Ordu.az xəbər verir ki, bu barədə “The Information” nəşri məlumat yayıb.
“The Information” nəşrinin mövzu barədə məlumatlı iki mənbəyə əsaslanan xəbərinə görə, “Google” ilə Pentaqon “Google”un qabaqcıl süni zəka modeli “Gemini”ın məxfi mühitlərdə istifadəsini mümkün edəcək əməkdaşlıq üzərində danışıqlar aparır.
“Google Gemini” hərbi sahəyə daxil olur
Əgər razılaşma həyata keçərsə, Gemini modelləri Pentaqon daxilində “bütün qanuni istifadə sahələrində” tətbiq oluna biləcək.
Bu addım ABŞ-nin süni zəkanı hərbi və inzibati proseslərə daha dərin şəkildə inteqrasiya etmə strategiyasının mühüm addımı kimi qiymətləndirilir.
Pentaqon tərəfindən verilən açıqlamada xüsusi olaraq “Google” ilə danışıqlar təsdiqlənməsə də, “bütün təhlükəsizlik səviyyələrində süni zəka imkanlarının güclü sektor əməkdaşlıqları ilə inkişaf etdirilməyə davam ediləcəyi” vurğulanıb.
“Google”dan təhlükəsizlik və etik şərtlər
Xəbərə görə, “Google” mümkün razılaşmada bəzi kritik məhdudiyyətlər tətbiq etmək istəyir.
Şirkətin təklif etdiyi maddələr arasında süni zəkanın kütləvi daxili nəzarət məqsədilə istifadə olunmaması və avtonom silah sistemlərində insan nəzarəti olmadan tətbiq edilməməsi kimi etik və təhlükəsizlik yönümlü müddəalar yer alır.
Mütəxəssislər “Google”un bu təşəbbüsünü “Anthropic” ilə Pentaqon arasındakı münasibətlərin etik məhdudiyyətlər səbəbilə pozulmasından sonra yaranan boşluğu doldurma cəhdi kimi qiymətləndirirlər.
Pentaqonun “Anthropic”i “təchizat zənciri riski” kimi xarakterizə edərək yollarını ayırması “Google”, “OpenAI” və “xAI” kimi nəhənglər üçün fürsət yaradıb.
Ötən ay Pentaqon ilə “OpenAI”ın razılaşdığı barədə xəbərlər yayılmış və bu razılaşma böyük reaksiyaya səbəb olmuşdu.
Pentaqon rəsmiləri “OpenAI” ilə də danışıqların davam etdiyini, lakin hələ yekun razılaşmanın olmadığını bildirirlər.
ABŞ rəhbərliyi süni zəkanı dövlət və müdafiə sahəsində daha aqressiv şəkildə istifadə etməyi hədəfləyir.
Bu çərçivədə prosesləri sürətləndirmək və xərcləri azaltmaq üçün böyük texnologiya şirkətləri ilə əməkdaşlıqlar ön planda saxlanılır.
“Google” ilə Pentaqon arasında mümkün “Gemini AI” razılaşması həm texnoloji, həm də etik ölçüləri ilə qlobal miqyasda əks-səda doğura biləcək inkişaf kimi qiymətləndirilir.
Xüsusilə süni zəkanın hərbi istifadəsinə dair sərhədlərin necə müəyyən ediləcəyi qarşıdakı dövrdə ən kritik müzakirə mövzularından biri olacaq.
Sevinc Əliyeva
Ordu.az