Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Həm xalqı, həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, daim erməni-rus münasibətlərini gərginliyə aparan Paşinyan indi açıq şəkildə özünü demək olar ki, rusiyapərəst kimi göstərməyə çalışır, hətta rus təbliğatının terminologiyasını da götürüb, “inoagentlərdən” danışır və buna bənzər şeylər edir.
“Aydındır ki, Paşinyan blef edir və “va-bank” gedir, çalışır göstərsin ki, Rusiya prezidenti Vladimir Putin ilə son görüşü xarici siyasətdə uğursuzluq deyildi, özü də gurultulu uğursuzluq yox, əksinə, “hər şey əladır...”.
Bəs Paşinyan niyə bu manipulyasiyaya əl atır? Sadə cavab da aydındır. Paşinyan ictimai əhval-ruhiyyəni çox yaxşı bilir. İctimai əhval-ruhiyyə isə belədir ki, cəmiyyətin böyük əksəriyyəti:
a) Rusiya ilə ticarət-iqtisadi münasibətlərin saxlanılmasının və inkişaf etdirilməsinin tərəfdarıdır,
b) Rusiya ilə münasibətlərin qırılmasına qarşıdır,
c) anlayır ki, bunun hər bir insanın həyat keyfiyyəti və yaşayış səviyyəsi üçün pis nəticələri olacaq,
d) Putinlə Paşinyanın son görüşünü görüb və anlayıb ki, vəziyyət olduqca ciddidir və müsbət deyil.
Məhz buna görə Paşinyan daxili auditoriyada, xüsusilə də artıq tərəddüd edən tərəfdarları üzərində təəssürat yaratmağa çalışır ki, guya hamı “yanlış” video izləyib, əslində isə o, Putinlə münasibətləri çox yaxşı qaydaya salıb. Amma bu, sırf seçkiqabağı, təbliğat xarakterli “şardır”, - deyə nəşr bildirib.
Müəllif yazıb ki, Paşinyanın dediyi “uğurlu görüş”dən bir gün sonra Rusiyanın rəsmi informasiya vasitəsi Rusiya baş nazirinin müavini Aleksey Overçuk ilə müsahibə dərc edir.
“Bu müsahibə kifayət qədər sərt, lakin təmkinli qiymətləndirmələrlə doludur və Rusiya ilə münasibətləri qırmaq istəyən Paşinyan hökumətinin Ermənistana hansı ağır iqtisadi nəticələr gətirə biləcəyindən bəhs edir.
Əminik ki, Ermənistanda çoxlarını maraqlandırır və narahat edir ki, Rusiya ilə münasibətlərin qırılması, Avrasiya İqtisadi Birliyindən çıxmaq (biri o birinə bərabərdir), yəni Nikol Paşinyan və “Vətəndaş Müqaviləsi”nin apardığı avantürist xarici siyasət nəticəsində hansı ağır nəticələr yarana bilər.
Bu məsələ yeni deyil. Çoxsaylı ekspert qiymətləndirmələri var ki, Rusiya ilə münasibətlərin qırılması və Avrasiya İqtisadi Birliyindən çıxmaq nəticəsində Ermənistanın ÜDM-i 25-40 faiz azala bilər. Orta rəqəmi götürək: 30 faiz.
Sadə dillə desək, Rusiya ilə münasibətlərin qırılması Ermənistanda bütün sakinlərin gəlirlərinin, yaşayış vasitələrinin ən azı 30 faiz azalmasına gətirib çıxaracaq”, - deyə məqalədə bildirilib.
Nəşr yazıb ki, Paşinyanın məmurları və onlara yaxın oliqarxlar bunu bəlkə də hiss etməyəcəklər, lakin istənilən normal vətəndaş nəticələri dərhal öz dərisində hiss edəcək.
“Çünki büdcə vəsaitləri və ayrılan paylar da azalacaq. Daha sadə deyək. Paşinyanın o qədər “yüksək səviyyəli” kimi təqdim etdiyi görüş zamanı Rusiya prezidenti Putin birbaşa dedi (yəni xəbərdarlıq etdi) ki, əgər 2024-cü ildə erməni-rus ticarət dövriyyəsi 11 milyard dollar olubsa, 2025-ci ildə bu rəqəm 6,4 milyarda düşüb.
Lakin əsas məsələ budur ki, həmin 6,5 milyardın içində 1,2 milyard dollar Ermənistanın Rusiya bazarına ixrac etdiyi kənd təsərrüfatı məhsulları, şərablar və güllərin payıdır.
