Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Polis vəhşiliyi və hakimiyyətin qorxuları: avropalı rəsmilər nə qeydə alacaqlar?” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, Paşinyan çox yaxşı anlayır ki, üç əsas müxalif qüvvə, yəni Samvel Karapetyanın “Güclü Ermənistan” bloku, Robert Köçəryanın “Hayastan” bloku və Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası böyük üstünlüklə qalib gəlir.
“Bu səbəbdən əsəbi qışqırıqlardan əlavə, o, yenidən erməni xalqına qarşı hüquq-mühafizə repressiya sistemini fəallaşdırıb. Bu günlərdə baş verənlər bunun sübutlarından biridir. Bir tərəfdən açıq şəkildə montaj olunmuş səs yazıları yayımlanır, onların əldə edilməsinin qanuniliyi ciddi şübhə doğurur, saxta cinayət işləri açılır, digər tərəfdən dinc aksiya keçirən ermənilər terrora məruz qalırlar.
Xüsusilə, bütün paytaxt tıxac içində olduğu, onları tənzimləmək üçün patrul olmadığı, qəzaların və yol hərəkəti qaydalarının pozulmasının dayanmadan artdığı, yolların təhlükə meydanına çevrildiyi, cinayətlərin çoxaldığı bir vaxtda Nikol Paşinyan yüzlərlə polisi Tbilisi şosesinə, Antikorrupsiya Məhkəməsinin ətrafına toplamışdı”, - deyə məqalədə bildirilib.
Müəllif yazıb ki, jurnalistlər təkcə təxminən 40 “Qazel” markalı avtomobil saymışdılar.
“Xatırladaq ki, burada Samvel Karapetyanın işi üzrə məhkəmə iclası gedirdi və onun minlərlə tərəfdarı məhkəmənin həyətində idi. Onların sayı çox olduğuna görə xeyli insan Tbilisi şosesində də toplaşmışdı. Polislərin etdikləri isə elementar insan məntiqindən kənardır, qanunilikdən isə danışmağa dəyməz.
Onlar dinc aksiya iştirakçılarını sürüyür, vəhşicəsinə döyür, nəticədə xəsarət alanlar olurdu, insanları zorla saxlayırdılar. Bütün bunlar heç kimin müqavimət göstərmədiyi və əks hərəkət etmədiyi halda baş verirdi. Budur Nikol Paşinyanın “demokratiyası”. Bütün bunların səbəbi nə qədər aydın olsa da (yəni Nikol Paşinyanın hakimiyyəti itirmək qorxusu), yenə də bu davranışa heç bir bəraət qazandırmaq olmaz”, - deyə məqalədə bildirilib.
Müəllif sual ünvanlayıb ki, maraqlıdır, iki həftədən sonra İrəvanda toplaşacaq avropalı məmurlar belə “demokratiya”ya necə reaksiya verəcəklər?
“Ermənistanda hüquq-mühafizə sisteminin müxalifətə qarşı siyasi alətə çevrilməsinə, bir çox ekspertlərin, o cümlədən beynəlxalq mütəxəssislərin fikrincə, repressiyaların gündən-günə güclənməsinə, dövlət resurslarının seçkilərə təsir göstərmək üçün istifadə olunmasına necə baxacaqlar?
Yenə də bütün bunları görməzdən gəlib, yalnız öz geosiyasi maraqlarını prioritet sayaraq alqışlayacaqlarmı?”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az