Ordu.az xəbər verir ki, Qazaxıstan Respublikasından gələrək Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Birinci Qarabağ müharibəsində iştirak etmiş, şəhidlik zirvəsinə ucalmış Yerbol Turexan oğlu Barımbetovun əziz xatirəsinə şeir həsr olunub.
“TÜRK OĞLU YERBOL...” adlı şeirin müəllifi Anar Əhmədovdur. Əsərdə Yerbol Barımbetovun həm Azərbaycan, həm də Qazaxıstan xalqlarının ortaq qəhrəmanı kimi təqdim edildiyi, onun Azərbaycan uğrunda göstərdiyi fədakarlığın xüsusi vurğulandığı bildirilir.
Şeirdə Yerbol Barımbetovun Qazaxıstanın Cambul bölgəsində dünyaya göz açdığı, lakin mənən bütün Türk dünyasına bağlı olduğu qeyd olunur. Müəllif onun ən ağır döyüş anlarında könüllü şəkildə Qarabağa yollandığını, kəşfiyyat tapşırıqlarında iştirak etdiyini və düşmənə qarşı mərdliklə vuruşduğunu poetik dillə ifadə edir.
Eyni zamanda vurğulanır ki, Yerbol Barımbetov Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq və birliyin canlı simvoluna çevrilib. Onun adı hər iki xalqın tarixində ehtiramla yad olunur.
TÜRK OĞLU YERBOL...
Şəhidlik zirvəsi - şöhrətin, şanın,
Qürurla anılır hər yerdə adın.
Qəhrəman oğlusan Azərbaycanın,
Qazaxlı döyüşçü, türk oğlu Yerbol.
Cambulda göz açdın sən bu cahana,
Ruhunla bağlısan bütün Turana,
“Canım fəda” dedin Azərbaycana,
Qazaxlı döyüşçü, türk oğlu Yerbol.
Döyüşlər baş verən ən çətin anda,
Könüllü yollandın sən Qarabağa.
Getdin kəşfiyyata, saldın pusquya,
Düşməni məhv etdin türk oğlu Yerbol.
Azərbaycan ilə Qazaxıstanın,
Doğma övladısan hər iki xalqın.
Tarixə həkk olub əbədi adın,
Qazaxlı döyüşçü, türk oğlu Yerbol.

Anar Əhmədov
Ordu.az