükəsizliyin əsas ünsürlərindən birinə çevrildiyini bildirən Rutte belə qiymətləndirmə verib: “Təkcə pul bizi təhlükəsiz saxlamağa yetməz. Bizi təhlükəsiz saxlayacaq olan hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları, sursatlar və radarlardır. Sənayimizin bu nöqtədəki rolu kritikdir”.

Transatlantik əməkdaşlıq vurğusu

ASELSAN-ın beynəlxalq fəaliyyətlərinə də toxunan Rutte Polşaya ixrac edilən radioelektron mübarizə sistemləri və Xorvatiya donanması üçün həyata keçirilən layihələri nümunə göstərib. Müdafiə sənayesində daha genişmiqyaslı əməkdaşlığın gərəkliyinə işarə edən Rutte bildirib: “Alyaskadan Ankaraya qədər uzanan istehsal və təchizat zənciri qurulmalıdır”.

Gənc mühəndis heyətinə tərif

ASELSAN-ın gənc mühəndis heyətindən təsirləndiyini bildirən Rutte şirkətin təxminən 28 yaş ortalamasını “diqqətçəkən” adlandırıb. Gənclərin müdafiə sənayesini karyera sahəsi kimi seçməsinin uzunmüddətli təhlükəsizlik baxımından kritik olduğunu vurğulayan Rutte ASELSAN mühəndislərini nümunə göstərib.

Ziyarət Türkiyənin müdafiə sənayesində çatdığı səviyyənin NATO daxilində də diqqətlə izlənildiyini ortaya qoyarkən, istehsal yönəlmiş müdafiə yanaşmasının müttəfiqlər baxımından getdikcə daha çox önəm qazandığını göstərib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Türkiyə  


Bizi "telegram"da izləyin