Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Pats” nəşri yazıb.
Erməni siyasi şərhçi Qaqik Hambaryan nəşrə açıqlamasında deyib ki, əgər hakimiyyət qələbəsinə əmin olsaydı, belə xırda qisasçılığı nümayiş etdirməzdi.
“Çox yaxşı bilirlər ki, sadə çoxluq qazanmaq üçün heç bir şansları yoxdur, üstəlik peyk partiyalarının parlamentə düşməsi ilə bağlı da problemləri var. Əgər əmin olsaydılar ki, məsələn, 30-35 faizlə parlamentə daxil ola bilərlər, üstəlik onlara bağlı daha bir siyasi qüvvə də parlamentə keçər və Dont düsturu sayəsində çoxluq əldə edilərdi, Nikol Paşinyan bu qədər isterik və əsəbi olmazdı.
Onun bütün davranışı göstərir ki, keçəcəyinə qətiyyən əmin deyil. Bu, müxalifətçilərə qarşı əsəbi və aqressiv davranışı ilə sübut olunur. İkinci məsələ odur ki, sən davamlı olaraq öz qələbəndən danışanda, həm rəqiblərinə psixoloji təzyiq göstərməyə çalışanda, həm də cəmiyyəti qalib gələcəyinə inandıranda göstərirsən ki, problemin var. Qələbəyə gedən siyasi qüvvə kampaniyanı Nikol və onun komandasının etdiyindən daha sakit aparardı.
Komanda üzvləri ümumiyyətlə həddi aşırlar, video müraciətlərində və paylaşımlarında bir çox müxalifətçilərə qarşı şəxsi təhqirlər də səsləndirə bilirlər. Bu isə “qırmızı xətlər”in keçildiyini göstərir. Nikol Paşinyan və onun komanda üzvləri hakimiyyəti saxlamaq üçün yox, öz həyatlarını xilas etmək və qorumaq üçün mübarizə aparırlar. O, 2020-ci ildən etibarən erməni xalqına qarşı o qədər cinayətlər törədib, komanda üzvləri də həmin cinayətlərdə o qədər iştirak ediblər ki, çox yaxşı anlayırlar: məğlub olsalar, Ermənistanda yaşamağa yerləri olmayacaq”, - deyə Hambaryan bildirib.
O, sabiq erməni prezidentlərin nümunəsini göstərir.
“Üç prezidentimiz olub, yaxşı və ya pis, amma onların heç biri “qırmızı xətt”i keçməyib, heç biri anti-dövlət fəaliyyəti ilə məşğul olmayıb və məhz buna görə istefalarından sonra Ermənistanda rahat yaşaya biliblər.
Paşinyan isə bunu edə bilməz, bunu yaxşı bilir. Müxtəlif informasiya və psixoloji texnologiyalardan istifadə edərək siyasətdən, tarixdən xəbəri olmayan və ya az məlumatlı kütləni inandıra bilər ki, Qarabağı “keçmişlər” verib. Amma sabah və ya birisi gün hər şey üzə çıxacaq. Hələ xalqımızın çox sevdiyi “talama” mövzusunu demirəm. Paşinyan tərəfdarları deyirlər ki, 2018-ci ildə Nikol Paşinyan hakimiyyətə gələndə Ermənistanın dövlət büdcəsi 2 milyard 900 milyon dollar idi, onun dövründə 8 milyard dollardan çox olub”, - deyə o qeyd edib.
Hambaryanın sözlərinə görə, bu, açıq manipulyasiyadır.
“Çünki 2018-ci ildə Paşinyan hakimiyyətə gələndə Ermənistanın dövlət borcu 6 milyard 700 milyon dollar idi. İndi dövlət borcumuz qeyri-rəsmi məlumatlara görə artıq 15 milyard dolları keçib. Büdcənin artması nəyin hesabına olub? Borcun? Nəhəng dövlət borcumuz var, iqtisadi inkişaf yolu ilə onu qaytarmaq şansımız yoxdur, amma sevinərək yaşayırıq. Paşinyan cəmiyyətin bir hissəsini aldatmağa nail olur.
Yalanlar, saxtakarlıqlar, manipulyasiyalar, Ermənistana və erməni xalqına qarşı törədilmiş çoxsaylı cinayətlər, 2018-ci ildə hakimiyyət zəbtindən, radionun qapısını sındırmasından tutmuş, kilsəyə qarşı kampaniyaya qədər konstitusiya quruluşunun bir neçə dəfə dağıdılması… Bu, Konstitusiyanın 17-ci maddəsinin kobud pozulmasıdır, Qarabağ məsələsini isə demirəm.
