Ordu.az xəbər verir ki, bunu hökumətin iclasından sonra jurnalistlərlə brifinqdə Ermənsitanın Baş naziri Nikol Paşinyan bildirib.
Ermənistan gerbindən Ağrı dağının təsvirinin çıxarılmasına ehtiyac görüb-görməməsi ilə bağlı suala Paşinyan belə cavab verib: “Əvvəlcə Ararat (Ağrı-red.) adı barədə... Müxalifətçilərimiz bunu çox qeyri-korrekt şəkildə istifadə edirlər, hamımıza xatırlatmaq istəyirəm ki, Ermənistanda Ararat vilayəti, Ararat yaşayış məntəqəsi, Ararat icması var. Biz dövlətçilikdən danışırıq. Mənim problemim odur ki, biz öz ərazi bütövlüyümüzü qiymətləndirmirik, dövlətlə qeyri-dövlət arasındakı xətti görmürük. “Real Ermənistan” ideologiyasının bütün mənası ondadır ki, biz dövlət üzərində cəmlənməliyik, çünki vətən dövlətdir. Mən sizin dediyiniz məsələ ilə bağlı belə sual qaldırmıram. Mən dövlətimiz, dövlət atributlarımız, ərazi bütövlüyümüzü qorumaq zərurəti barədə məsələ qaldırıram. Bunun mühüm atributlarından biri də qonşuların ərazi bütövlüyünü qəbul etməkdir, çünki bizim ərazi bütövlüyümüz qonşularımızın ərazi bütövlüyü ilə əhatə olunub”.
Sinəsinə taxılmış Ermənistan xəritəsi təsvirli nişanı göstərən Paşinyan deyib: “Bu təsvir qonşularımızın beynəlxalq səviyyədə tanınmış ərazilərinin konturu ilə formalaşıb. Biz bunu tanıyırıqmı, yoxsa yox? Çoxları məni ittiham edir, deyirlər ki, bu xətti qəbul etməklə bizi məhdudlaşdırırsınız ki, gedib daha çox əldə etməyək. Mən deyirəm ki, bəli, düz deyirsiniz, məhdudlaşdırırıq, bir fərqlə ki, bu xətt təkcə bizi yox, başqalarını da məhdudlaşdırır. Əgər biz desək ki, burada xətt yoxdur, deməli biz gedib istədiyimizi və bacardığımız qədər götürə bilərik, onlar da deyə bilərlər ki, çox yaxşı, xətt yoxdursa, biz də gəlib istədiyimizi və bacardığımız qədər götürək.
Təhlükəsizlik deyəndə anlamalıyıq ki, bu hansı komponentlərdən ibarətdir”, - deyə Paşinyan bildirib və əlavə edib ki, buna “Vətəndaş Müqaviləsi” partiyası seçkiqabağı proqramında ətraflı toxunub.
Alpər Mövludoğlu
Ordu.az