“Past”: Ermənistan mürəkkəb seçim qarşısındadır

2026/04/1775888747.jpg
Oxunub: 545     12:09     18 Aprel 2026    
“Avropa mayın əvvəlində İrəvanda keçiriləcək sammitdə iştirak edəcəkmi sualı gündəmdədir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Avropanın seçimi və İrəvan sammitinin siyasi qiyməti” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, Ermənistanda parlament seçkiləri ərəfəsində siyasi proseslərə ciddi təsir göstərə biləcək bir meyl daha aydın görünür.

“Söhbət xarici dayaqlara, xüsusilə Avropa istiqamətində gözləntilərin artmasından gedir. Bir sıra qiymətləndirmələrə görə, bu gözləntilər artıq ziddiyyətli nəticələr verib. Son illərin təcrübəsi göstərir ki, xarici aktorlara əsaslanan ümidlər çox vaxt özünü doğrultmur və daxili siyasi prosesləri daha həssas vəziyyətdə qoyur.

Hakimiyyətin reytinq dinamikasını əks etdirən son aylardakı sosioloji sorğular da xarici mərkəzlərin münasibətinə təsir göstərir. Siyasi təhlilçilərin qiymətləndirməsinə görə, Avropa liderləri belə göstəriciləri izləyərək mövqelərində daha ehtiyatlı davranmağa başlayıblar”, - deyə nəşr bildirib.

Müəllifin sözlərinə görə, üstəlik, beynəlxalq təcrübə, o cümlədən Macarıstanda baş verən siyasi proseslər yeni ehtiyatlılıq yaradıb ki, onların siyasi nüfuzuna mənfi təsir göstərə biləcək ssenarilərdən yayınsınlar.

“Daxili siyasi vəziyyət son günlərdə qeydə alınan həbslər fonunda əlavə gərginlik qazanır. Müxtəlif qiymətləndirmələrə görə, bu proseslər artıq demokratik meyarların sərhədlərini aşır və təkcə ölkə daxilində deyil, xarici tərəfdaşlar üçün də narahatlıq mövzusuna çevrilir.

Müxalif dairələrin nümayəndələrinə, o cümlədən “Güclü Ermənistan” partiyasının üzvlərinə qarşı tətbiq olunan sərt tədbirlər siyasi mübarizə aləti kimi qiymətləndirilir. Bu isə Ermənistanın beynəlxalq imicinə də təsir göstərə bilər.

Bu kontekstdə sərt bəyanatlar da səslənir. “Güclü Ermənistan” partiyasının baş nazirliyə namizədi Samvel Karapetyanın beynəlxalq müdafiəçisi Robert Amsterdam bildirib: “Beynəlxalq ictimaiyyət Paşinyan rejimini dəstəkləməyə davam etdiyi halda, biz hüququn aliliyinin açıq şəkildə tapdalanmasını, kilsəyə qarşı başladılmış kampaniyanı və “Güclü Ermənistan” partiyasının üzvlərinə qarşı siyasi təqibləri görürük”.

O həmçinin vurğulayıb ki, azad və ədalətli seçkilər üçün ən böyük təhlükə məhz ölkə daxilində, idarəetmə mexanizmlərinin tətbiqi ilə bağlı yarana bilər”, - deyə nəşr qeyd edib.

Müəllif yazıb ki, belə şəraitdə mayın əvvəlində İrəvanda planlaşdırılan sammit təkcə diplomatik deyil, həm də daxili siyasi əhəmiyyət qazanır.

“Avropa liderlərinin iştirakı və ya mümkün iştirak etməməsi həm mövcud hakimiyyətə, həm də erməni cəmiyyətinə ünvanlanmış siyasi mesaj kimi qəbul oluna bilər.

Eyni zamanda ekspert dairələrində belə fikir yayılıb ki, xarici siyasətdə balansın pozulması xüsusilə iqtisadi və sosial sahələrdə ciddi nəticələrə səbəb ola bilər.

Qarşıdan gələn sammit ətrafında yaranan qeyri-müəyyənlik göstərir ki, Ermənistan mürəkkəb seçim qarşısındadır. Xarici tərəfdaşlarla münasibətlərdə hər hansı gərginlik və ya səhv hesablamalar ölkə üçün ağır nəticələr doğura bilər.

Ekspertlərin qiymətləndirməsinə görə, belə vəziyyətlərdə ilk zərər çəkən cəmiyyət olur, iqtisadiyyatın bərpası isə uzunmüddətli və mürəkkəb prosesə çevrilə bilər”, - deyə məqalədə bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Avropa  


Bizi "telegram"da izləyin