Paşinyan: “Onlar açıq şəkildə Qarabağı müharibə ilə almaqdan danışırlar”

2026/04/1775731371.jpg
Oxunub: 858     13:00     18 Aprel 2026    
“Sizin sitat gətirdiyiniz mənim sözümdür, amma fikir tamdır, yəni mən əvvəlcə demişəm ki, keçmişlərin üçbaşlı partiyası gəlib insanlara “kütlə”, “it və çaqqal”, “qaraçı” deyir, sonra da bildirir ki, seçkilərdə qalib gələcəyik və ya uğur qazanacağıq”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bu gün hökumət iclasından sonra jurnalistlərlə brifinqdə ötəngünkü çıxışında sakinləri “it və çaqqal” adlandırması ilə bağlı suala cavab verərkən deyib.

Paşinyan bildirib ki, müxalif qüvvələr bununla Ermənistan vətəndaşlarına meydan oxuyurlar, öz potensial seçicilərini belə damğalayırlar.

“Mən Ermənistanın bütün vətəndaşlarını siyasi mövqeləri ilə göstərməyə çağırıram ki, əslində kim “it və çaqqal” və “qaraçı”dır, müharibənin üçbaşlı partiyasının rəhbərliyini nəzərdə tuturam.

Bəli, əgər mən Ermənistanda belə siyasi seçim etməyə hazır vətəndaşların olduğuna inansam, bu mənim tərəfimdən çox hörmətsizlik olar. Mən buna inana bilmərəm.

Müxalifət yalnız o üç qüvvə deyil, başqa müxalifətlər də var ki, nə “kütlə” deyir, nə də “it və çaqqal” deyir. Ümumiyyətlə, mənim üçün Ermənistan vətəndaşları 2018-ci ildən ifadə azadlığı hüququna malikdirlər və əsla ağlımdan belə bir şey keçə bilməz, çünki bu, mənim siyasi kimliyimə və siyasi mənşəyimə zidd olardı. Mənim siyasi hissiyatım deyir ki, həmin üç qüvvədən heç biri parlamentə keçid baryerini aşa bilməyəcək”.

Paşinyan başqa bir məsələyə də toxunaraq bildirib: “Mən onların düşüncə tərzini təhlil edəndə və deyəndə ki, bu qüvvələrin uğuru müharibə deməkdir, onlar çox fəal şəkildə etiraz etməyə başladılar. İndi həmin adamlar açıq şəkildə Qarabağı müharibə ilə almaqdan danışırlar. Siz başa düşürsünüzmü bunun Ermənistan üçün nə qədər fəlakət potensialı var? Artıq bunu açıq mətnlə deyirlər.

Həmin adamları dinləyəndə başa düşürəm ki, biz pensiyanı artırmamışıq, səhiyyə sığortası yoxdur, məktəblər tikilmir, uşaq bağçaları tikilmir. Biz heç nə etməmişik, amma insanlar görür axı. Necə ola bilər ki, insan həyasızlığın, yalanın, müharibənin və öz ünvanına təhqirin lehinə səs versin?

Bağışlayın, əgər kimsə sizə belə münasibət göstərsə, gedib onun xeyrinə səs verərsinizmi? Sizdə bu azadlıq var, edə bilərsiniz, amma mən buna inana bilmərəm, çünki buna inanmaqla mən haradasa həmin hörmətsizliyə qoşulmuş olaram. Mən buna inana bilmərəm”, - deyə o bildirib.

Xatırladaq ki, Paşinyan demişdi: “Mən inana bilmərəm, üzr istəyirəm, min dəfə üzr istəyirəm, əgər indi desəm ki, bilirsiniz nə var, ola bilər “Güclü Ermənistan”, “Hayastan” bloku, güclü “Respublikaçılar” partiyası və “Çiçəklənən Ermənistan” parlamentə keçsin, bu o deməkdir ki, Ermənistanda onların xeyrinə səs verəcək o qədər it və çaqqal var”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin