“Past”: Paşinyanın partiyasının üzvləri öz rəhbərlərinə qarşı çıxırlar

2026/04/1776846887.jpg
Oxunub: 513     17:34     22 Aprel 2026    
Son dövrdə hakim partiya üzvlərinin davranışları Nikol Paşinyanın reytinqini qorumaq cəhdlərinə zərbə vurur.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Paşinyanın partiyasının üzvləri öz rəhbərlərinə qarşı” başlıqlı məqaləsində yazıb.

“Son dövrdə getdikcə daha tez-tez belə təəssürat yaranır ki, hakim partiya üzvləri daim, necə deyərlər, “öz ayaqlarına atəş açırlar”. Nikol Paşinyan mümkün və qeyri-mümkün, icazəli və icazəsiz, qanuni və qanunsuz bütün vasitələrdən istifadə edərək dibə enmiş reytinqini heç olmasa bir qədər xilas etməyə çalışdığı halda, bir sıra hakim partiya üzvləri vaxtaşırı bu səyləri sadəcə puça çıxarırlar”, - deyə nəşr qeyd edib.

Müəllif vurğulayıb ki, məsələn, biri sosial şəbəkələrdə küçə səviyyəsində ən son sözlərlə vətəndaşları təhqir edir, digəri “sinələrin məşğulluğundan” danışır, üçüncüsü orduda xidmət edənlərin hamısını alçaldır və sair.

“Üstəlik, hakim partiya üzvləri sanki bir adət halına gətiriblər ki, əvvəlcə hansısa biabırçı hərəkət etsinlər, sonra da yarımçıq şəkildə üzr istəsinlər, guya bununla etdikləri qəbulolunan oldu.

Aydındır ki, bütün bunlar hakim partiya üzvlərinə xas davranışdır, onlar heç vaxt mədəni danışıq tərzi ilə seçilməyiblər. Nikol Paşinyanın özü də bu baxımdan daim bütün “qırmızı xətləri” keçir, xüsusilə də bir neçə gün əvvəl müxalifətə səs verməyə hazır olan bütün vətəndaşları, yəni erməni xalqının böyük əksəriyyətini “it və çaqqal” adlandırmışdı.

Lakin son dövrdə Nikol Paşinyana daha böyük sədaqət göstərmək, müxalifəti daha sərt təhqir etmək yarışına daxil olan ayrı-ayrı hakim partiya üzvlərinin davranışı hətta hakim partiyaya xas ritorikanın çərçivəsindən də çıxır”, - deyə nəşr bildirib.

Nəşrin məlumatına görə, hətta Nikol Paşinyan da bu cür təzahürlərə təəccüblənib və tapşırıq verib ki, yalnız ictimai çıxışların çərçivəsi məhdudlaşdırılmasın, həm də hakim partiya üzvlərinin sosial şəbəkələrdə davranışı ciddi nəzarətdə saxlanılsın.

“Görünür, o da anlayır ki, çoxsaylı hakim partiya üzvləri öz davranışları ilə faktiki olaraq onun əleyhinə işləyirlər. Yəqin ki, istəmədən…”, - deyə müəllif bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin