“CANiK” M3 FALCON ilk dəfə SAHA 2026-da sərgilənəcək

2026/04/1776858450.jpg
Oxunub: 404     15:35     22 Aprel 2026    
Türkiyə müdafiə sənayesinin aparıcı istehsalçılarından “SYS Qrup” yeni nəsil 12.7x99 mm ağır pulemyotu “CANiK” M3 FALCON-u SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmos Sənayesi Sərgisində ilk dəfə təqdim etməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, 2026-cı il mayın 5-9-da İstanbul Sərgi Mərkəzində keçiriləcək SAHA 2026 çərçivəsində sərgilənəcək “CANiK” M3 FALCON xüsusilə hava platformalarının çətin əməliyyat tələbləri nəzərə alınaraq hazırlanıb.

Açıq mexanizm (open-bolt) quruluşu sayəsində həddindən artıq isinmənin qarşısını alan sistem yüksək atəş sürəti, etibarlılıq və müasir döyüş meydanının dəyişkən şərtlərinə uyğunlaşan çevik quruluşu ilə seçilir.

“SYS Qrup” tərkibindəki “CANiK”in illik 6 min ədəddən artıq istehsal gücü ilə 12.7×99 mm NATO ağır pulemyot seqmentində dünyanın aparıcı istehsalçıları arasında yer aldığı bildirilir. Şirkət M2 QCB, M2F, M3 və M3 FALCON olmaqla dörd fərqli variant istehsal edə bilən yeganə istehsalçı mövqeyindədir.

İnteqrasiya edilmiş hava hücumundan müdafiə arxitekturası ön plana çıxacaq

Sərgi çərçivəsində əlavə olaraq UNIROBOTICS tərəfindən hazırlanmış “Dağınıq Mobil Təbəqəli Hava Hücumundan Müdafiə Arxitekturası” da sərgilənəcək. Mart ayında təqdim edilən bu konsepsiya TRAKON uzaqdan idarə olunan silah sistemləri, “CANiK” ağır pulemyot ailəsi və VENOM LR orta çaplı top sistemini vahid inteqrasiya edilmiş şəbəkə altında birləşdirir.

Sözügedən arxitektura fərqli mənzil təbəqələrində təsirli həll təqdim etməsi və xərc baxımından səmərəli quruluşu ilə xüsusilə müasir pilotsuz uçuş aparatı təhdidlərinə qarşı diqqətçəkən alternativ kimi qiymətləndirilir.

Strateji tərəfdaşlıqları böyütməyi hədəfləyirik

“SYS Qrup-CANiK” Baş direktoru Cahit Utku Aral SAHA 2026-nın yalnız bir sərgi deyil, eyni zamanda qlobal əməkdaşlıqların formalaşdığı strateji platforma olduğunu vurğulayıb.

Aral qeyd edib: “SAHA 2026, konkret layihələrin cücərdiyi, B2B, B2G və G2G görüşmələri ilə qlobal iş həcminin birbaşa artdığı strateji ekosistemdir. Bu xüsusiyyəti bizim üçün son dərəcə önəmlidir”.

“CANiK” M3 FALCON və yeni nəsil mobil təbəqəli müdafiə arxitekturası ilə beynəlxalq bazarda fəallıqlarını artırmağı hədəflədiklərini bildirən Aral qeyd edib: “Məqsədimiz Türkiyənin mühəndislik gücünü dost və müttəfiq ölkələrin inventarına sürətli təhvil və problemsiz inteqrasiya üstünlüyü ilə daşımaq və qlobal bazardakı payımızı yeni strateji tərəfdaşlıqlarla böyütməkdir”.

“SYS Qrup”un SAHA 2026-ya “CANiK”, “AEI Systems” və UNIROBOTICS şirkətləri ilə birlikdə geniş məhsul portfeli və güclü iştirakla qatılacağı bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: CANiK   SAHA-2026  


Bizi "telegram"da izləyin