Erməni deputat: “Aprelin 23-də parlamentdə 44 günlük müharibə mövzusunda müzakirə keçiriləcək”

2026/04/1776846935.jpg
Oxunub: 466     17:12     22 Aprel 2026    
“44 günlük müharibədə ölmüş, itkin düşmüş hərbçilərin valideynləri mənə müraciət edərək öz həqiqətlərini səsləndirmək, məlumatlandırılmış və dinlənilmiş olmaq, həmçinin müharibə ilə bağlı halların açıq müzakirəsini aparmaq hüquqlarının təmin edilməsini xahiş ediblər”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Taquhi Tovmasyan bildirib.

“Söhbət yalnız siyasi və ya prosedur məsələsindən getmir, ilk növbədə insan hüquqlarından gedir. İtkin düşənlərin ailələri illərdir qeyri-müəyyənlik, informasiya boşluğu və cavabsızlıq şəraitində yaşayırlar.

Belə vəziyyətdə dövlət ailələrlə mümkün qədər açıq, şəffaf və ləyaqətli ünsiyyəti təmin etməyə borcludur.

Valideynlərin müraciəti əsasında artıq rəsmi şəkildə parlament aparatının rəhbəri-baş katibinə müraciət etmişəm ki, parlamentin plenar iclaslarının böyük zalı işçi müzakirənin təşkili üçün ayrılsın. Müzakirə 44 günlük müharibənin hallarını araşdıran istintaq komissiyasının məxfi məktubla arxivləşdirilmiş hesabatı və müharibə ilə bağlı digər hallara həsr olunmalıdır.

Təklif edirik ki, müzakirə aprelin 23-də saat 12:00-da parlamentin böyük zalında açıq, canlı yayımla keçirilsin, qapalı formatda yox.

Bu məsələdə əsas olanlar bunlardır:

ailələrin öz həqiqətlərini səsləndirmək və eşidilmək hüququ,
dövlət qurumlarının hesabatlılığı,
və ölənlərin, itkin düşənlərin yaxınlarına qarşı ləyaqətli münasibət.

Əlavə təfərrüatlar barədə sonra məlumat veriləcək. Müraciət və məktubu şərh bölməsində yerləşdirəcəyəm”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Tovmasyan  


Bizi "telegram"da izləyin