FT: Türkiyə Orta Dəhlizi Hörmüz boğazına alternativ kimi irəli aparır

2026/02/1770449435.jpg
Oxunub: 636     09:17     20 Aprel 2026    
Hörmüz boğazında müharibə alovları və dünyanın ən mühüm enerji damarlarından birinin iflic vəziyyətə düşməsi fonunda Türkiyə özünü qlobal ticarət üçün təhlükəsiz məkan kimi təqdim edərək Orta Dəhliz adı ilə tanınan tarixi marşrutu yenidən canlandırır.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” yazır.

Nəşrə görə, Ankara Ermənistanla uzun illər bağlı qalmış sərhəd keçid məntəqəsinin açılmasından başlayaraq prezident Donald Trampın iddialı “Beynəlxalq Sülh və Rifah Yolu” (TRIPP) (Zəngəzur dəhlizi-red.) proqramının irəli aparılmasına qədər Asiya ilə Avropa arasında yük tranzit axınlarına nəzarəti öz əlinə almağa çalışır. Lakin Hörmüz boğazını dəmir yolu və avtomobil nəqliyyatı ilə tam əvəz etmək arzusu hələ də ciddi geosiyasi çətinliklər və logistika maneələri ilə üzləşir.

Məqalədə bildirilib ki, Türkiyə son geoiqtisadi manevri zamanı Hörmüz boğazındakı təhlükəsizlik riskini sürətlə qlobal ticarət qovşağına çevrilmək üçün böyük imkana çevirir. Bu məqsədlə Türkiyə hakimiyyəti son vaxtlar Ermənistanla sərhəddə yerləşən “Alican” keçid məntəqəsində pasport xidmət sistemləri quraşdırmağa başlayıb. Bu məntəqə 32 il ərzində bütün dünya üçün bağlı qalmışdı və indi Asiya ilə Avropa arasında fasiləsiz əlaqə üçün Orta Dəhlizin çatışmayan halqasına çevrilə bilər.

“Bu dəhlizin Türkiyə üçün strateji əhəmiyyəti həyati xarakter daşıyır. Çünki İranla ABŞ-nin müharibəyə başlaması və Hörmüz boğazının bağlanması təhlükəsi enerji daşıyıcıları və malların tranziti üzrə ənənəvi marşrutlarda misli görünməmiş pozuntular yaradıb.

Bu qlobal böhranla bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib: “Elektrik ötürücü xətlər üçün daha təhlükəsiz alternativlərin tapılması istiqamətində danışıqlar başlayıb və biz inanırıq ki, bu qlobal böhran ölkəmiz üçün yeni qapılar açacaq”.

Ukraynada və Fars körfəzində münaqişələrin bataqlığına birbaşa cəlb olunmaqdan məharətlə yayınan Türkiyə indi öz ərazisini sabitlik adası və mallarla enerjinin axını üçün təhlükəsiz sığınacaq kimi təqdim edir. Hətta ötən ay kritik regionlarda hava məkanına qoyulan məhdudiyyətlər səbəbindən Avropa ilə Asiya arasında kommersiya uçuşlarının əhəmiyyətli hissəsi məhz Türkiyə səması üzərindən həyata keçirilib”, - deyə nəşr qeyd edib.

Müəllif yazıb ki, keçmiş baş nazir Binəli Yıldırım bu dəhlizin iqtisadi əhəmiyyəti ilə bağlı təsirli statistik göstəricilər təqdim edərək deyib: “Avropa ilə Asiya arasında illik ticarət dövriyyəsi 3 trilyon dollara çatır. Bunun 90 faizi təxminən 40 gün çəkən uzun dəniz marşrutları ilə həyata keçirilir. Lakin Orta Dəhliz bu müddəti cəmi 12-15 günə endirə bilər”.

Məqalədə bildirilib ki, vaxt baxımından bu qədər ciddi qənaət Avropa rəsmilərinin də diqqətini cəlb edib. Avropa İttifaqının komissarı bu proqramı “oyunun qaydalarını kökündən dəyişən” layihə kimi xarakterizə edib.

“Bu iddialı baxışın əsasında iki əsas layihə dayanır. Birincisi, İraq ərazisindən keçən “İnkişaf yolu” layihəsidir ki, bu da infrastruktur sahəsinə milyardlarla sərmayə tələb edir. İkincisi isə Ermənistan ərazisindən keçərək Türkiyə ilə Azərbaycanı birləşdirən nəqliyyat xəttinin möhkəmləndirilməsidir.

“Kalyon” kimi Türkiyə tikinti şirkətləri artıq bu marşrutun hər iki tərəfində dəmir yolu tikintisi işlərinə başlayıblar. Yıldırım proqnozlaşdırır ki, işlər başa çatdıqdan sonra Orta Dəhliz üzrə tranzit həcmi illik 5 milyon tondan 20 milyon tona yüksələ bilər. Bununla belə, “J.P. Morgan”ın aparıcı analitikləri xəbərdarlıq edirlər ki, bu marşrut hələ də “çatılması çətin zərurət” olaraq qalır. Bu, hamının ehtiyac duyduğu, lakin Xəzər dənizi üzrə ləng keçidlər və mürəkkəb, vaxt aparan gömrük prosedurları səbəbindən az adamın istifadə etməyə üstünlük verdiyi yoldur”, - deyə müəllif vurğulayıb.

Nəşrin yazdığına görə, bu planın reallaşması yolunda geosiyasi maneələr də az deyil.

“İranı açıq şəkildə kənarda qoyan TRIPP proqramı xarici təzyiqlərə qarşı çox həssasdır. Ənənəvi olaraq Cənubi Qafqaza nəzarət edən Rusiya Ermənistanın Qərbə yönələn ticarət dönüşünə şübhə ilə yanaşır. Rusiya prezidenti Vladimir Putin yaxın vaxtlarda açıq şəkildə xəbərdarlıq edib ki, İrəvanın ticarət kursunun Avropaya yönəlməsi Moskvanı ölkəyə qaz tədarükünü azaltmağa məcbur edə bilər.

Bundan başqa, regionda əvvəlki layihələrin taleyi göstərir ki, bu logistika arzusunun gerçəkləşməsi əsasən regionda siyasi iradədən və sabitlikdən asılıdır. Bununla belə, Türkiyənin hazırkı logistika əhəmiyyəti danılmazdır.

Hər gün Bosfor boğazından 3,5 milyon barel neft keçir, 1,2 milyon barel isə Bakı-Tbilisi-Ceyhan strateji boru kəməri vasitəsilə əldə olunur. Bundan əlavə, gündəlik 250 min barel ötürmə gücünə malik Kərkük-Ceyhan boru kəmərinin fəaliyyətinin bərpası və Mərkəzi Asiya qazını Avropanın mərkəzinə çatdıracaq güclü Transxəzər boru kəmərinin yenidən gündəmə gəlməsi Ankaranın tanınmış enerji habı kimi mövqelərini gücləndirir”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ermənistan  


Bizi "telegram"da izləyin