Ermənistan KİV-i: Onik Qasparyanı danışmağa nə vadar edir?

2023/11/1701075055.jpg
Oxunub: 629     21:16     20 Aprel 2026    
“News.am”ın məlumatına görə, hazırda hakimiyyətdə hələ də aydın mövqe yoxdur ki, Baş Qərargahın keçmiş rəisi Onik Qasparyanın parlamentdə 2020-ci ilin 44 günlük müharibəsi ilə bağlı qapalı müzakirə təşkil etmək təklifinə razılıq veriləcək, yoxsa yox”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “News.am” nəşri “Onik Qasparyanı danışmağa nə vadar edir?” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, ötən gün Onik Qasparyan bildirmişdi: “Reallıqla üzləşməyin və dövriyyədə olan bütün yalanları, əsassız manipulyasiyaları partlatmağın vaxtıdır. Silahlı qüvvələrə aid hissə üzrə ətraflı və çoxşaxəli əsaslandırılmış təhlil təqdim etməyə hazıram”.

Müəllif qeyd edib ki, Qasparyan müzakirəyə həmin dövrdə siyasi və hərbi əsas vəzifələr tutmuş şəxslərin cəlb edilməsini təklif edir.

“Hakimiyyətdə bir çoxları təəccüb içindədir ki, Qasparyan qapalı müzakirədə hansı əlavə məlumatları açıqlamalıdır ki, bunu 2023-cü il martın 16-da, parlamentin 44 günlük müharibənin şəraitini araşdıran istintaq komissiyasının iclasında iştirak edərkən deməyib. Üstəlik, qapalı müzakirədə yalnız dövlət sirrinə çıxış icazəsi olan şəxslər, yəni demək olar ki, istintaq komissiyasında olan eyni heyət iştirak edə bilər. Bəs onda niyə 2020-ci ildən sonra Onik Qasparyan susmağa üstünlük verdi və açıq şəkildə heç nə demədi, indi isə seçkilərə cəmi 2 ay qalmış qapalı formatda danışmaq istəyir?

Ekspert dairələrində Qasparyanın danışmaq niyyəti jurnalist və nəşriyyatçı Aram Qabrelyanovun iki gün əvvəlki paylaşımı ilə də əlaqələndirilir. O yazıb: “44 günlük Qarabağ müharibəsinin lap əvvəlində və kulminasiya mərhələsində mən şəxsən iki dəfə Onik Qasparyanla Moskvadakı “Ararat Hyatt” hotelində görüşmüşəm. Mən onunla təkbətək hotel nömrəsində görüşmüşəm. Şahidlər onun köməkçiləri və mühafizə əməkdaşları idi. Hər görüş təxminən bir saat davam edib. Mən nə gördüm və nə eşitdim? Qarşımda tamamilə sarsılmış və qorxaq bir insan oturmuşdu. Ən dəhşətlisi isə o idi ki, o, rəqiblərindən yox, Paşinyandan qorxurdu. Bütün söhbətlərimizin əsas leytmotivi belə idi.

Niyə erməni ordusu iştirak etmir?

“İskəndər”lər haradadır?

General Qriqori Xaçaturov haradadır?

Bütün suallara yalnız bir cavab var idi: “Paşinyan istefa və həbs təhdidi ilə buna icazə verməyəcək”. Mən sərt şəkildə tələb etdim ki, Onik açıq şəkildə general Gerasimova və şəxsən Putinə müraciət etsin. Qasparyan özünü məcbur edib dedi: “Paşinyan ruslara müraciəti qadağan edib və şəxsən İlham Əliyevlə danışıqlar aparır”. Mən ona dedikdə ki, qaynar nöqtədə olan jurnalistimiz Semyon Peqov mənə məlumat verib ki, siz qoşunları Daşaltıdan çıxarmaq əmri vermisiniz, Onik mızıldandı: “Mən yox, Paşinyan. Şuşanı azərbaycanlılara təhvil verməyi o əmr etdi, guya qoşunlar qaçıb”. Hər şey məhz belə olub. Əgər yalan danışıramsa, qoy Onik ortaya çıxsın və desin ki, mən yalan danışıram”, - deyə nəşr bildirib.

Məqalədə qeyd edilib ki, bu bəyanatdan 2 gün əvvəl isə parlament tribunasından “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan da müharibənin şəraitinə toxunaraq, məğlubiyyətin məsuliyyətini Nikol Paşinyanın üzərinə qoymuşdu.

“O bildirib: “Paşinyan deyir ki, 44 günlük müharibə vaxtı generallar qaçıblar. Parlament rəhbərliyi və deputatlar Qarabağa gəlmişdilər, həmin vaxt səfərbərlik resursu ilə işləmək zərurəti var idi. Amma onlardan heç biri gedib səfərbərlik resursu ilə işləməyi özünə rəva bilmədi. Qoyub qaçdılar. “Müdafiə ordusu”nun (ləğv edilmiş qanunsuz “hərbi birləşmə”-red.) 283 kilometr müdafiə xətti var idi, onun 265 kilometri oktyabrın 27-dək, bir ay ərzində saxlanılıb. Sizin dediyiniz generallar həmin ərazidən qaçıblar? Məsuliyyət sizin üzərinizdədir, cənab Paşinyan. Çünki əgər qərarı “müdafiə ordusu” qəbul edirsə, onu Baş Qərargah və ya “Qarabağ rəhbəri” təsdiqləyir. Əgər Ermənistanın və “Qarabağın bir neçə hərbi birləşməsi” iştirak edirsə, onda qərarları Baş Qərargah rəisi qəbul edir və siz təsdiqləyirsiniz. Azərbaycan sizin məsuliyyət zonanızdan keçərək Şuşaya, Laçına, Gorusa, Qafana, Mehriyə çatıb”, - deyə nəşr yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qasparyan  


Bizi "telegram"da izləyin