Yəni əgər Rusiya ilə münasibətlər qırılırsa (Paşinyan parlament tribunasından nə deməsindən asılı olmayaraq məhz bu xətt üzrə gedir), onda Ermənistanın kənd təsərrüfatı istehsalçıları Rusiya və Avrasiya İqtisadi Birliyi bazarından, həmin 1,2 milyard dollarlıq məhsulu satmaq imkanından və bundan əldə olunan gəlirlərdən məhrum olacaqlar”, - deyə müəllif qeyd edib.
Məqalədə vurğulanıb ki, bu isə iflas etmiş kənd təsərrüfatı təsərrüfatları deməkdir, Ermənistan kənd təsərrüfatı və ya bu 8 ildə ondan qalan qalıqlar üçün fəlakət deməkdir.
“Amma bu da hamısı deyil. Elə həmin Aleksey Overçuk TASS-a verdiyi yuxarıda qeyd olunan müsahibədə çox aydın deyir ki, əgər Ermənistan hökuməti hesab edirsə ki, Rusiya şirkətləri və iş adamları Ermənistanda fəaliyyət göstərə bilməzlər, onda niyə Ermənistan şirkətləri və iş adamları Rusiyada işləmək və pul qazanmaq imkanı əldə etməlidirlər?
Başa düşməyənlər üçün “tərcümə edək”: Rusiya Paşinyana çox açıq şəkildə dedi ki, əgər rusiyapərəst siyasətçilərin, o cümlədən rusiyalı iş adamlarının (ilk növbədə Samvel Karapetyan nəzərdə tutulur) təqibini davam etdirəcəksinizsə, onda cavab olaraq eyni addımları gözləyin. Unutmamışıq ki, Rusiyada nə qədər erməni yaşayır və işləyir.
Lakin onlarla erməni iş adamının və onlarla bağlı minlərlə, on minlərlə erməninin birbaşa zərər görəcəyi, Paşinyanın “siyasəti” nəticəsində zərər çəkəcəyi hələ “çiçəklərdir”. Daha minlərlə, on minlərlə erməni Rusiyaya “xopan” gedə bilməyəcək, gedənlər orada qala bilməyəcək, qalsalar belə Ermənistana pul göndərə bilməyəcəklər.
Hə, ən vacib məsələ haqqında… Rusiya ilə münasibətlərin qırılması Ermənistan üçün o demək olacaq ki, hazırkı 177 dollar əvəzinə Rusiya təbii qazını Ermənistan məcburən Avropa İttifaqı qiymətləri ilə, 1000 kubmetrini 600 və daha çox dollara almalı olacaq.
Bu isə elektrik enerjisinin, ümumilikdə kommunal xidmətlərin nəzərəçarpacaq bahalaşması, yük və sərnişin daşımalarının bahalaşması, Ermənistan məhsullarının enerji daşıyıcıları ilə bağlı demək olar bütün çeşidlərinin bahalaşması, qiymət rəqabət qabiliyyətinin itməsi və sair, hər birimizin cibini boşaldacaq nəhəng siyahı deməkdir”, - deyə nəşr bildirib.
Müəllif qeyd edib ki, qısaca, bu, sosial və iqtisadi iflic deməkdir.
“Bundan əlavə, yaxın günlərdə İrəvanda Avropa Siyasi Birliyinin sammiti gözlənilir (mayın 4-5-i). Güman olunur ki, bu, sadəcə Paşinyana seçkilərdən əvvəl “avro” dəstəyi göstərmək üçün təbliğat tədbiri olacaq.
Amma birincisi, məsələ ondadır ki, Avropa İttifaqının Rusiyaya qarşı olan nümayəndələri Moskvaya nə qədər zərər vurmaq istəsələr də, anlayırlar ki, Paşinyan 8 illik hakimiyyəti dövründə dağıdıla bilən hər şeyi dağıdıb, xalq isə onu rədd edir.
Avropa İttifaqında da yaxşı bilirlər ki, Paşinyan avtokrat və avantürist siyasətçidir, üstəlik ən aşağı reytinqə malikdir. Avropa İttifaqındakı bəzi şəxslər də düşünməlidirlər: hakimiyyəti açıq şəkildə itirən Paşinyandan yapışıb bütün erməni xalqı ilə düşmən olmaq, yoxsa Paşinyanı “qurban verib” erməni xalqı və Ermənistanın növbəti hakimiyyəti ilə əməkdaşlıq imkanını qorumaq? Gürcüstanda etdikləri səhvi təkrarlamasınlar.
Bəli, Paşinyan həm xalqı, həm Rusiyanı, həm də Qərbi çaşdırmağa və aldatmağa çalışır. Amma görünür, heç bir istiqamətdə nəticə alınmır: xalq bunu çoxdan anlayıb, Rusiyada da anlayıblar, görünür Qərbdə də anlamağa başlayıblar”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az