Paşinyan: “İran ərazisi vasitəsilə logistik zəncirlərimizi genişləndirmək istəyirik”

2026/04/1776257913.jpg
Oxunub: 522     13:19     18 Aprel 2026    
“Biz əvvəlki dövrdə baş vermiş hadisələrlə bağlı narahatlığımızı və üzüntümüzü ifadə etmişik, eyni zamanda iki dost ölkəmiz olan İran və ABŞ-nin arasında aparılan danışıqların irəliləyiş dinamikası göstərdiyini məmnunluqla qeyd edirik”.

Ordu.az xəbər verir ki, bunu bu gün jurnalistlərlə brifinqdə Ermənistan Baş naziri Nikol Paşinyan İran ətrafında yaranmış vəziyyətə, xüsusilə Hörmüz boğazı ətrafında gedən proseslərin mümkün iqtisadi və logistik böhran ssenarilərinə münasibət bildirərkən deyib.

“İranla əməkdaşlıq barədə baxışımız stratejidir və biz əksinə, İran ərazisi vasitəsilə logistik zəncirlərimizi, imkanlarımızı genişləndirmək istəyirik. Bu baxımdan TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsinin həyata keçirilməsi də çox vacibdir. Çünki bunun nəticəsində İranla dəmir yolu əlaqəsi əldə edəcəyik, bu halda Ermənistana məhsul idxalı və Ermənistandam məhsul ixracı asanlaşacaq”, - deyə o bildirib.

Paşinyan xatırladıb ki, əvvəlki dövrdə artıq Mərkəzi Asiya vasitəsilə Çinlə yeni bağlantı xətti, Çin-Qazaxıstan-Rusiya-Azərbaycan-Gürcüstan-Ermənistan marşrutu ilə dəmir yolu əlaqəsi yaranmışdı.

O, həmçinin vurğulayıb ki, Ermənistan hökuməti bu məsələlərlə ötən ildən, regionda gərginlik müşahidə edilən vaxtdan məşğuldur.

Paşinyan əminliyini ifadə edib ki, məhsul qıtlığı olmayacaq, amma qiymət artımı başqa məsələdir.

“Əgər mənşə nöqtəsində həmin məhsulun qiyməti artırsa, buna təsir imkanlarımız məhduddur. Təchizat baxımından, bəli, alternativlər var, amma əminəm ki, yaxın vaxtlarda vəziyyətin nizamlanması çərçivəsində TRIPP layihəsi tezliklə həyata keçiriləcək. Bunun nəticəsində İran-Ermənistan və Fars körfəzi-Qara dəniz dəmir yolu əlaqəsi formalaşacaq ki, bu da hamı üçün sərfəli olacaq”, - deyə Paşinyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin