ABŞ qazandı, Avropa itirdi: Körfəz böhranının qalibləri və uduzanları

2026/04/1776498529.jpg
Oxunub: 745     11:47     18 Aprel 2026    
“İranın nüvə silahı yoxdur və onlar bununla razılaşıblar. Onlar dərin yeraltında olan nüvə “tozunu” bizə qaytarmağa razılaşıblar. Bizim İranla çoxlu razılaşmalarımız var və mən hesab edirəm ki, çox müsbət bir hadisə baş verəcək”.

“Washington Post”un məlumatına görə, bunu İsrail-Livan atəşkəsinin qüvvəyə minməsi münasibətilə jurnalistlərə ABŞ prezidenti Donald Tramp deyib. Daha əvvəl ehtimal etmişdik ki, Livanın cənubunda atəşkəsin əldə olunması İran-ABŞ danışıqları ilə bağlıdır.

Tehran israr edib ki, ABŞ və İsraillə müharibənin dayandırılması İsrail-“Hizbullah” cəbhəsini də əhatə etməlidir. Bundan əvvəl Ağ Ev bəyan etmişdi ki, İranla əldə olunan razılaşma Livan cəbhəsinə şamil edilmir. Vitse-prezident Cey Di Vens İslamabaddakı danışıqlardan sonra bunu şəxsən bəyan etmişdi.

İsrailin “Yediot Ahronot” nəşrinin məlumatına görə, həmin prinsipial məsələdə “Uitkof-Kuşner komandası qalib gəlib və prezident Tramp baş nazir Benyamin Netanyahunu “Hizbullah”a qarşı əməliyyatları dayandırmağa məcbur edib”.

İsrailli ekspert İtamar Ayhnerin qiymətləndirməsinə görə, “Netanyahu həmin şahmat oyununda kraliçanı qorumaq üçün piyadanı qurban verib”. Söhbət İranın nüvə proqramının ləğvinə nail olmaq müqabilində “Hizbullah”a qarşı hücumların dayandırılmasından gedir.

İsrailin rusdilli “Vesty” nəşrinin məlumatlı mənbələri bildiriblər ki, hökumət üzvlərinə Livanda atəşkəsin vacibliyini təqdim edən baş nazir Netanyahu bunu belə əsaslandırıb: “Əsas məsələ İran atomudur. Əgər Tramp bunu həll edə bilirsə, onda “Hizbullah”ın tərksilahı və dağıdılması üçün birbaşa yol açılır”.

ABŞ prezidentinin İranın zənginləşdirilmiş uran ehtiyatlarını ABŞ-yə təhvil verməyə “hazır olması” barədə bəyanatı doğrudan da sensasiondur. Əgər İran-ABŞ danışıqları zamanı bu məlumat ən azı diplomatik “işarə” formasında təsdiqlənsə, onda etiraf etmək lazım gələcək ki, postmünaqişə dövrünün İranı “Amerika düşərgəsinə keçəcək”.

Amma bu, reallığa çevrilməsi üçün həddindən artıq nikbin ssenaridir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Avropa   Körfəz  


Bizi "telegram"da izləyin