Türkiyənin seçimi Cənubi Qafqazın taleyini müəyyən edə bilər

2026/04/1776690239.jpg
Oxunub: 900     17:03     20 Aprel 2026    
Aprelin 18-də ABŞ-nin Müharibə Nazirliyinin saytında siyasi məsələlər üzrə müavin Elbric Kolbinin bəyanatı dərc edilib. Həmin bəyanata görə, “ABŞ Ukrayna ordusuna silah tədarükünü davam etdirir”. Bu əməliyyat bir neçə Avropa ölkəsinin ödənişləri hesabına həyata keçirilir. Kolbi Avropa ölkələrini “qitənin müdafiəsi məsuliyyətini öz üzərlərinə götürməyə” çağırıb.

Rusiyanın “Nezavisimaya Qazeta” nəşri Avropa İttifaqının təhlükəsizlik və kosmos məsələləri üzrə komissarı Andrius Kubiliusun fikirlərini sitat gətirib. Onun sözlərinə görə, Avropa öz vahid ordusuna, komandanlığına və qərargah mərkəzinə malik olmalıdır. Avropa komissarı xüsusi olaraq vurğulayıb ki, Avropa ordusuna Ukrayna hərbi birləşməsi də daxil edilməlidir.

Antalya Diplomatiya Forumunun bağlanış çıxışında Türkiyənin xarici işlər naziri Hakan Fidan İsraili sərt şəkildə tənqid edib, Yunanıstan və Kiprin yunan administrasiyası ilə anti-İslam hərbi ittifaq formalaşdırdığını bildirib. Fidan bu açıqlamanı Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın yaxın gələcəkdə hərbi-siyasi üçtərəfli ittifaq bağladıqlarını elan edəcəkləri barədə fikrə cavab olaraq verib.

Antalyada kameralar Türkiyə və Azərbaycan prezidentləri ilə Pakistan Baş nazirinin görüşünü qeydə alıb. Məlumdur ki, Azərbaycan Türkiyə ilə qarşılıqlı hərbi yardım haqqında müqaviləyə malikdir, Pakistan isə Azərbaycanın strateji müttəfiqidir. Türkiyənin xarici işlər naziri əmin edib ki, Pakistan və Səudiyyə Ərəbistanı ilə hərbi əməkdaşlıq regionda sülh və sabitlik yaratmaq məqsədi daşıyır.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bir neçə gün əvvəl Brusselsdə Avropa İttifaqının təhlükəsizlik və kosmos məsələləri üzrə komissarı Andrius Kubilius ilə görüşüb. İki həftədən sonra İrəvanda Avropa İttifaqı-Ermənistan sammiti keçiriləcək. Mirzoyan-Kubilius görüşünə əsasən görünür ki, tərəflərin gündəliyində təhlükəsizlik məsələlərində əməkdaşlıq da var.

Daha əvvəl Avropa İttifaqı Türkiyə ilə hərbi sənaye inteqrasiyası perspektivini müzakirə edib. Türkiyədə yenidən Rusiya Prezidenti Vladimir Putinin səfərini gözləyirlər. Görünür, bu həm də Antalya Diplomatiya Forumu ərəfəsində baş vermiş Rusiya-Azərbaycan müttəfiqlik əməkdaşlığının qaydaya düşməsi ilə bağlıdır. Cənubi Qafqazın təhlükəsizlik mühitinin problemi, görünür, Türkiyənin Rusiya ilə Avropa İttifaqı arasında hansı seçimi edəcəyindən asılı olacaq.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Cənubi-Qafqaz  


Bizi "telegram"da izləyin