O bilir ki, bunların hamısına görə cavab verməlidir. Məhz buna görə o, təkcə hakimiyyəti saxlamaq üçün yox, təhlükəsiz həyatını təmin etmək üçün mübarizə aparır”, - deyə erməni siyasi şərhçi qeyd edib.
O vurğulayıb ki, Paşinyan indi cəmiyyətə guya gətirdiyi sülhü “satır”.
“Əslində o, heç bir sülh gətirməyib. De-yure sülh müqaviləsi imzalanmayıb. Beynəlxalq münasibətlərdə müqaviləni paraflamaq termini yoxdur. Müqavilənin paraflanması sadəcə erməni xalqının bir hissəsini aldatmaq və manipulyasiya etmək üsuludur. O, açıq şantajla bu sülhü cəmiyyətə “satır” və öz cəmiyyətini qorxutmağa çalışır ki, əgər seçilməsəm, deməli müharibə olacaq.
Tutaq ki, Paşinyan hakimiyyəti yenidən formalaşdı. Onun növbəti addımı belə olacaq: ya Konstitusiyanı dəyişəcəyik, ya da müharibə olacaq. Ən böyük müharibəni gətirən elə Paşinyanın özüdür. 2020-ci il müharibəsinin müəllifi odur, həmin müharibəni başladan odur, 2019-cu ilin avqustunda qəsdən bəyan etdi ki, “Qarabağ Ermənistandır, vəssalam”. Bununla da Qarabağ məsələsi üzrə gedən danışıqlar prosesini dağıtdı.
Konstitusiyanı şantajla keçirdikdən sonra deyəcək ki, ya 300 mindən 400 minədək azərbaycanlı Ermənistana qayıdacaq, ya da müharibə olacaq. Sonra deyəcək ki, ya İrəvanın mərkəzində məscid tikiləcək, ya da müharibə olacaq. O, 2020-ci ildə Qarabağın 75 faizinin verilməsini həzm etdirdi, 2023-cü ildə isə Qarabağın təhvil verilməsi prosesini tam başa çatdırdı. Cəmiyyətimiz anlamalıdır ki, sülhün qiyməti mənim sadaladığım tələblərin yerinə yetirilməsi olacaq. Gələcəkdə Azərbaycan deyəcək ki, ya Kərki və Tavus istiqamətindəki anklavları verəcəksən, ya da müharibə olacaq”, - deyə Hambaryan vurğulayıb.
Söhbətin sonunda o, “Tramp yolu” (Zəngəözur dəhlizi-red.) ətrafında baş verən proseslərə də toxunub.
“İran ətrafında baş verən hadisələrin sonunu gözləməliyik. Çünki əgər bu müharibədə İran məğlub olsa, regionda dəhşətli dəyişikliklər olacaq və bu da Ermənistanın, erməni xalqının ziyanına olacaq.
Amma İran bu templə öz hüquqlarını qorumağa davam etsə və çox yumşaq güzəştlərlə Amerika Birləşmiş Ştatları ilə danışıqların başa çatmasına nail olsa, bunun ehtimalı İranın tam məğlubiyyətindən daha yüksəkdir, onda TRIPP layihəsinin üzərinə böyük bir nöqtə qoymaq olar.
İran, regionda son hadisələri də nəzərə alaraq, şimal-qərb sərhəd zonasındakı Amerika maraqlarına xidmət edənlərin açıq fəaliyyətinə heç vaxt imkan verməyəcək. TRIPP iqtisadi baxımdan böyük əhəmiyyət daşımayan layihədir, onun nəhəng geosiyasi əhəmiyyəti var. O, iqtisadi layihəyə yalnız ABŞ və regiondakı tərəfdaşları Mərkəzi Asiyanın, xüsusilə zəngin yeraltı sərvətlərə malik respublikalarının ticarət marşrutunu Rusiya və Çindən ayırıb logistika baxımından TRIPP marşrutuna yönləndirə bilsələr çevriləcək. Əsas məqsəd budur”, - deyə o qeyd edib.
Hambaryan bildirib ki, Ermənistanın həmin yola nəzarət etməyəcəyi heç bir şübhə doğurmur.
“Çünki layihənin faiz nisbətində sadə çoxluğu, 76 faizi amerikalılara bağışlamışıqsa, bu sübut edir ki, orada sadəcə qonaq statusundayıq. Paşinyanın sənəddə guya suverenliyimizlə bağlı filan maddənin olduğu barədə bütün bəyanatları insanların gözünə kül üfürməkdir. Təəssüflə qeyd etməliyik ki, cəmiyyətimizin müəyyən hissəsi sosial demoqogiya, yəni pul qarşılığında bu proqramın həyata keçirilməsinə gedir və bir çox hallarda bunun bizim məhvimizə gətirib çıxaracağını anlamır”, - deyə Hambaryan sözlərini yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az