Türkiyənin milli proqram təminatı KOVAN ilk dəfə ixrac edildi

2026/04/1776512659.jpg
Oxunub: 697     15:41     18 Aprel 2026    
Xaricdən tədarük edilən korporativ resurs idarəetmə proqramlarına alternativ olaraq hazırlanmış KOVAN Yeni Nəsil İş İdarəetmə Sistemi ilk ixrac uğuruna imza atıb.

Ordu.az xəbər verir ki, HAVELSAN tərəfindən Türkiyənin kritik qurumlarındakı korporativ informasiya sistemləri ehtiyaclarının qarşılanması məqsədilə hazırlanmış KOVAN məhsul ailəsində daha bir mühüm mərhələ geridə qalıb.

Türkiyə Prezident Administrasiyası Müdafiə Sənayesi Komitəsi, BOTAŞ, Yüksək Seçki Şurası, HAVELSAN və “Teknopark İstanbul”dan sonra məhsulun hərbi qabığı olan Personal İdarəetmə Məlumat Sistemi Azərbaycan Müdafiə Nazirliyində istifadəyə verilib.

Milli proqram təminatı infrastrukturu və strateji rol

HAVELSAN-ın korporativ resurs planlaşdırılması sahəsində 25 ildən artıq təcrübəsinin nəticəsi olan KOVAN açıq mənbə texnologiyaları ilə gücləndirilmiş orijinal infrastrukturu və geniş məhsul portfeli ilə Milli Texnologiya Hərəkatının proqram təminatı sahəsində ən mühüm hissələrindən birini təşkil edir.

Türkiyədə rəqəmsal transformasiya səyləri çərçivəsində xarici mənşəli korporativ resurs idarəetmə (ERP) proqramlarından asılılığı azaltmaq məqsədilə istehsal edilən KOVAN məlumat təhlükəsizliyinin kritik olduğu müdafiə və dövlət sektorları üçün strateji üstünlük təmin edir.

ERP alternativi və yerli həll

Milli korporativ resurs idarəetmə sistemi KOVAN əsasən xaricdən tədarük edilən korporativ resurs idarəetmə proqramlarına alternativ olaraq mövqeləndirilib.

KOVAN orijinal platforma quruluşu sayəsində xarici lisenziya asılılığını aradan qaldırır, dövlət qurumlarının, hərbi təşkilatların və özəl sektorun iş proseslərinin vahid sistem altında həyata keçirilməsini təmin edir. Beynəlxalq standartlar və müasir texnologiyalar nəzərə alınaraq hazırlanan KOVAN ilə kritik məlumatların yerli sistemlər üzərində saxlanılması təmin olunur.

Funksiyalar və texniki imkanlar

Bir qurumun ehtiyac duya biləcəyi bütün iş proseslərini əhatə edən modullara malik olan KOVAN insan resurslarının idarə olunması, maliyyə və mühasibat, logistika və təchizat, aktivlərin idarə olunması kimi bir sıra iş və əməliyyatların təhlükəsiz şəkildə aparılmasına imkan yaradır.

Böyük məlumat analitikasına uyğun arxitektura təqdim edən KOVAN həm qurumun öz serverlərində, həm də bulud mühitində işləyə bilir və müasir interfeyslərlə istifadə rahatlığı yaradır.

Müdafiə sənayesi standartlarında hazırlandığı üçün yüksək kiber təhlükəsizlik protokollarına malik olan KOVAN məlumatları təhlükəsiz saxlayır.

Prezident Ərdoğanın vurğusu

Prezident Rəcəb Tayyib Ərdoğan fevral ayında “HAVELSAN Teknoloji Kampüsü”ndə keçirilən HAVELSAN “Sancar” insansız dəniz platformasının xidmətə qəbul edilməsi, obyektlərin təməlqoyma və açılış mərasimində çıxışı zamanı milli proqram təminatının əhəmiyyətinə diqqət çəkmişdi. Ərdoğan Türkiyənin ən kritik məlumatlarını HAVELSAN kimi milli və etibarlı qurumların proqramları ilə kodlaşdırdıqlarını vurğulayaraq demişdi: “Qurumlarımızın infrastrukturunu HAVELSAN-ın milli mühəndislik məhsulu olan KOVAN Yeni Nəsil İş İdarəetmə Sistemi ilə qoruyur və gücləndiririk”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   KOVAN  


Bizi "telegram"da izləyin