Erməni politoloq: “Aİ “köməyə” gəlir, amma kimə və nəyin hesabına?”

2026/04/1776064047.jpg
Oxunub: 388     09:26     20 Aprel 2026    
“Aİ “köməyə” gəlir, amma kimə və nəyin hesabına?”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants yazıb.

Onun sözlərinə görə, Avropa İttifaqı Ermənistana yeni mülki missiya göndərmək qərarına gəlib və bunu hibrid təhdidlərə qarşı mübarizəyə dəstək, eləcə də dövlət institutlarının dayanıqlılığının artırılması vasitəsi kimi təqdim edir.

“Missiyanın əsaslandırılmasında qarşıdakı seçki dövrünə, parlament, yerli özünüidarəetmə seçkilərinə və hətta mümkün konstitusiya referendumuna xüsusi yer ayrılıb.

Lakin daha diqqətçəkən məqam odur ki, missiyanın məqsədləri arasında açıq mətnlə “Rusiyanın sabitliyi pozan fəaliyyətlərini azaltmaq və neytrallaşdırmaq” ifadəsi göstərilir. Bu, aydın geosiyasi mövqelənmədir. Xarici aktor təhdid mənbəyini əvvəlcədən müəyyən edəndə, faktiki olaraq öz strateji qarşıdurmasını həmin ölkənin ərazisinə daşıyır”, - deyə o qeyd edib.

Surenyants bildirib ki, bu şəraitdə Ermənistan geosiyasi rəqabət meydanına çevrilir.

“Burada fundamental sual yaranır: bu missiyanın məqsədi Ermənistanın dayanıqlılığını artırmaqdır, yoxsa onun geosiyasi istiqamətinə nəzarət etmək?

Bu missiyanın daxili siyasi nəticələrini də görməməzlikdən gəlmək olmaz. Mövcud hakimiyyət son illər Qərblə əməkdaşlığı, o cümlədən təhlükəsizlik sahəsində ardıcıl şəkildə dərinləşdirir. Belə bir missiyanın yerləşdirilməsi obyektiv olaraq bu kursu gücləndirir, xarici dayaq və əlavə legitimlik mənbəyi formalaşdırır.

Daxili siyasi rəqabəti əks etdirməli olan seçkilər tədricən Qərblə Rusiya arasında geosiyasi seçim kimi qəbul edilməyə başlayır. Belə şəraitdə seçki prosesi öz müstəqil dəyərini itirir və xarici təsirlərin toqquşma meydanına çevrilir.

Aİ missiyası bəyan olunan məqsədlərdən asılı olmayaraq, qaçılmaz şəkildə xarici siyasi qarşıdurmanı Ermənistanın daxili həyatına daşıyır, qütbləşməni dərinləşdirir və xarici aktorlardan asılılığı artırır”, - deyə erməni politoloq vurğulayıb.

Surenyants qeyd edib ki, məsələ Aİ və ya Rusiya deyil, Ermənistanın subyektliyidir.

“Ölkənin təhlükəsizliyi və seçki prosesləri xarici güclərin rəqabət alətinə çevriləndə, təkcə siyasi tarazlıq deyil, həm də dövlət suverenliyinin mahiyyəti təhlükə altına düşür.

Deməli, bu missiya əslində kimə “kömək” edir və Ermənistan bunun əvəzində hansı bədəli ödəyəcək?”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Surenyants   Ermənistan  


Bizi "telegram"da izləyin